1969-cu il 14 iyul - Azərbaycanın sosial-iqtisadi və siyasi inkişafının başlanğıc nöqtəsi ŞƏRH

1969-cu il 14 iyul - Azərbaycanın sosial-iqtisadi və siyasi inkişafının başlanğıc nöqtəsi ŞƏRH

1969-cu ilin 14 iyulu tarixə Azərbaycanın özünə qayıdışının, dirçəliş və inkişaf yolunun başlanğıcı kimi düşüb. Çünki məhz həmin tarixdən etibarən Azərbaycana rəhbərlik edən Ulu Öndər Heydər Əliyev qüdrətli dövlət xadimi, mahir siyasətçi kimi Azərbaycanı nəinki keçmiş SSRİ-də və dünyada tanıdıb, həm də milli varlığımızı qoruyub saxlayıb. O illərin rəşadəti və şöhrəti XX əsr tariximizə qızıl hərflərlə yazılıb. Buna görə də 14 iyul tarixi xalqımızın qəlbində həm də milliliyin, Azərbaycançılığın, tarix səhifəsində milli dövlətçiliyimizin əbədi mövcudiyyət günü kimi qəbul edilir. Müstəqilliyi əldə etmək üçün isə möhkəm təməl, iqtisadi inkişaf lazım idi. Buna görə də 1969-cu ildən başlayaraq Azərbaycan iqtisadiyyatının gücləndirilməsi Ulu Öndərimizin siyasi xəttinin əsasını təşkil edirdi. Həmin illərdə isə iqtisadi vəziyyət acınacaqlı idi. Belə ki, ötən əsrin 60-cı illərində ölkəmiz iqtisadi vəziyyətinə görə keçmiş SSRİ-də ən geridə qalmış respublikalardan biri idi. Sənaye və kənd təsərrüfatı sahələrinin günün tələblərinə cavab verməməsi əhalinin güzəranının getdikcə pisləşməsi ilə nəticələnmişdi. Baxmayaraq ki, ölkəmizin imkanları yetərincə idi, ancaq təbii sərvətlərimiz digər müttəfiq respublikaların inkişafına yönəldilir, Azərbaycan isə məhvə sürüklənirdi. Nəticədə, ötən əsrin 50-ci illərindən sonra SSRİ-də başlanan sənayeləşmə Azərbaycandan yan keçir, ölkədə işsizlərin sayı artır, gənc əhalinin bir qismi iş dalınca ittifaqın müxtəlif şəhərlərinə üz tuturdu.

Ulu Öndərimizin həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət nəticəsində 1969-cu ilə qədər SSRİ-nin aqrar əyaləti kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan diyara çevrilib. Müstəqilliyə qovuşmaq məqsədilə reallaşdırılan həmin tədbirlər nəticəsində 1969-1985-ci illərdə Azərbaycanda 213 yeni iri sənaye müəssisəsi istismara verilib, dünyanın 65 ölkəsinə 350 adda məhsul ixrac olunub. Həmin illər ərzində Azərbaycanın milli gəlirinin ümumi həcmi 2,5 dəfə artıb. Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin 170 aparıcı elm və təhsil ocağına 10 mindən çox azərbaycanlı oğlan və qız təhsil almağa göndərilib. Bu, Heydər Əliyev siyasi müdrikliyinin və uzaqgörənliyinin göstəricisi idi. Məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1969-1982-ci illərdə respublikada 250-dən çox zavod, fabrik və digər istehsal müəssisələri istifadəyə verilmişdir. 20 milyon kvadratmetr mənzil sahəsi, yüzlərlə məktəb, klub, xəstəxana, istirahət evləri tikilmişdir. Bakının ətrafında yeni mikrorayonlar, Badamdar, Əhmədli, Günəşli, Hövsan və sair kimi yeni yaşayış massivləri salınmışdır. 1983-cü ildə Bakı-Qroznı neft kəmərinin, 1985-ci ildə Dərin Dəniz Özülləri Zavodunun, Bakıda “Ulduz” Elektrik Cihazqayırma, Sumqayıtda Məişət Kompressorları zavodlarının, 1981-1984-cü illərdə Şəmkir Su Elektrik Stansiyasının və digər sənaye obyektlərinin tikilib istifadəyə verilməsi sürətlə inkişaf edən Azərbaycanda əhalinin rifahının yaxşılaşmasına ciddi təsir göstərmişdir. Sənayedə əmək məhsuldarlığı 2,1 dəfə artmış, 581 adda yenitipli maşın, avadanlıq və cihaz nümunələri yaradılmışdır. 1056 adda mühüm sənaye məhsulunun kütləvi istehsalına başlanılmış, 310 avtomatlaşdırılmış xətt, 1300 kompleks mexanikləşdirilmiş xətt və avtomatlaşdırılmış məntəqə, istehsal sahəsi istismara verilmişdir.

Bir sözlə, 1969-cu ilin 14 iyulu tarixə Azərbaycanın özünə qayıdışının, dirçəliş və inkişaf yolunun başlanğıcı kimi düşüb. Çünki məhz həmin tarixdən etibarən Azərbaycana rəhbərlik edən ulu öndər Heydər Əliyev qüdrətli dövlət xadimi, mahir siyasətçi kimi Azərbaycanı nəinki keçmiş SSRİ-də və dünyada tanıdıb, həm də milli varlığımızı qoruyub saxlayıb. O illərin rəşadəti və şöhrəti XX əsr tariximizə qızıl hərflərlə yazılıb. Buna görə də 14 iyul tarixi xalqımızın qəlbində həm də milliliyin, Azərbaycançılığın, tarix səhifəsində milli dövlətçiliyimizin əbədi mövcudiyyət günü kimi qəbul edilir.

Ulu Öndər Heydər Əliyev dərindən dərk edirdi ki, hər bir millətin siyasi azadlığını təmin etmək üçün ən vacib şərt onun iqtisadi azadlığıdır. Ümumiyyətlə, o illər ərzində Azərbaycanda 200-dən çox iri və orta sənaye müəssisəsi istifadəyə verildi ki, bu da əvvəlki illərdə yaradılmış istehsal sahələrinin sayından xeyli miqdarda fərqlənirdi. Kənd təsərrüfatı sahəsində həyata keçirilən tədbirlər yüksək nailiyyətlər əldə etməyə imkan verdi. Aqrar sahədə əldə edilən ardıcıl uğurlar Azərbacanı respublikalar içində ilk yerə çıxardı. Həmçinin, keçmiş SSRİ-nin ən nüfuzlu ali təhsil ocaqlarında təhsil almaq üçün hər il 800-dən çox Azərbaycan məktəblərini bitirmiş məzun həmin universitetlərdə ali təhsil almaq üçün göndərilirdi ki, onların əksəriyyəti azərbaycanlılar idi. Eyni zamanda, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin məzunları bu gün ordumuzun ən layiqli hərbi komandirləri kimi ordu sıralarında xidmət edirlər. Xalqın milli dirçəlişi və milli özünüdərki məsələsində Azərbaycan dilinə böyük əhəmiyyət verən Heydər Əliyevin qayğısı sayəsində uzun illərdən bəri ana dilimizə olan soyuq münasibətə son qoyulmuşdur. Məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsünün nəticəsi olaraq Azərbaycan Respublikasının 1978-ci ildə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edilmişdir.

Xilaskarlıq missiyası

Tale elə gətirdi ki, Ulu Öndər birinci dəfə SSRİ-nin müttəfiq respublikasına, ikinci dəfə isə müstəqil Azərbaycana rəhbərlik etdi. Dahi Lider Heydər Əliyev hər iki mərhələdə öz Vətənini hərtərəfli inkişaf yoluna çıxardı. Ən mühümü isə, 1993-cü ildə o, milli xilaskar kimi dövlətçiliyimizin taleyinin həll olunduğu çətin bir vaxtda tarixi qayıdışı ilə müstəqil Azərbaycan dövlətini məhv olmaqdan qurtardı. Ulu Öndər nəinki Azərbaycanın bütövlüyünü qoruyub saxladı, həm də ölkəni sabit inkişaf yoluna çıxardı. İnkişafımızın konsepsiyasını, strategiyasını işləyib hazırladı. Bu yolda ən uğurlu addımlardan biri "Əsrin müqaviləsi" oldu. 1994-cü ildə imzalanmış bu müqavilə görkəmli siyasətçi kimi Heydər Əliyevin uzaqgörən neft strategiyasının məhsulu idi. "Əsrin müqaviləsi"ndən sonra dünya ölkələrinin Azərbaycan iqtisadiyyatına marağı artdı. 1995-ci ildə müstəqil Azərbaycanın yeni Konstitusiyası qəbul edildi. Demokratik şəraitdə prezident, parlament, bələdiyyə seçkiləri keçirildi. Bazar iqtisadiyyatı mexanizmi ön plana çəkildi, mühüm dövlət proqramları qəbul edildi, bütün sahələrlə bağlı qanunvericilik bazası hazırlandı. Bu gün hər bir Azərbaycan vətəndaşı Ulu Öndər Heydər Əliyevi xatırlayır və iftixarla deyir ki, bəli, ümummilli liderimiz, müstəqil Azərbaycan dövlətinin xilaskarı və memarı qəlbimizdə daim yaşayır və əziz tutulur.Təqdirəlayiq haldır ki, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və ciddi elmi əsaslara söykənən sosial-iqtisadi strategiya Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Və bu gün siyasi, sosial-iqtisadi, mədəni və digər sahələrdə qazanılan bütün nailiyyətlərin qayəsi böyük siyasətçi və Dahi Şəxsiyyət Heydər Əliyevin 1969-cu il iyul ayının 14-də Azərbaycana rəhbər seçildiyi vaxtdan başlayıb. Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Ulu Öndər Heydər Əliyev ürəklərdə daim yaşayacaqdır.

MƏŞHUR MƏMMƏDOV,

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə