"Lavrovla Çavuşoğlunun görüşündən əsas gözləntilər..." - DEPUTAT MÖVQE BİLDİRDİ

"Lavrovla Çavuşoğlunun görüşündən əsas gözləntilər..." - DEPUTAT MÖVQE BİLDİRDİ

"Rusiya xarici işlər naziri Sergey Lavrovun türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdə hər iki tərəf üçün maraq kəsb edən hərbi, iqtisadi və siyasi məsələlər müzakirə olunmalıdır". Bu sözləri SİA-ya açıqlamasında deputat Arzu Nağıyev deyib.

Onun sözlərinə görə müzakirə olunmalı ən önəmli məsələlərdən biri Ukraynanın NATO-ya üzv olmaq istəyidir: "Çünki Ukraynanın xarici işlər naziri Kuleba və Çavuşoğlu görüşəndə Ukraynanın Dəniz Qüvvələrinin NATO standartına uyğunlaşması üçün Türkiyə öz köməyini təklif edib. Bu da müdafiə imkanlarının genişlənməsi deməkdir. Bundan başqa Suriya məsələsi, Cənubi Qafqaz, Yaxın Şərq, Şimali Afrika və Əfqanıstan da gündəmdə ola bilər".

Deputat həmçinin qeyd edib ki, ən mühüm məsələlərdən biri də Rusiya istehsalı olan koronovirus əleyhinə “Sputnik V” peyvəndinin Türkiyədə istehsal olunması məsələsidir: "Təbii ki, Qafqazda vəziyyətin müzakirə olunması, müxtəlif iqtisadi layihələrin həyata keçirilməsi üçün platformaların inkişafı perspektivləri, o cümlədən Qarabağ məsələsi də müzakirə ediləcəkdir. Düşünürəm ki, bura kommunikasiyaların - Zəngəzur dəhlizinin açılması və digər proseslərin də sürətlənməsi məsələsi gündəlikdədir. Birgə Monitorinq mərkəzinin fəaliyyəti də əsas mövzulardan biridir. Razıyam ki, Bayden-Putin, Bayden-Ərdoğan görüşündən sonra regiondakı yeni reallıqlardan dolayı gedən proseslər sürətlənib. Yəni region üçün iki ən ciddi dövlətin maraqları çərçivəsində müzakirələr aparılacağı gözləniləndir".

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə