“Boykot” sözü gündəlik həyatda xüsusi ilə də siyasətdə tez-tez qarşılaşdığımız ifadədir. SİA-nın verdiyi məlumata görə, gəlin onun mənşəyinə nəzər salaq:

Bu termin XIX əsrdə yaşamış ingilis Çarlz Boykottun (1832-1897) adı ilə bağlıdır. İngiltərə ordusunun istefada olan kapitanı Boykott, Britaniya müstəmləkəsi İrlandiyada mülkədar idi. Çox tələbkar və acgöz olan Boykott da bu cür təcrid edilir.

1880-ci ildə İrlandiyada torpaq islahatları aparan hərəkatın lideri Çarlz Parnell Boykottun idarəsi altında işləyən kəndliləri maaşlarını artırmağı tələb etməyə çağırır. Ancaq Boykott nəinki maaşları artırmır, hətta dilini dinc qoymayan kəndliləri işdən qovur. Konflikt də bundan sonra başlanır. Barışmaz irland siyasətçisi Parnellin çağırışları nəticəsində ingilis mülkədar bir də onda ayılır ki, heç kəs əlini ağdan-qaraya vurmaq istəmir. Məcbur olub, əkin-biçin sahələrini ailəsi ilə becərən Boykottun canı bununla qurtarmır. Dükan-bazarda ona mal satmırlar, poçtalyon onun ailəsinə məktub gətirmir, qonşular salamını almır.

Bir neçə il müqavimət göstərən, müflisləşib İrlandiyanı tərk edən Boykottun başına gələnə "boykot" adı verməksə yerli ruhaninin ağlına gəlir. Bu söz Avropada müxtəlif dillərə keçə-keçə o çağlaracan işlək olan yunan termini "ostrakizm"i əvəzləyir.

Ancaq boykotun tarixi daha qədimdir. Məsələn, hələ bu termin yaranmazdan xeyli əvvəl – 1767-ci ildə Şimali Amerikada çay və bir neçə başqa mala xüsusi rüsum tətbiq edildiyindən Britaniya mallarını almaqdan kütləvi şəkildə imtina olunmuşdu. Boykot nəticə vermişdi – Britaniya ticarəti axsamağa başlamış və ədalətsiz rüsumlar ləğv edilmişdi.

1905-ci ildə bir ölkənin başqasına qarşı ilk siyasi boykotu olur. Çin sakinləri ABŞ-da yaşayan həmvətənlərinin qısma-boğmaya məruz qalmasına etiraz olaraq bu ölkənin mallarını almaqdan imtina edirlər. 1882-ci ildə ABŞ-da mühacirət siyasəti haqda qanun qəbul olunmuş və 10 il müddətində çinlilərin bu ölkəyə mühacirətinə yasaq qoyulmuşdu. Həmin qanun ABŞ-da yaşayan çinlilərə vətəndaşlıq verilməsini də qadağan edirdi. Sonralar bu qanunun müddəti daha 10 il uzadılmış, 1902-ci ildən isə daimi xarakter almışdı. Ancaq amerikan mallarının boykotu nəticəsiz qalır, düz 1943-cü ilədək qüvvədə olan qanun tamamilə başqa səbəblərdən ləğv edilir.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə