Ağdam müasir şəhərə çevriləcək

Ağdam müasir şəhərə çevriləcək

Prezident İlham Əliyev: "Biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaqdır"

"Ağdam şəhərinin bərpasının başlanğıcı bu gün baş verir, Respublika Günündə. Əminəm ki, bütün nəzərdə tutulmuş planlar Baş Plan əsasında icra ediləcək və Ağdam şəhəri yenidən qurulacaq". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Ağdama səfəri zamanı Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşündə çıxış edərkən bildirib. Cənab Prezident Ağdamdan olan məcburi köçkünlərlə dəfələrlə görüşləri əsnasında bildirdiyi fikirləri xatırladaraq "Deyirdim ki, torpaqlarımız, Ağdam şəhəri və bütün rayon azad olunandan sonra daha da gözəl şərait yaradılacaq", deyərək təqdim edilən Ağdam şəhərinin Baş Planının sözünün təsdiqi olduğunun diqqətə çatdırıb: "Biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaqdır".

Vurğulayaq ki, 20 noyabr 2020-ci il tarixində Ağdam rayonu Azərbaycan Respublikasına qaytarıldı. Bu, Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatında öz əksini tapmış oldu. Noyabrın 10-da Prezident İlham Əliyev xalqa müraciətində qeyd etdiyi kimi, bu bəyanatın imzalanmasının səbəbi noyabrın 9-da - Dövlət Bayrağı Günündə bizim növbəti şanlı hərbi qələbəmiz olub: "Çünki noyabrın 9-da 72 yaşayış məntəqəsini Azərbaycan Ordusu işğalçılardan azad edib. Şuşanın azad edilməsi, noyabrın 9-da 72 yaşayış məntəqəsinin azad edilməsi və sentyabrın 27-dən bu günə qədər 300-ə yaxın yaşayış məntəqəsinin azad edilməsi ilə Ermənistan ordusunun belini qırmışıq. Paşinyan məcbur olub bu bəyanata öz imzasını atır. Amma çox miskin, çox acınacaqlı durumda. Mən isə böyük fəxarət və sevinc hissi ilə bu bəyanata öz imzamı atmışam. Çünki bu bəyanat uzun illər davam edən işğala son qoyur. Bu bəyanat imkan verir ki, hələ də işğal altında olan digər rayonlarımızı - Ağdam, Laçın, Kəlbəcər rayonlarını qan tökülmədən qaytaraq". 27 ildən sonra Ağdam işğaldan azad olundu. Bu gün qalib dövlətin vətəndaşları kimi öz torpaqlarımıza səfər edirik və tezliklə öz ata-baba yurdlarından didəgin düşmüş insanlar öz yerlərinə qayıdacaq, yeni bir həyat başlanacaqdır.

"BİZİM BÜTÜN MADDİ SƏRVƏTİMİZ MƏQSƏDYÖNLÜ ŞƏKİLDƏ DAĞIDILDI, TALAN EDİLDİ"

1993-cü ilin iyul ayının 23-də Ağdam erməni işğalçıları tərəfindən işğala məruz qalmışdır. Artıq Ağdamda abadlıq-quruculuq işlərinə başlanılıb. Ermənilər nə qədər vandallıq əməlləri törətsələr də, xalqımza məxsus din-mədəniyyət abidələrin dağıtmış olsalar da, tarixi həqiqət qələbə çaldı. Azərbaycan Prezident çıxışında "Baxın, görün, Ağdam şəhəri yoxdur, yoxdur. Bir bina da yoxdur. Bir Cümə məscidinin qalıqları qalıb. Onu da mən demişəm, onlar iki məqsəd üçün saxlamışdılar. Bir məqsəd o torpağa bağlı olan bir işarə idi. Yəni, artilleriya atəşinin tənzimlənməsi üçün lazım idi bu məntəqə, bu obyekt. İkinci məqsəd müşahidə məntəqəsi idi. Məscidin minarələrindən onlar müşahidə edirdilər. İndi mən müharibədən sonra Ağdama ikinci dəfə səfər edirəm", deyə bildirib: "Cümə məscidinin qalıqlarından başqa, bir dənə də salamat bina yoxdur. Bunu hansısa yad planetli, necə deyərlər, ünsürlər törətməyiblər. Bunu bizim qonşumuz olan, bizim çörəyimizi yeyən, bizim torpağımızda özünə yuva salan, ancaq bizə qarşı daim nifrət hissi ilə yaşayan ermənilər törədiblər. Bu dağıntılar Birinci Qarabağ müharibəsindən sonra törədildi. Bu, ikinci müharibə dövründə törədilən dağıntılar deyil. Bizim bütün maddi sərvətimiz məqsədyönlü şəkildə dağıdıldı, talan edildi. Tarixi-dini abidələrimiz söküldü". Erməni işğalından əvvəl Ağdamda 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı fəaliyyət göstərirdi. Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Arxeoloji tədqiqatlar zamanı aydın olub ki, ilk qədim insanlar rayon ərazisində 6–8 min il bundan əvvəl, yəni, eneolit dövründə yaşamışlar. Uzun bir tarixə malik olan Ağdam Dağlıq Qarabağ hadisələri başlayandan burada cərəyan edən hadisələrin mərkəzi olmuşdur. Artıq bunlar tarixi keçmişimizdir. Bu gün görüləcək işlər, aparılacaq abadlıq-qurculuq işləri bizi ruhlandırır.

Belə ki, azad edilmiş torpaqlarda birinci Baş Plan artıq təsdiqlənib. "İndi Şuşa şəhərinin Baş Planı hazırlanır, artıq bir müddətdən sonra təsdiqlənəcək. Füzuli şəhərinin, Cəbrayıl şəhərinin, digər şəhərlərin Baş Planları üzrə iş gedir. Amma birinci Baş Plan, bax, burada təsdiqlənəcəkdir", deyən dövlət başçısı bilirib ki, artıq bir neçə tədbir keçirildi. Belə ki, Ağdam şəhəri üçün çox önəmli olan 1 saylı məktəbin təməli qoyuldu. Dövlətimizin başçısı Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının, 140 illik tarixi olan 1 saylı məktəbin yeni inzibati binasının, Sənaye Parkının, Bərdə-Ağdam avtomobil yolunun təməli qoyuldu. Azərbaycan Prezidenti Ağdam şəhər meşə-parkının salınmasında iştirak edib. Dövlət başçısı Pənahəli Xan sarayının yerləşdiyi İmarət kompleksinin, Qiyaslı məscidinin, Şahbulaq qalasının bərpası, Zəfər və İşğal muzeylərinin tikintisi ilə bağlı tövsiyə və göstərişlərini verib. Bütün bunlar, heç bir çətinliyə baxmadan, Qarabağda bərpa-quruculuq işlərinin başlanılması ilə bağlı Prezident iradəsinin və mövqe qətiyyətinin göstəricisidir. "Ağdamda İşğal muzeyi və Zəfər muzeyi konsepsiyası mənə təqdim edildi" deyən Prezident bunun üçün yer seçildiyini və həm Zəfər, həm də İşğal muzeylərinin çox möhtəşəm olacağını vurğulayıb: "Digər obyektlər, digər tədbirlər, böyük meşə sahəsinin təməli qoyuldu. Şəhərin içində böyük bir meşə zolağı olacaq - 125 hektarlıq. Süni göl yaradılacaq, kanallar, körpülər. Şəhərin müasir standartlara, müasir tələblərə uyğun inkişaf planı artıq tam işlənib hazırlanıb. Bütün Qarabağ zonası "yaşıl enerji" zonası olacaq. Bütün şəhərlər "ağıllı şəhər" konsepsiyası əsasında qurulacaq".

ŞAHBULAQ QALASI YENİDƏN QURULACAQ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdama səfəri çərçivəsində Şahbulaq qalasında da olub. Dövlət başçısına abidənin yenidənqurma planı təqdim edilib. Qeyd edək ki, XVIII əsrə aid bu qala Qarabağ ərazisindəki ən məşhur abidələrdən biridir. Ağdam şəhərinin 10 kilometrliyində, Şahbulaq kəndi yaxınlığında yerləşən qala 1751-1752-ci illərdə Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən inşa edilib. Bayat döyüşündən sonra Pənahəli xan fikirləşdi ki, xanlığa daha etibarlı qala lazımdır. Çünki Bayat qalasının strateji mövqeyi zəif, iqlimi isti olduğundan, orada uzun müddət böyük hərbi qüvvə saxlamaq mümkün deyildi. Buna görə də Pənahəli xan Ağdamın 5–6 kilometrliyində yerləşən Şahbulaq adlanan yerdə inşaat işlərinə başlanıldı və kiçik qala-şəhər halına salındı. Elmi ədəbiyyatda "Şahbulaq qəsri" adı ilə tanınan abidə, əslində, iri qəsr kompleksinin iç qalası olub. Kompleks yaşayış evlərindən, bazar, hamam və məsciddən ibarət idi. Şahbulaq qalasının da coğrafiya mövqeyi də əlçatmaz və ağaclarla bağlı olan bir ərazi idi. Qalanın tərəfləri sıldırımlı qayalarla hərtərəfli örtülmüşdü. Qala təhlükəsiz yer idi. Paytaxtın Şahbulaq qalasından Şuşa qalasına köçürülməsinin səbəbi, Şuşa qalasının əbədi keçilməz, əlçatmaz yer idi. Şuşa qalası hətta ən güclü düşmənin belə onu mühasirəyə almasına imkan vermirdi. Pənahəli xan çox təhlükəsiz bir ərazi istəyirdi. Buna görə də o paytaxtı Şahbulaqdan Şuşaya köçürmüşdü. Bu memarlıq abidəsi I Qarabağ müharibəsinə qədər yaxşı mühafizə edilib saxlanmışdı. SSRİ dövründə Ağdam rayonuna gələn bütün əcnəbi qonaqlar bu abidəni ziyarət edirdilər. Abidə kompleksi həmişə diqqət mərkəzində olduğundan bir növ Ağdam rayonunun simvoluna çevrilmişdi.

Ağdam rayonu 1993-cü ildə erməni işğalçıları tərəfindən işğal edilmişdir. Şahbulaq qalası da rayonun daxilində idi. Erməni işğalçıları abidənin daxilində olan məscid, hamam və bulaqları dağıdıblar. Burada aparılan qazıntı işlərinin maliyələşdirilməsi Ermənistan hökuməti tərəfindən, İrəvandakı ictimai təşkilatların birliyi statusunu daşıyan "Erkir" təşkilatının vasitəsi ilə 2005-ci ildən maliyyələşdirilmişdir.Ermənilər Ağdamı işğal etdikdən sonra bir sıra abidələrimiz kimi Şahbulaq qalasını da erməniləşdirməyə çalışıb, yaxınlıqdakı məscidi isə kilsə kimi təqdim ediblər. Bu gün artıq işğaldan azad olunan ərazilərimiz kimi, Ağdam da yeni bir inkişaf dövrünə qədəm qoyub. Aparılan abadlıq-quruculuq işləri tezliklə Ağdamı müasir bir şəhərə çevirəcək.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə