Azərbaycan-Ermənistan sərhədləri necə delimitasiya olunacaq? - ANALİZ

Azərbaycan-Ermənistan sərhədləri necə delimitasiya olunacaq? - ANALİZ

Analitiklər Ermənistan-Azərbaycan sərhədindəki gərginliyin səviyyəsini aşağı hesab edirlər

Ermənistan və Azərbaycan sərhədində irimiqyaslı insidentlər baş verməyib, lakin Ermənistanda qeyri-sabit siyasi vəziyyət üzündən münaqişəni kəskin şəkildə qəbul edirlər- Rusiyanın tanınmış politoloqu İqor Korotçenko belə deyir. Rusiya Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun əməkdaşı Aleksander Karavayev isə tərəflərin hərəkətləri sərhədlərin delimitasiyası ilə bağlı danışıqlara hazırlığın olduğunu göstərir.

12-13 may tarixlərində erməni tərəfinin iddiasına görə, Azərbaycan hərbçiləri Ermənistanın Sünik və Geqarkunik (Zəngəzur-red) bölgələrinin ərazilərini keçiblər. Azərbaycan hakimiyyəti isə bəyan edir ki, sərhədçilər sadəcə Laçın və Kəlbəcər rayonlarında qaldıqları yerləri dəyişdiribdilər. Ermənistan Baş Naziri vəzifəsini icra edən Nikol Paşinyan mayın 20-də 500-600 Azərbaycan əsgərinin Ermənistan ərazisində qaldığını söylədi. Elə həmin gün Azərbaycan hərbçilərinin Ermənistanın Xoznavar kəndinə yaxınlaşması səbəbindən oradan qadınlar və uşaqlar evakuasiya edildi. Ermənistan Müdafiə Nazirliyi bildirir ki, kənd yaxınlığında əsgərlər arasında dava baş verib, 11 erməni əsgəri və azərbaycanlı əsgər yaralanıb.

Azərbaycanla Ermənistanın cənub bölgələri arasında sərhədin müəyyənləşdirilməsi məsələsi 2020-ci ilin payızında Qarabağ münaqişəsinin kəskinləşməsindən sonra ortaya çıxdı. Ermənistanın Sünik bölgəsinin şərq sərhədində Azərbaycan sərhəd zastavaları görünəndə, Ermənistan sakinlərinin bir qismi evlərini tərk etməyə başladı. Azərbaycan dəfələrlə sərhədləri müəyyənləşdirmək üçün iş apardığını bildirmişdi, bununla belə, Ermənistan hakimiyyəti təkid edir ki, indi yalnız iki ölkənin faktiki nəzarət zonaları müəyyənləşdirilir və rəsmi olaraq demarkasiya prosesi yalnız diplomatik münasibətlər qurulduqdan sonra başlaya bilər.

Mayın 14-də İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına hərbi yardım üçün müraciət etdi. Ekspertlər KTMT üzvlərin heç birinin məsələnin güclə həll edilməsinə razı olmadıqlarını söylədi.

Mayın 19-da Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanı və Azərbaycanı sərhədləri müəyyənləşdirmək üçün bir komissiya yaratmağa çağırdı və Moskvanın vasitəçi kimi çıxış etməyə hazır olduğunu bildirdi. İrəvan, Azərbaycan qoşunlarının əvvəlki mövqelərinə geri çəkilməsi şərti ilə belə bir komissiyanın yaradılmasına razılıq verdi. Bu xəritələr məsələsi bəzi Qafqazşünas ekspertlər tərəfindən çətin hesab olunur. Onlar hesab edirlər ki, SSRİ-də yaradılan xəritələr Sünik bölgəsindəki Qara göl ərazisində respublikaların sərhədlərini birmənalı şəkildə dəqiq qurmağa imkan vermir.

İrəvan münaqişəyə Bakıdan daha kəskin reaksiya verir

Politoloq, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko "Kafkazskiy Uzel"-in müxbirinə bildirib ki, sərhəddəki münaqişə hələ böyük miqyaslı hadisələrlə müşayiət olunmayıb.

"Hətta bir-birilərinə bir atəş də açmadılar, bu baxımdan vəziyyət sakitdir, əgər məsələnin hərbi tərəfindən danışırıqsa. Azərbaycan tərəfindən Ermənistan sərhəddinin qəsdən pozulması yoxdur, bu sərhədin haradan keçməsi ilə bağlı fikir ayrılıqları var. Rusiyanın yaradılacaq xüsusi qrup çərçivəsində hər iki tərəfə yardım göstərəcəyini, 1970-ci illərin ortalarında və sonlarında Sovet xəritələrinin Azərbaycan və Ermənistan arasındakı inzibati sərhəd xəttinin əsas götürüləcəyini açıqlayıb. Hansı ki, bu xəritələr Azərbaycan SSR və Ermənistan SSR arasındakı sərhədlərin dəqiq şəkildə müəyyənləşdirildiyi xəritədir.

İqor Korotçenko hesab edir ki, Ermənistandakı sərhəd probleminə kəskin reaksiya ölkədəki siyasi vəziyyətlə bağlıdır.

"Erkən parlament seçkiləri var, seçkiqabağı mübarizə var və Paşinyan üçün rəqiblər qarşısında qərarsız görünməmək və ya Ermənistanın maraqlarını müdafiə etmədiyi kimi görünməmək üçün “Papadan daha çox kotolik olmağa” çalışır. 20 ildən artıq bir müdətdə burada sərhəd xətti olmamış, sərhədyanı erməni kəndləri böyümüş, əraziləri əkin sahələri üçün istifadə edilmişdir– amma bunların hamısı Azərbaycan ərazisi ilə əlaqədardır, bununla belə bu gün yeni reallıqlara uyğun olaraq delimitasiya aparmaq, sonra sərhədləri müəyyənləşdirmək lazım olduqda, cəmiyyətdə müəyyən toqquşmalar yaranır və Ermənistandakı bunu 2-ci Qarabağ müharibəsindəki məğlubiyyətin üzərinə qoyurlar"- dedi politoloq.

Politoloq Bakının baş verənləri münaqişə hesab etmədiyini xatırladıb. "Azərbaycan açıq şəkildə bildirdi ki, Ermənistana qarşı heç bir düşmən niyyəti yoxdur, sadəcə sərhədin aydın şəkildə çəkilməsini tələb edir. Bu, həm də Ermənistanın maraqlarına cavab verir. Ancaq tərəflər qarşılıqlı anlaşma problemi yaşadıqları üçün bu prosesi qanuni bir sahədə lazımsız stress olmadan həyata keçirmək üçün Rusiyanın iştirakının kömək edəcəyi açıqdır"- deyə Korotçenko bildirib.

Ermənistan və Azərbaycan danışıqları gözləyərək qoşunlarını hərəkətə gətirirlər

İndi Ermənistan və Azərbaycan "danışıqlar qabağı mövqelərin ilkin işarələnməsi" ilə məşğuldurlar. Bunu Rusiya Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun Post-Sovet Araşdırmaları Mərkəzinin tədqiqatçısı Aleksander Karavayev bildirib.

"Gələcəkdə qarşıdurmaların qarşısını almaq üçün əvvəlcə xəritələri Moskva ilə əlaqələndirməyə başlayacaqlar, sonra yerdəki işarələmə (sərhədsizləşdirmə) aparacaqlar. Texniki təhükəsizlik ikinci dərəcəli məsələ olacaq. Erməni tərəfdən sərhədlərə nəzarətin Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının nəzarəti altında olduğunu nəzərə alsaq hər iki tərəf üçün bu təhlükəsizlik təminatı kifayət olacaq. Azərbaycan tərəfi də ciddi hadisələrdən qorunmaq üçün yetərli qüvvələri bir araya gətirəcək.Təbii ki, Bakı ilə İrəvan arasında hər hansı bir təhlükəsizlik razılaşmasından söhbət getmir, daha çox makro səviyyəli məsələlər- qarşılıqlı təhlükəsizliyə zəmanət memorandumuna əsasən Qarabağın gələcəyi, sərhədlərin tənzimlənməsi Rusiya Federasiyasının vasitəçiliyi ilə bərpa olunur. Bu münaqişədə bu ən yaxşı seçimdir"- Karavayev dedi.

Sərhədin müəyyənləşdirilməsi ilə Ermənistan və Azərbaycan öz məqsədlərini həyata keçirəcəklər və üçüncü tərəfin iştirakı "ikisi birinə qarşı" formatına səbəb ola bilər- politoloqların bir hissəsi belə düşünür. Demarkasiya zamanı Rusiyanın vasitəçiliyi vacibdir, çünki atəşkəs rejimi bunun effektivliyinə dəlalət edir.

Tərəflər hazırda, əslində, "soyuq" müharibə aparırlar, "tərəflərin silahlı qüvvələrini qansız şəkildə sıxışdırmaqla" məşğul olurlar.

"Bakının məqsədi iki dövlət başçısının beynəlxalq səviyyədə tanınmış sərhədləri olmadan bu cür hərəkətlərin olacağını və qaçılmaz olduğunu göstərməkdir. Həqiqətən, 9 noyabr 2020-ci ildən sonra İrəvan qəfildən Sovet sərhədləri barədə danışmağa başladı - “Abşeron küləkləri”nin bloqqeri "Bakı" qeydində yazır: ".. Paşinyan Sovet xəritələrindən istifadə etmək istəyirdi? Zəhmət olmasa silahlı qüvvələrinizi Zəngəzurdakı və Azərbaycanın Qazax bölgəsi ilə sərhədlərindəki bir neçə ərazidən geri çəkin". Və İrəvan "əsəblərlə oynamağa” keçdi.

Mütəxəssislər sərhəddə ciddi tikinti işlərinin aparılmamasını izah etdilər

Təqaüdçü polkovnik, keçmiş korpus komandiri, YAŞAT Fondunun qəyyumlar şurasının üzvü Şair Ramaldanov bildirib ki, Azərbaycandan birbaşa Ermənistanla sərhəddə hər hansı bir aktiv tikinti aparacağını gözləmək lazım deyil.

"İndi tikintiyə ehtiyac qalmır - hazır modullar var, bunlar metal portativ konstruksiyalardır. Bir forpost kimi bir şey tikilirsə, bir vahid orada yerləşirsə, o zaman bu konktruksiya ümumiyyətlə, onların gördükləri yerdə deyil, görmədikləri yerdə yerləşdirilir, bu hərbçilər üçün normal bir fenomendir"- Ramaldanov bildirib.

Ermənistanın Sünik və Gegharkunik bölgələrində Azərbaycan hərbçilərinin yerləşdirildiyi yerlərdə nə xüsusi texnika, nə də sərhəd zastavaları üçün lazım olan binaların inşası görünür. Bunu erməni hərbi ekspertləri də etiraf edirlər.

“Sərhədin delimitasiyası aparılmayıb, bu səbəbdən stasionar infrastruktur birbaşa olaraq sərhəd xəttində deyil, sərhəddən bir qədər aralıda tikilir,- politoloq İqor Kortoçenko bildirir.

"Bunlar yeni zastavalardır. Müvafiq olaraq, bütün lazımi sərhəd infrastrukturu inşa olunur. Ancaq vurğulayıram ki, bu delimitasiya deyil və xüsusən sərhədin demarkasiyası olunmadığı Azərbaycan ərazilərində normal şərait yaradılan müvafiq strukturlar tikilir. Azərbaycan sərhədçilərinin şəxsi heyəti üçün yaşayış və istirahət şərtləri və və xidmətlər yaradılır"- deyə Korotçenko izah edib.

Tərcümə: Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə