Əli Əhmədov: \"Azərbaycan mitinq əhval-ruhiyyəsi ilə yaşamır\" - AÇIQLAMA
"Müxalifət partiyalarının birləşməsi artıq lətifəyə çevrilib. Bundan əvvəl birləşib nə etdilər ki, bundan sonra da birləşərək nə etsinlər? Səkkizlik də 8 kiçik partiyanın yaratdığı kiçik bir birlik olacaq". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov müxalifətin 8 partiyadan ibarət birlik yaratmaq istəyinə münasibət bildirərkən deyib.
İcra katibi bildirib ki, heç bir halda bu birliyin hər hansı bir böyüklük parametrlərinə malik olduğunu söyləmək mümkün deyil. Onun sözlərinə görə, digər tərəfdən Azərbaycanın radikal qanadında təmsil olunan siyasi partiyalar cəmiyyətdə dayaqlarını itiriblər.
"Bunun ən bariz təsdiqi aprel-may aylarında keçirməyə cəhd göstərdikləri mitinqlərin tamamilə iflasa uğramasıdır. Azərbaycan cəmiyyətinin bu partiyalara münasibəti də onların malik olduğu resursların mitinq cəhdlərinin tamamilə iflas olunmasında özünü təsdiqlədi. Bu ictimai potensiala malik olan partiyalar hansı formada, formatda birləşməsindən asılı olmayaraq onların gücü aprel-may aylarında mitinq keçirmək istəyərkən nümayiş etdirdikləri real potensialdan artıq deyil və ondan yuxarıya qalxa bilməyəcək. Azərbaycan cəmiyyəti o müxalifəti dəstəkləmir və onun arxasınca getmək niyyətində deyil. Azərbaycan müxalifətinin radikal qanadı təmsilçilikdən başqa heç nə bacarmır. Onlar hər hansı bir ölkədə narahatçılıq olanda, elə bilirlər ki, onu Azərbaycana gətirə biləcəklər. Amma həyat göstərir ki, bunu bacarmırlar və ümumiyyətlə bu mümkün deyil. Dünyanın böyük dövlətlərinin birləşdiyi "böyük səkkizlər" qrupu var. Mən əminəm ki, müxalifətin iddiaları özlərindən böyük olan təmsilçilərinin 8-lər birliyini yaratmaqla dünyanın əzəmətli 8-lər qrupunu təkrarlamaq istəyirlər", - deyə Ə.Əhmədov vurğulayıb.
YAP-ın sədr müavini iki aylıq fasilədən sonra müxalifətin yenidən iyun ayında mitinq keçirmək niyyətində olması məsələsinə də münasibət bildirib. Onun sözlərinə görə, həyat dəfələrlə sübut edib ki, Azərbaycan mitinq əhval-ruhiyyəsi ilə yaşamır.
Azərbaycan vətəndaşlarının dəyərlər sistemində mitinqlərin 50-60-70-ci yerlərdə durduğunu deyən Ə.Əhmədov qeyd edib ki, reallıq bundan ibarətdir ki, insanların gündəlik həyatlarında, düşüncələrində, ümumiyyətlə, ictimai ovqatında mitinq əhval-ruhiyyəsi mövcud deyil: "Bunlar nə qədər mitinqə çıxmağa cəhd göstərsələr, müxtəlif çağırışlar etsələr, birliklər yatamağa çalışsalar da Azərbaycan cəmiyyətində mitinq əhval-ruhiyyəsi olmadığına görə, onların bu cəhdləri də real bir nəticəyə gətirib çıxarmayacaq. Bundan əlavə, siyasət təkcə mitinqdən ibarət deyil. Müxalifətdəkilər o qədər reallığı qiymətləndirməyən insanlardır ki, Azərbaycan cəmiyyətindəki əhval-ruhiyyəni görə bilmirlər. Onlar hesab edirlər ki, bir siyasətçi kimi mövcudluğu yalnız küçəyə çıxıb mitinq keçirməkdən ibarətdir. Əgər onlar bugünə kimi siyasətin nə olduğunu dərk edə bilməyiblərsə, mən buna təəccüblənirəm. Siyasət insanların qəlbinə, düşüncəsinə yol tapmaq, insanları bu düşüncələrlə arxasınca aparmaqdır. Siyasət insanları mitinqə çağırmaq demək deyil, xüsusilə də bu insanlar mitinqə gəlmək istəmirlərsə. Ona görə də müxalifətin mitinq təşkil etməsi, keçirməsi, "əzəmətli" 8-lik birliyi yaratması Azərbaycan cəmiyyəti üçün hər hansı bir ictimai əhəmiyyət və maraq kəsb etmir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB