"Problem yaranarsa, Ermənistan üçün yaranacaq” HƏRBİ EKSPERT AÇIQLADI

“ABŞ Ermənistanda hal-hazırda hərbi baza qura bilməz”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Şair Ramaldanov deyib.

Onun sözlərinə görə, Ermənistanda Rusiya Federasiyasının 102-ci hərbi bazası var: “Hələ ki, o baza oradadır və Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. Əlbəttə, Ermənistanda hər hansı hərbi baza yerləşdirilə bilməz. Əgər bütün bu müqavilələrdən çıxıb və Rusiyanın 102-ci bazasını Ermənistan öz ərazisindən çıxartmağa nail olsa, o zaman əlbəttə hər hansı bir dövlətin bazası yerləşdirilə bilər. Əgər fərz etsək ki, bu nə vaxtsa baş verə bilər amma bunun prinsip cəhətdən Azərbaycana heç bir təsiri yoxdur. Birincisi Azərbaycan müstəqil siyasət yürüdən, öz dəsti-xətti olan, geosiyasi arenada öz çəkisi olan bir dövlətdir. Azərbaycan bütün dövlətlər ilə dostluq münasibətləri qurur. Yəni münasibətləri yüksək səviyyədədir. Sadəcə bizim problemimiz ancaq Ermənistanla idi ki, Ermənistan Azərbaycan torpaqlarını darmadağın edib”.

Hərbi ekspert həmçinin qeyd edib ki, hal-hazırda sərhədlərin dəqiqləşdirilməsi məsələləri gedir: “Əlbəttə ki, Ermənistanla gələcəkdə Azərbaycan qonşuluq münasibətləri qurmağa hazırdır. Hansı dövlətin orada hərbi baza yerləşdirilməsindən asılı olmayaraq, Azərbaycan üçün bir problem görmürəm. Ermənistanda hansısa dövlətin bazasının yerləşdirilməsi və kimin Ermənistana bu sahədə himayədarlıq eləməsi Azərbaycan üçün böyük fərq eləmir. Hər halda düşünürəm ki, Azərbaycan öz silahlı qüvvələrini daim hazırlıqda və yüksək vəziyyətdə saxlayır. Bu haqda da Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev də qeyd etdi ki, “bizim heç bir qonşu dövlətlərin torpaqlarında gözümüz yoxdur. Ancaq öz torpaqlarımızın da bir qarışın heç kimdə saxlamaq fikrimiz yoxdur”. Ona görə də Azərbaycan bu mövqedə həmişə olduğu kimi qalacaq. Geosiyasi arenada Azərbaycanın nüfuzu Ermənistanın nüfuzundan qat-qat çoxdur. Çünki Azərbaycanın işi haqq işidir. Azərbaycan bütün qonşularla ancaq sülh, əmin-amanlıq, qonşuluq, dostluq münasibətləri qurub. Ona görə də düşünmürəm ki, burada hansısa problem yaransın. Problem yaranarsa, Ermənistan üçün yaranacaq”.

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə