"Koçaryan Paşinyandan intiqam yanğısını rəhbər tutur" GİZLİNLƏR AÇILDI

"Koçaryan Paşinyandan intiqam yanğısını rəhbər tutur" GİZLİNLƏR AÇILDI

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan yenidən Ermənistan dövlətinin keçmiş başçıları Robert Koçaryan və Serj Sarkisyanla görüşün təfərrüatları barədə danışıb və qeyd edib ki, Ermənistanın ikinci prezidenti Robert Koçaryanın erkən parlament seçkilərində birgə iştirakdan imtina etməsi onun dövlətin maraqlarını deyil, baş nazir Nikol Paşinyandan intiqam yanğısını rəhbər tutması deməkdir. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayılan məlumatlara istinadən xəbər verir ki, bunu ölkənin ilk Prezidenti Levon Ter-Petrosyan Ermənistan Milli Konqresinin qurultayında çıxış edərkən söyləyib.

Ter-Petrosyan qeyd edib ki, qarşıdakı seçkilərdə birgə iştirakla bağlı iki keçmiş prezident Serj Sarkisyan və Robert Koçaryana edilən müraciətdə bir şərt var idi ki, keçmiş liderlərdən heç kimin baş nazir vəzifəsinə namizəd göstərilməməsi lazım gəlirdi.

"Bu bir tərəfdən, Nikol Paşinyanın dayandırılmasına, digər tərəfdən Robert Koçaryanın hakimiyyətə qayıtmasına mane olmaq üçün nəzərdə tutulmuşdu", deyə Ter-Petrosyan açıqlayıb.

O, vurğulayıb ki, bu vəziyyətdə baş nazir postunu ciddi təcrübəsi və idarəetmə bacarığı olan, texnokratlardan ibarət böhranlı bir hökumət qurmağı bacaran bir şəxs tutmalı idi. Bir daha xatırladıb ki, Koçaryanın təklifi rədd etməsi Paşinyandan intiqam almaq istədiyi deməkdir. Həmçinin diqqətə çatdırıb ki, Serj Sarkisyan məsələsinə gəldikdə isə o, hakimiyyətə qayıtmaq istəmir, əksinə partiyanın nümayəndələrini parlamentə gətirməyə çalışır.

Diqqətə çatdıraq ki, Ter-Petrosyan Ermənistan və Dağlıq Qarabağın keçmiş prezidentlərinin təşəbbüsü ilə martın 25-də baş tutan görüşünün təfərrüatlarını açıqlayıb. Levon Ter-Petrosyan ikinci və üçüncü prezidentlər Robert Koçaryan və Serj Sarkisyana müraciət edərək erkən seçkilərdə birgə iştirak etməyi təklif edib. Koçaryanın ofisi cavab olaraq deyib ki, görüşün təfərrüatlarını bir tərəfli olaraq yayımlamaq düzgün deyil, xüsusən də söhbətin məzmununu təhrif etdikdə.

Nəzərə çatdıraq ki, Sarkisyanın ofisi də keçmiş dövlət başçısının, iclasın digər iştirakçılarına əvvəlcədən xəbər vermədən açıq bəyanatlar verməsindən təəccübləndiyini bildirib. Bəyanatda həmçinin bildirilir ki, Ermənistanın birinci prezidentinin təklifinin müzakirəsi prinsip etibarilə bütün tərəflərin razılığı ilə perspektivli hesab edilə bilər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə