“Ermənistanda olan dəmir yolları bütövlükdə Rusiyaya məxsusdur” POLİTOLOQ MARAQLI MƏQAMLARI ŞƏRH ETDİ

"Prezident Naxçıvanın Ordubad rayonunda verdiyi mesajlarla demək istəyir ki, mən bura gəlmişəm və gözləyirəm ki, Zəngəzurdakı dəmir yolu açılsın". Bu sözləri SİA-ya açıqlamasında politoloq Fərhad Mehdiyev deyib.

Politoloq vurğulayıb ki, ölkə başçısı mesajını da Rusiyaya ötürür və qeyd edir ki, Ermənistanda olan dəmir yolları bütövlükdə Rusiyaya məxsusdur: “Asfalt yolunun yerinin dəqiq seçilməsi və müəyyən edilməsində Ermənistanın rolu olsa da, dəmir yollarının açılması bütövlükdə Rusiyanın səlahiyyətindədir və dəmir yolunun açılması 10 noyabr tarixli razılaşmanın 9-cu bəndinin icrasında bir ilərləyiş olardı. Halbuki, Cənab Prezident orda gəlib gözləyir ki, Lavrov bu məsələdə addım atmalı olduğunu anlasın.

Görülən budur ki, Rusiyanın bu məsələdə hansısa ictimaiyyətə bildirilməyən tələbi var. Çünki Cənab Prezident İlham Əliyev dərhal sonra “münaqişə öz həllini tapıb”, deməklə, qeyd etmək istəyir ki, hansısa qüvvələr Dağlıq Qarabağ münaqişəsini yeni həll variantlarını təklif edirlər və “Noyabrın 10-da imzalanmış bəyanat qüvvəsini itirib?”, soruşmaqla də öz sözlərinin ünvanının Rusiya olduğunu göstərir. İsmarıcın sonrakı hissəsi Kanada, Fransa və Luksemburqa yönəlir və qeyd edir ki, onların mövqeyi destruktivdir və onlar yanlış tərəfdədirlər, bəyanatları da sülhə deyil, müharibəni alovlandırmağa yönəlir.

Cənab İlham Əliyevin qətiyyətli danışığı onu göstərir ki, Dağlıq Qarabağ məsələsində Türkiyə Azərbaycana tam dəstək verir, çünki Cənab Prezident hətta hansısa təxribat, revanşizm cəhdi, ya da azad olunmuş ərazilərin qaytarılması siyasəti yürüdüldüyünü görəcəyi halda, dərhal hərbi əməliyyatlara təkrar başlayacağı ilə xəbərdarlıq edir. Bu bəyanatın Lavrovla olan görüşün ərəfəsində səsləndirilməsi də təsadüfi deyil və Cənab İlham Əliyev burada danışıqlar tonunu və mövzularını da müəyyən edir”, deyə politoloq Fərhad Mehdiyev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə