"Xilas naminə ayrılmaq prinsipi" - Ermənistan yenidən ölümünə imza atır? ANALİTİK+AKTUAL

Qarabağda 44 gün davam edən və Azərbaycanın qələbəsi ilə başa çatan müharibədə Ermənistanın sarsıdıcı məğlubiyyətinə baxmayaraq, bu ölkənin revanşist qüvvələri, eləcə də bir sıra hakimiyyət dairələri yenidən Azərbaycanın ərazisinə qarşı iddialar səsləndirməkdə davam edirlər. Xüsusilə, müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarətində olan Qarabağın bir sıra dağlıq rayonları ilə bağlı sözügedən vəziyyət müşahidə edilməkdədir. Maraqlıdır ki, bütün bunlara baxmayaraq, erməni tərəfinin həyasız davranışları bu gün də davam edir və belə davranışların, əslində, onlara yaxşı heç nə vəd etmədiyini də bəri başdan söyləmək mümkündür. Məhz Prezident İlham Əliyevin "Dəmir yumruq havadadır" bəyanatını da bu məsələyə aid etmək yerinə düşərdi.

Bu plan da, əslində, baş tutmamış qaldı…

Lakin daha bir amili də xatırlatmaq yerinə düşərdi ki, hələ 44 günlük müharibəyə qədər Ermənistanda xalqların öz müqəddəratlarını təyin etməsi və bu minvalla işğal siyasətinin davam etdirilməsi kimi sərsəm ideyanın yürüyə bilməyəcəyi faktorunun sadəcə xülya olması anlaşılırdı. Misal üçün, "Dağlıq Qarabağ xalqı" mənasında heç bir anlayış yoxdur və münaqişənin başladığı 1988-ci ilə qədər orada icmaların mövcudluğu qalırdı və icma ilə xalq anlayışını əsla qarışdırmaq olmaz. Nəticədə, Ermənistanın və Qarabağ separatçılarının işğalları nəticəsində Qarabağda yaşayan Azərbaycan vətəndaşları yenə də Azərbaycan vətəndaşları olan ermənilər, həmçinin Ermənistandan oraya getmiş silahlılar tərəfindən təzyiqlərə, təqiblərə və terrora məruz qalaraq öz doğma yurd-yuvalarından qaçqın düşdülər.

Digər tərəfdən, "Dağlıq Qarabağ xalqı" kimi sərsəm iddia dünya ictimai rəyinə sırınırdı və bu vasitə ilə həmin iddia erməni tərəfi kimi göstərilirdi. Lakin bu plan da, əslində, baş tutmamış qaldı.

Ancaq sözügedən iddia dünya ictimaiyyəti tərəfindən qəbul olunsaydı belə, bu, işğalçıların öz mənfur siyasətlərinin davam etdirilməsinə heç bir zəmanət verə bilməzdi. Çünki Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması faktı və bu faktı təsdiq edən kifayət qədər sənədlər, qərarlar mövcuddur. Məsələn, Ermənistanın işğal faktından sonra irəli sürdüyü xalqların öz müqəddəratını təyin etməsi iddiası özündə heç bir beynəlxalq hüququ ehtiva etmir və onu rədd edən daha bir reallıq Helsinki Aktıdır. Bu Akta əsasən, dövlətin ərazi bütövlüyünün xalqların öz müqəddəratlarını təyin etməsi kimi qərarlara heç bir aiddiyyatı yoxdur.

Daha dəqiq desək, bir tərəfdən xalqların müqəddəratlarını təyin etməsi yalnız ərazi bütövlüyü çərçivəsində baş tuta bilər, başqa tərəfdən, ərazi bütövlüyü faktoru heç bir halda sözügedən iddianın gerçəkləşməsinə yol vermir və Qarabağ ümumiyyətlə, Azərbaycanın tərkib hissəsindən çıxaraq Ermənistana birləşə bilməzdi və belə də oldu.

Bu "konsepsiyanın" məqsədi ondan ibarətdir ki, Azərbaycan torpaqları məcburi (?!) olaraq və beynəlxalq ictimai rəyin, siyasi dairələrinin təzyiqi ilə ondan qoparılmalı və Ermənistana birləşdirilməlidir

Beləliklə, 44 günlük müharibə başlayarkən uduzacağını və işğalçılıq siyasətinin məhv olacağını anlayan Ermənistan rəhbərliyi bu dəfə yeni "ideya" ilə çıxış etməyə başladılar və onu dövriyyəyə buraxmağa başladılar - onlar indi də "tarixi erməni torpaqları" kimi məsələlər ətrafında oyunbazlıqlar sərgiləməklə bu məsələləri beynəlxalq səviyyədə qaldırmağa cəhdlər göstərirlər, bununla da özlərinin haqlı olduqlarını guya sübut edəcəklərini sanırlar. Söhbət, sözdə "qurtuluş naminə xilas" adlı saxtakarlıq konsepsiyasından gedir. Bu "konsepsiyanın" məqsədi ondan ibarətdir ki, Azərbaycan torpaqları məcburi (?!) olaraq və beynəlxalq ictimai rəyin, siyasi dairələrinin təzyiqi ilə ondan qoparılmalı və Ermənistana birləşdirilməlidir. Guya bu ərazilərdə yaşayan ermənilər Azərbaycan hakimiyyətinin yaratdığı şəraitlə, eləcə də qanunları iləyaşaya bilmirlər və s. Əlbəttə ki, burada ilk növbədə erməni həyasızlığı özünü açıq-aydın biruzə edir - "irqçi ayrıseçkilik", "diskriminasiya", "dini baxışların uyğunlaşmaması", "insan haqlarının kütləvi şəkildə pozulması" və…

Və əlbəttə ki, "genosid"!!! Əslində, belə məsələlərdə ermənilərin hay-şivən qaldırmaları təəccüb də doğurmur, çünki onlar sadəcə və sadəcə ermənilərdir, daha dəqiq desək, Azərbaycan xalqına, Türk Dünyasına qarşı yağı düşmən kəsilmiş ultramillətçi, ksenofob, terror baxışlı ermənilər! Buna da bir misal gətirmək olar.

İndi də erməni rəhbərliyi "xilas naminə ayrılmaq" prinsipindən saman çöpü kimi yapışıb-qalıblar

Hələ 44 günlük müharibə zamanında İsveçrənin RTS televiziya kanalına müsahibə verən Ermənistanın baş naziri Nikol Paşinyan bəyan etmişdi ki, o beynəlxalq aləmdən Dağlıq Qarabağın "xilas naminə ayrılmaq" prinsipinə dəstək verəcəyini gözləyir. Bənzər bəyanatla Ermənistanın Avropa İnsan haqları məhkəməsindəki nümayəndəsi Yeqişe Kirakosyan da çıxış etmişdi.

Müharibə başa çatdıqdan, dağılmış Ermənistanın qarşısında yeni reallıqlar çıxandan, "Dağlıq Qrabağın statusu" kimi sərsəm ideya da məhv olandan sonra, indi erməni rəhbərliyi "xilas naminə ayrılmaq" prisnipindən saman çöpü kimi yapışıb-qalıblar. Yəni bu davranışın özü də sübut edir ki, erməni tərəfi ərazilərimizə qarşı iddialarını saxlamaqdadırlar. Amma nə ilə və hansı vasitələrlərə? Əlbəttə ki, heç nə ilə, sadəcə iddialarını gündəmdə saxlamaqdadırlar.

Məsələn, bugünlərdə Ermənistanın təhlükəsizlik şurasının katibi Armen Qriqoryan KTMT-nin Düşənbədə keçirilən iclasında həyasızcasına bəyan edib ki, sən demə, İkinci Qarabağ müharibəsindən sonra Dağlıq Qarabağ heç bir şərtlər altında Azərbaycanın tərkib hissəsində qala bilməzmiş, hətta yaranmış situasiya "xilas naminə ayrılmaq" prinsipini tələbata çevirir (?!).

Burada diqqət çəkən məqamlardan biri də budur ki, erməni tərəfi guya Qarabağ ermənilərinə Azərbaycan tərəfindən "təhlükə" olduğunu iddia etməklə "Kosovo presedentinə" istinad edir. Guya bu "prinsip" Kosovonun öz müqəddəratını həll etməsinə imkan yaradıb və nəticədə beynəlxalq aləm onu ərazi vahidi kimi tanıyıb. Ermənilər bu ətrafda çıxış etməklə həmin faktorun Qarabağda da tətbiq edilə biləcəyini sanırlar. Ancaq söz yox ki, burada da sırf erməni saxtakarlığı, falsifikasiyası görünməkdədir.

"Kosovo presedenti" mövcud deyil - yəni erməni tərəfi azərbaycana və azərbaycanlılara qarşı həmin hərbi cinayətləri törədiblər ki, kosovalılar serblərə qarşı bunu etməyiblər

Birincisi, heç bir "Kosovo presedenti" mövcud deyil. Bu ərazi vahidini Serbiyadan ayıran təşkilatçılar - ABŞ və Avropanın aparıcı ölkələri dəfələrlə bəyan ediblər və bu gün də bəyan etməkdədirlər ki, Kosovo ilə bağlı qəbul edilən qərar digər münaqişələr üçün presedent sayıla bilməz.

İkincisi, burada hansı Kosovo bənzərliyindən danışmaq olar ki, Ermənistan 30 il boyunca beynəlxalq aləm tərəfindən tanınan Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycan ərazilərini işğal altında saxlayıb. Etnik təmizləmlər aparıb, soyqırımları törədib, milyona qədər insanı qaçqınlığına məruz qoyub və s. Yəni erməni tərəfi azərbaycana və azərbaycanlılara qarşı həmin hərbi cinayətləri törədiblər ki, kosovalılar serblərə qarşı bunu etməyiblər.

Nəticədə, Kosovanın Qərb ölkələri tərəfindən tanınması və hüquq prinsiplərinin qəbulu sırf geosiyasi anlayışlarla həyata keçirilib. Yəni Qərb, Kosovanı tanımaqla Serbiyanı cəzalandırıb - Balkanlarda Rusiyanın sonuncu adacığı olduğuna görə. Bu baxımdan, Qarabağı ətrafındakı erməni oyunlarının Kosova presedenti deyilən hər hansı bir məsələyə ümumiyyətlə aidiyyatı yoxdur. "Xilas naminə ayrılmaq" "prinsipi", sadəcə, radikal separatizmin və aqressiya siyasətinin manipulyasiyalı apoloqetindən başqa bir şey deyil. Ermənistan bənzər və sərsəm iddialarını artırdıqca daha ağır vəziyyətə doğru sürüklənir və ölkənin ölüm prosesini sürətləndirir. Hər halda, revanşçılar və s. kimi "ağıllı" ermənilər bir azca da insan kimi düşünməyə başlamalıdırlar. Bunu da edə bilmədilərsə, günah bu dəfə də Azərbaycanda deyil, məhz Ermənistanda və onun rəhbərliyində olacaq.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə