Azərbaycan-Belarus münasibətləri: dostluq əlaqələrindən strateji əməkdaşlığa doğru

Prezident İlham Əliyev: “Əminəm ki, Belarus gələcəkdə Ermənistan ilə Azərbaycan arasında əlaqələrin nizamlanmasında mühüm rol oynaya bilər”

Belarus Prezidenti: “İlham Əliyev postsovet məkanındakı prezidentlər arasında ən savadlı, ən mədəni insandır”

Bu gün Azərbaycan-Belarus əlaqələrinin inkişafı və münasibətlərin yüksək səviyyədə olması beynəlxalq arenada da özünü göstərir. Bu, ilk növbədə prezident İlham Əliyev və Belarus prezidenti Aleksandr Lukaşenko arasında mövcud dostluq əlaqələrinin nəticəsidir. İqtisadi əlaqələrimiz ildən ilə sürətlənir. Hətta pandemiya dövründə iki ölkə arasında əməkdaşlıq imkanları genişlənir.Qeyd edək ki, iki ölkə arasında diplomatik əlaqələr 1993-cü ildə qurulub. Azərbaycan – Belarus prezidentlərinin qarşılıqlı səfərləri iki ölkə arasında münasibətlərin dinamik inkişafından xəbər verir.Bu baxımdan da, aprelin 14-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana səfəri, iki ölkə sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər.

Prezident İlham Əliyev: “Əminəm ki, Belarus gələcəkdə Ermənistan ilə Azərbaycan arasında əlaqələrin nizamlanmasında mühüm rol oynaya bilər”

“Belarus bizim dostumuz, sınaqdan çıxmış tərəfdaşımızdır. Təbii ki, biz onun təkcə işğaldan azad edilmiş ərazilərin bərpasında fəal iştirakına yox, həm də Ermənistanın tərəfdaşı, Ermənistanla bərabər Avrasiya İqtisadi Birliyinin və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü, eləcə də Azərbaycanın yaxın dostu, dünyada nüfuzlu ölkə kimi fəal iştirakına ümid bəsləyirik. Əlbəttə, mən əminəm ki, o, gələcəkdə Ermənistan ilə Azərbaycan arasında əlaqələrin nizamlanmasında mühüm rol oynaya bilər”. Bunu Prezident İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə görüşdən sonra mətbuata açıqlamasında deyib.

Dövlət başçısı əlavə edib ki, Minsk şəhəri ilə bağlı bir format artıq keçmişdə qalıb: “Minsk qrupu mövcuddur, lakin münaqişə nizamlanıb. Minsk qrupunun nə ilə məşğul olacağı bizə hələ məlum deyil. Biz onlardan kreativ ideyalar gözləyirik. Bizim xarici işlər naziri mənə bu gün məruzə etdi ki, Minsk qrupunun fəaliyyəti ilə bağlı mənim dünənki şərhimdən sonra həmin qrup bəyanat verib. Təbii ki, mən o bəyanatla tanış olacağam. Lakin necə deyərlər, ümidvaram ki, Minsk şəhəri ilə bağlı bütün başqa formatlar sülh yolu ilə nizamlanacaq. Biz Ermənistanla münaqişəni demək olar 30 il müddətində sülh yolu ilə nizamlamaq istədik. Danışıqlar prosesinə sadiq olmağımız da bizim niyyətlərimizə dəlalət edir. Buna görə də münaqişənin hərbi-siyasi yolla nizamlanmasında təqsirkar, əlbəttə, işğalçı ölkədir. Əgər onlar müharibədən əvvəl və hətta müharibə dövründə də bizim ərazilərimizi tərk etmək barədə mənim çağırışlarıma, israrlı tələblərimə qulaq assaydılar, müharibənin nəticələri Ermənistan üçün bu dərəcədə ağrılı olmazdı. Bütün təqsirlər onlardadır. Biz ədaləti, o cümlədən tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdik və BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdik”.

Azərbaycan Prezidenti: “Zəngəzur dəhlizi reallığa çevrilir”

“Hesab edirəm ki, münaqişədən sonrakı inkişafla bağlı vəziyyət bütövlükdə müsbət səciyyələndirilə bilər. Mən münaqişədən sonrakı vəziyyətin inkişafına bizim yanaşmalarımız və bu haqda bizim təsəvvürümüz barədə Aleksandr Qriqoryeviçi məlumatlandırdım. Şübhəsiz, Azərbaycanın mövqeyini bildirim ki, biz belə hesab edirik və reallıq da belədir ki, Dağlıq Qarabağ münaqişəsi nizamlanıb. Azərbaycan onu müstəqil surətdə nizamlayıb, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirib”,-deyən Azərbaycan Prezidenti bildirib ki, bu qətnamələr 27 il ərzində kağız üzərində qalıb və təəssüf ki, onların implementasiyası mexanizmi işə salınmayıb. Minsk qrupunun həmsədr ölkələrinin erməni tərəfinə müraciətlə işğala son qoymaq çağırışları da yerinə yetirilməyib: “Həmsədrlərin status-kvonun qəbuledilməzliyi barədə bəyanatları erməni tərəfindən eşidilməyib. Ermənistanın başına gələnlərin təqsirkarı məhz 20 il ərzində ölkəni uçuruma aparan Ermənistan rəhbərliyidir. İkinci Qarabağ müharibəsi Ermənistan ordusunun alçaldıcı məğlubiyyəti və tamamilə darmadağın edilməsi ilə başa çatıb. Bunun əsas təqsirkarları Ermənistanda bundan əvvəl hakimiyyətdə olanlardır. Biz tarixin bu səhifəsini çevirmək istəyirik, biz etimad tədbirlərinin möhkəmlənməsinə və bu gün həm Azərbaycan-Ermənistan-Rusiya baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli işçi qrupu çərçivəsində, həm də qonşu ölkələr – Türkiyə və İran ilə bizim məsləhətləşmələrimiz çərçivəsində müzakirə edilən nəqliyyat-logistika layihələrinə istiqamətlənmişik. Beləliklə, Zəngəzur dəhlizi reallığa çevrilir. Biz çoxtərəfli əməkdaşlığa ümid bəsləyirik”.

Azərbaycan Prezidenti: “Qarabağın bərpası layihələrində üç dost ölkədən olan şirkətlər artıq işləyirlər, ümidvarıq ki, dördüncü ölkə Belarus olacaq”

Prezident İlham Əliyev mətbuata açıqlamasında deyib ki, ərazilərin bərpası işlərinə yalnız dost ölkələrdən olan şirkətləri cəlb edəcəyik: “Biz Qarabağda işğaldan azad olunmuş ərazilərin bərpasında bir sıra istiqamətlər üzrə - həm şəhərsalma, həm infrastrukturun yaradılması, kənd təsərrüfatının inkişafı sahələrində Belarus şirkətlərinin gələcək iştirakı ilə bağlı məsələləri ətraflı müzakirə etdik. Biz dünən də, bu gün də Belarusun aqroşəhərciklər yaradılması sahəsində təcrübəsini geniş müzakirə etdik. Mən Aleksandr Qriqoryeviçə məlumat verdim ki, Qarabağ “yaşıl enerji” zonası elan edilib və birinci “ağıllı kənd” layihəsi praktiki olaraq həyata keçirilməyə hazırdır. Əlbəttə, bu sahədə Belarusun təcrübəsi nəzərə alınmaqla bu istiqamətdə işləmək çox maraqlı olardı”.

Dövlət başçısı bildirib ki, ərazilərin bərpası işlərinə yalnız dost ölkələrdən olan şirkətləri cəlb edəcəyik: “Belarus da Azərbaycan üçün belə ölkədir. Qarabağın bərpası layihələrində üç dost ölkədən olan şirkətlər artıq işləyirlər. Ümidvarıq ki, dördüncü ölkə Belarus olacaq. Biz bu sahədə məsləhətləşmələri davam etdirmək üçün Azərbaycan hökumətinin üzvlərinin Belarusa səfərləri barədə artıq razılıq əldə etmişik”.Azərbaycan Prezidenti əlavə edib ki, sənaye kooperasiyası bizim münasibətlərin çox böyük seqmentidir: “Hökumətlərarası komissiyanın həmsədrləri layihələrin uğurla həyata keçirilməsi barədə bizə məruzə ediblər. Aleksandr Qriqoryeviç ilə biz bu layihəni Belarus traktorlarının yığılmasından başladıq, sonra başqa istehsalatlara –avtomobillər, yük maşınları, kombaynlar, avtobuslar və bizim “Yaşıl Qarabağ zonası” konsepsiyası çərçivəsində işimizə çox yarayacaq elektrobuslar istehsalını da nəzərdə tuturuq. Alternativ enerji mənbələri yaradılmasında Belarus şirkətlərinin iştirakı ilə bağlı məsələləri də müzakirə etdik. Bir sözlə, görüləsi işlər çoxdur. Mən bu gün də, dünən də qonaqlara dedim ki, erməni işğalından azad edilmiş ərazilərin sahəsi Lüksemburqdan dörd dəfə böyükdür. İşin həcmini təsəvvür edə bilərsiniz. Bu ərazidə hər şey dağıdılıb”.

Belarus Prezidenti: “İlham Əliyev postsovet məkanındakı prezidentlər arasında ən savadlı, ən mədəni insandır”

“Mənim mövqeyimi bütün dünya bilir, Azərbaycan və erməni xalqları da bilirlər. Mən həmişə həyatı əsas götürmüşəm. İlham Heydər oğlu həmişə şahid olub, hələ onun atası Heydər Əliyev ilə görüşlərdə bu barədə söhbət düşəndə mən həmişə sual edirdim: deyin, Qarabağdakı insanlar son hadisələrə, bu hərbi əməliyyatlara qədər daim zülm altında yaşadıqlarına görə xoşbəxtdirlərmi? Orada onlara yaxşıdırmı? Bir də ki, orada sovet dövründə olanların ondabir hissəsi, bəlkə də daha az hissəsi qalıb. Dözülməz həyatdır. Deməli, bu problemi necəsə həll etmək lazımdır. Mən həmişə açıq danışmışam, bəzən tənqid atəşinə məruz qalmışam, amma bu problemi necə həll etməyin lazım olması barədə öz mövqeyimi bildirmişəm. İlham Heydər oğlu tam səmimi və açıq şəkildə dedi ki, biz problemi sülh yolu ilə həll etmək istəyirdik». Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra mətbuata açıqlamasında deyib.

Belarus Prezidenti bütün bunların şahidi və tərəfdarı olduğunu vurğulayıb: “Bu gün isə mən həqiqətən həm Azərbaycan xalqını, həm də Ermənistan xalqını onların tarixində bu kədərli, ən azı kədərli dövrün başa çatması münasibətilə təbrik etmək istəyirəm. Əhsən Prezidentə. O dedi ki, biz tarixin bu səhifəsini çevirmək istəyirik. Mənim mövqeyim, mənim arzum budur. Allah eləsin, bu bəla sovuşsun. Ermənistan və Azərbaycan xalqlarının qəlbində kin-küdurət izləri qalmasın. Mən əminəm ki, dostum və qardaşım erməniləri əsla sıxışdırmayacaq, onlarla hesabı çürütmək, qisas almaq fikrinə düşməyəcək. O, savadlı, mədəni insandır. Mən həmişə deyirəm ki, sovet dövründə o, bizim Sovet İttifaqının ən yaxşı ali məktəbini – Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. O, postsovet məkanındakı prezidentlər arasında ən savadlı, ən mədəni insandır. Mən həmişə bu barədə də açıq danışmışam”.

Belarus Prezidenti: “Azərbaycanın işğaldan azad olunmuş və bərpa ediləcək ərazilərində birgə müəssisələr yaratmağa hazırıq”

“İcari-iqtisadi sahədə əməkdaşlıq, kooperasiyanın daha yüksək mərhələsinə keçid, müştərək müəssisələr, texnologiyanın verilməsi və burada Azərbaycana lazım olan, lakin ənənəvi sovet dövründə və indi də malik olmadıqları istehsalatlar yaradılması barədə danışdıq. Buyurun, biz buraya, xüsusən işğaldan azad olunmuş və bərpa ediləcək ərazilərdə birgə müəssisələr yaratmağa hazırıq”,-deyən Aleksandr Lukaşenko ölkəsinin Azərbaycan ilə birgə, çiyin-çiyinə və məsuliyyətlə fəaliyyət göstərməyə hazır olduğunu vurğulayaraq bildirib ki, pandemiya və postpandemiya şəraitində vəziyyətin təhlilinə xeyli vaxt sərf etdik. Bir sözlə, Azərbaycan və Belarus arasında olan strateji əməkdaşlıq əlaqələri hər iki ölkənin perspektiv inkişafı baxımından, xüsusi əhəmiyyət kəsb edir. Bu əlaqələr, eyni zamanda, regionun gələcək tərəqqisi ilə bağlı yeni baxışlar formalaşdırır.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...