ABŞ ordusu Azərbaycandan öyrənir “Foregin Policy” yazır

ABŞ ordusu Azərbaycandan öyrənir “Foregin Policy” yazır

Amerikanın “Foregin Policy” jurnalı “ABŞ ordusu Qarabağ müharibəsinin nəticələri üzərində öyrənir” sərlövhəli yazı ilə çıxış edib. Məqalədə əsasən Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ müharibəsində həyata keçirdiyi hərbi əməliyyatları və təcrübəsinin amerikalı hərbçilər tərəfindən öyrənilməsi barədə fikirlər yer alıb. SİA xəbər verir ki, materialın müəllifi Cek Detçin yazdığına görə, ötən ilin payızında - hərbi əməliyyatların aparıldığı dövrdə Azərbaycan Ermənistanla münaqişədə türk kamikadze dronları vasitəsi ilə hava məkanına sahib oldu və qalib gəldi. Məhz onda ABŞ silahlı qüvvələrinin strateqlərinə aydın oldu ki, düşmənin canlı qüvvəsini məhv etmək əvvəlkindən fərqli olaraq indi daha ucuz və rahatdır.

ABŞ ordusunun assimetrik müharibə qrupunun rəhbəri, polkovnik Skott Şou: “Silah-sursat kolonları, hətta cəbhə xəttinə yetişə bilmirdilər”

“Videokadrlardan görə bilərsiniz ki, pilotsuz aviasiya sistemləri tankları, artilleriya mövqelərini və ordunu necə hədəfə alıb-məhv edir”, ABŞ ordusunun assimetrik müharibə qrupunun rəhbəri, polkovnik Skott Şou jurnala verdiyi şərhində bildirir.

Onun sözlərinə görə, ötən payızda Azərbaycan Ermənistanı darmadağın etdikdən sonra aydın oldu ki, daha amerikalıların silahlı qüvvələri öz rəqiblərinə qarşı mübahisəolunmaz hava üstünlüyünə sahib olmayacaqlar.

Nəşr yazır ki, altı həftəlik münaqişə zamanı Azərbaycan türklərin Bayraktar TB2 PUA-larını və İsraildə istehsal olunduğu intiharçı dronlarını zirehli tank qüvvələrini, həmçinin loqistikasını və erməni silahlı qüvvələrinin təchizat xəttini məhv etmək üçün geniş istifadə etdi. “Silah-sursat kolonları, hətta cəbhə xəttinə yetişə bilmirdilər”, nəşr qeyd edir və yazır ki, Azərbaycan ona məxsus ərazilərini işğaldan azad etdiyi müddətdə erməni konvoylarının və silah-sursatlarının məhv olunmasını əks etdirən çarxlar təqdim edildi və bu da yeni hərbi yanaşma üçün vizit kartı oldu.

“Prezident İlham Əliyev bəyan etdi ki, türk PUA-ları azərbaycanlı hərbçilərə ermənilərin 1 milyarddan artıq avadanlıqlarını məhv etmək imkanını qazandırdı”

“Münaqişənin son günlərində Azərbaycan Prezidenti İlham Əliyev hətta məhv edilmiş və ələ keçirilmiş erməni texnikaları barədə siyahını ictimailəşdirdi, o cümlədən təxminən 250 tank, 50 hərbi piyada maşını və dörd ədəd S-300 raketdən müdafiə sistemi, habelə 198 yük maşını və 17 özüyeriyən artilleriya qurğusu. Oktyabrın ortasında Prezident İlham Əliyev bəyan etdi ki, türk PUA-ları azərbaycanlı hərbçilərə ermənilərin 1 milyarddan artıq avadanlıqlarını məhv etmək imkanını qazandırdı”, deyə jurnal yazır.

Bildirilir ki, bəzilərinin hesab etdiklərinə görə, Dağlıq Qarabağdakı müharibə amerikalılarının bir vaxtlar güvəndikləri və İraqda həyata keçirdikləri “Şok və qorxu” əməliyyatını kölgədə qoyub.

Amerikalı polkovnik Şou “Foregin Policy” nəşrinə verdiyi şərhində onu da qeyd edib ki, bundan sonrakı müharibələrdə dronlar hava tanklarını – uçan zirehli heyvanları xatırladacaqlar ki, onlar dağıdıəcı zərbələr endirməyə qadirdirlər.

Bu isə o deməkdir ki, üzündəki kamufilyaj rənglərini iki onillik boyu dəyişməyən ordu üzə çıxarılaraq məhv edilməməsi üçün yeni vasitələr tapmalıdır. Bu, müharibənin aparılması üçün yeni çağırışlar yaradır.

“ABŞ ordusu uzun müddət statistik mövqelərdə atəş gücünə malik olsa da, gərək yeni yanaşmalar barədə düşünsün”

“Biz maskirovka barəsində düşünməliyik. Siz öz avtomobilinizi gizlədə bilərsiniz, ancaq mövqeyə doğru hərəkət edən tankları gizlədə bilməzsiniz. Bu, eynilə ayaqqabının buraxdığı izlər kimidir. Ona görə də biz taktiki səviyyədə necə maksirovka olunmağımızı, hərəkətimizi, öz mövqemizi, qərargahımızı müdafiə edəcəyimizi müəyyənləşdirməliyik” amerikalı polkovnik deyib.

Nəşr yazır ki, Şou bununla yanaşı ABŞ ordusunda xidmət aparan bir sıra rəhbərlərə instruktaj keçməklə məşğuldur. O, həmin rəhbərlərlə Dağlıq Qarabağda gedən hərbi əməliyyatların videoyazılarını bölüşür. Bunun üçün ayrıca tarixçi də ayırıblar ki, hərbi əməliyyatların gedişinin tam araşdırılmasını aparsın.

“ABŞ ordusu uzun müddət statik mövqelərdə atəş gücünə malik olsa da, gərək yeni yanaşmalar barədə düşünsün və bunun müqabilində xaricdən edilən hücumlar zamanı daha mobil və aşkarlanmaması üçün daha çevik olsun”, nəşr sonda yazıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə