""Dəmir yumruq” erməni dövlətçiliyinə son qoyacaq" MİLLƏT VƏKİLİNİN RƏYİ

“Ermənistandan baş verənlər əlbəttə digər qonşu dövlətlər kimi bizim tərəfimizdən də diqqətlə izlənilir, lakin, nəzərə alaq ki, bu hakimiyyət uğrunda mübarizə olduğu üçün Ermənistanın daxili işidir və Ermənistan layiq olduğunu yaşamaqdadır. Bilirsiz ki, erməni xalqı bu ölkədə hərbi canilərin rəhbərlik etdiyi xuntanın 20 ildən çox davam edən cinayətkar diktaturası, daha sonra Soros iqtidarı dövründə buraxılmış ciddi səhvlərin, habelə, uydurma ideologiyalara aludəçiliyin cəzasını ağır formada çəkməkdədir. İndi bəzən Ermənistanda hakimiyyət dəyişikliyi olarsa bölgədə yeni müharibə ehtimalı məsələsi müzakirə olunur, lakin narahatlıq üçün əsas yoxdur”. Bunu SİA-ya millət vəkili Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, 28 illik işğal faktoru, bölgənin bütün kommunikasiyalarından kənarda qalması, Prezident İlham Əliyevin siyasi və iqtisadi həmlələri nəticəsində dalan dövlətə çevirməsi faktiki olaraq Ermənistanı səfil və rəzil duruma salıb: “Onların yeganə öyünəcəkləri məqam birinci Qarabağ müharibəsində o zaman daxilən parçalanmış Azərbaycan üzərində müvəqqəti qələbələri idi ki, Prezident İlham Əliyevin iqtisadi-siyasi islahatları və diplomatik habelə, müasir ordu quruculuğu fəaliyyəti nəticəsində güc mərkəzinə çevrilən Azərbaycan 44 günlük müharibədə bu mifə də son qoydu. Ermənistan da onun havadarları da bölgədə yerlə yeksan edildikdən sonra, rəsmi İrəvan təslimçi razılaşmaya məcbur oldu.10 noyabr və 11 yanvar tarixlərində iki dəfə Üçtərəfli razılaşma imzalandı, bilirsiz ki, ikisini də Ermənistan tərəfdən Nikol Paşinyan imzalayıb, lakin, təbii ki, öz adından yox Ermənistan dövləti adından imzalayıb.

İndi bundan sonra Paşinyanın devrilib devrilməyəcəyi, məsələnin mahiyyətini dəyişə bilməz. Düzdür, erməni müxalifəti revanş çağırışları səsləndirir, lakin əmin ola bilərsiz ki, bu sadəcə hakimiyyət uğrunda mübarizədə istifadə olunan tryukdur. Revanşın alınmasında hamıdan çox elə Paşinyan özü maraqlıdır, yəni müharibə apara bilsə elə Paşinyan aparıb canını bu rüsvayçılıqdan qurtarardı. Ermənistanın hərbi potensialının 80 faizindən çoxu məhv edilib, döyüşəcək adamı yoxdur, hətta erməni xalqının çoxsaylı nümayəndələri kömək üçün açıq formada Prezident Əliyevə müraciət edir, belə olan halda ya Paşinyan, ya onun sələfi necə revanş müharibəsi apara bilər? Başqa ölkə onların yerinə döyüşəcəkmi? 44 günlük müharibədə zatən bir neçə dövlət onları tam silah sursat və canlı qüvvə ilə təmin edirdi, nəticə nə oldu? Artıq dövr dəyişib.

Cənubi Qafqazda Azərbaycana qalib gəlmək mümkün deyil, son söz bizimdir. Əlbəttə Ermənistanda hər kəs eləcə də aralarında ciddi siyasətçilərin də olduğu hakimiyyətə gəlmək istəyən qüvvələr də bunu çox gözəl bilir. Bu mənada yeni müharibə ermənilər üçün yolun sonu demək olar. Yox əgər kimsə diaspora və terror təsisatlarının təzyiqi ilə yenidən Azərbaycanı qarşısına alıb müharibəyə cəhd cəhd edərsə “Dəmir yumruq” erməni dövlətçiliyinə son qoyacaq. Bu mənada Paşinyanın hakimiyyətdə qalması yaxud getməsinin Azərbaycan üçün ciddi əhəmiyyəti yoxdur. Ermənistan başa düşməlidir ki, bu ölkənin gələcəyi və inkişaf prespektivi Azərbaycanla əməkdaşlıqdan keçir. Azərbaycan bölgəyə yeni nəfəs verməyə, mehriban qonşuluq formatının yaranmasında maraqlıdır. Rəsmi İrəvan da buna maraqlı olmalı, xalqı məhv edən, bölgədə sülhü təhdid edən zərərli ideologiyadan imtina edib dövlətçiliyin davamı, erməni xalqının xoş gələcəyini naminə bölgədə Prezident İlham Əliyevlə hesablaşmalı, bunun üçün də 30 il ərzində Azərbaycan xalqına vurulmuş maddi və mənəvi zərərin, təzminatın tam ödənilməsini həyata keçirərək bizimlə mehriban qonşuluq siyasətinə çalışmalıdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə