Ermənistanı böyük aclıq gözləyir: sabiq baş nazirdən acı etiraflar ANALİTİKA
Müharibədə aldığı ağır məğlubiyyətdən sonra Ermənistan növbəti siyasi çalxanmalara məruz qalması ilə yanaşı, həm də böyük aclıq astanasında dayanıb. Artıq bununla bağlı ölkənin bir sıra tanınmış siyasiləri, iqtisadi ekspertləri “SOS” siqnalını verməyə başlayıblar. Bu xüsusda ölkənin sabiq baş naziri Qrant Baqratyanın dəqiq rəqəmlərlə ölkəni gözləyən aclıq fəlakəti barədə proqnozlar verməsi qeyd olunan reallıqların həqiqətən də uzaqda olmadığını əks etdirməkdədir.
Qrant Baqratyan: “Martda, apreldə, mayda aclıq olacaq”
SİA xəbər verir ki, sabiq baş nazir çörək qıtlığı və onun yaradacağı fəsadlar haqqında erməni ictimai rəyi ilə fikirlərini bölüşüb. O, jurnalistlərlə söhbətində deyib. SİTAT: “Bu gün heç bir ticarət yoxdur, xarici ticarətin həcmi, hətta 15%-i təşkil etmir. Qarabağ buğdası artıq yoxdur, növbəti ildə (cari ili nəzərdə tutur-R.R.) bizdə çörəklə bağlı problemlər yaranacaq. Qarabağdan 70 min qaçqına malikik, onlara evlər tikmək lazım olacaq. Ümid edirəm ki, səhv qərarlar qəbul ediləcək. Ümid edirəm ki, Paşinyan qərarların ən pisini seçəcək. Təkrar edirəm: bir müddət sonra ölkədə çörəklə bağlı problem yaranacaq. Martda, apreldə, mayda aclıq olacaq. Mən yaxşı şeyləri çox az görürəm”.
Eks baş nazir: “Mərkəzi bank hər gün ehtiyatları xərcləyir, təkcə oktyabrda 500 milyon dollar havaya uçurulub”
Baqratyan işğaldan azad edilmiş torpaqlarımızı itirdiklərinə görə ardıcıl ağır problemlər yaşayacaqlarını digər məsələlərlə də əlaqələndirib.
“Bizim ciddi torpaq itkilərimiz var ki, bu da buğda, ət, süd istehsalı sahəsinə təsirlərini göstərəcək”, deyən erməni sabiq baş nazirin sözlərinə görə, itirilən (Azərbaycan tərəfindən işğaldan azad edilmiş) hər torpağa görə Ermənistan qida böhranına gətirib-çıxaracaq resurslarını da itirir.
“Mərkəzi bank bizim ehtiyatlarımızı hər gün xərcləyir. Təkcə oktyabrda 500 milyon dolları xərcləyərək, bu məbləği havaya uçurub”, Baqratyan bildirib.
Keçmiş hökumət başçısı: “Torpaqların təhvil verilməsi davam edəcək”
Lakin digər bir maraqlı məsələyə də toxunan keçmiş baş nazir sərhədlərin SSRİ dövrünə istinadən aparılan delimitasiyasının da Ermənistana dəhşətli proqnozlar vəd etdiyini deyib. SİTAT: “Kəndlərin təhvil verilməsi davam edəcək, növbətisi Kərki (Naxçıvan, Sədərək) – daha sonrası isə Tavuş vilayəti (Qazax rayonunun 7 kəndi nəzərdə tutulur)”.
O, həmçinin bildirib ki, Azərbaycanın dövlət rəhbərliyi qaçqınların geriyə qaytarılması barədə danışarkən, ermənilər bu haqda heç nə bəyan edə bilmirlər. Keçmiş baş nazir sərhədlər haqqında sənədin imzalanması üçün ilk addımın atılmasını vacib hesab edir və eyni zamanda, digər təkliflərini də irəli sürüb.
Baqratyan: “Problem ondadır ki, biz silahdan atəş aça bilmirik”
Baqratyan bildirir ki, qeyd edilənlərlə yanaşı, vergi islahatlarını həyata keçirmək, kənd təsərrüfatı kooperativlərini yaratmaq, yeni atom stansiyasını tikmək lazımdır. Belə ki, ordunun da vəziyyəti acınacaqlıdır. “Ordunun silah problemi yoxur, Rusiya, Çin bizi bütövlüklə silahlandırır. Problem ondadır ki, biz silahdan atəş aça bilmirik. Özümün əvvəlki proqramlarımda mən bəyan etmişdim ki, həqiqi hərbi xidmətə çağırılan əsgər gərək orta əmək haqqı alsın. Vətənin müdafiəsi üçün görülən iş insanların gördükləri orta işdən daha əhəmiyyətlidir”, Baqratyan bildirib.
Beləliklə, fakt budur ki, Ermənistanın faktiki vəziyyəti, əslində, göz önündədir və hətta küçələrə çıxaracaq Paşinyan hakimiyyətini devirməyə çalışan revanşistlər belə, əslində hər hansı bir nailiyyət əldə edəcəklərinə özləri də inanmırlar. Çünki bu ölkədə mövcud olan və onillərdir ki, davam edən yanlış, qeyri-sağlam erməni təfəkkürü əvvəl-axır onları belə bir ağır, çıxılmaz duruma doğru gətirib-çıxaracaq idi...
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB