"Tam təcrid, SMS icazə kimi sərt tədbirlərə əl atılacaq" ÖZƏL-MÜNASİBƏT

“Azərbaycanda koronavirus infeksiyasına gündəlik yoluxma faktı artıq 4 mini ötüb. Bir neçə gündür ki, gündəlik statistikada ölüm halları 30 rəqəminin üzərindədir. Bu o deməkdir ki, yay ayları ilə müqayisədə gündəlik ölüm halları 4 dəfəyə qədər artıb. Hazırda yoluxma hallarının 1-1,5%-i ölümlə nəticələnir. Bu rəqəmlər əhalisinin sayı 10 milyon olan Azərbaycan üçün olduqca qorxunc rəqəmlərdir. Təəssüf ki, bu hələ son olmaya bilər. Belə ki, ümumilikdə son 10-14 gündə ölkəmizdə aktiv xəstələrin sayı iki dəfə artaraq 45.000 nəfəri ötüb və dekabr ayının ilk 10 günlüyündə xəstəliyin artım sürəti dəyişməzsə, aktiv xəstələrin sayının 90.000 nəfərə çatacağı gözlənilir. Mövcud tendensiya onu proqnozlaşdırmağa əsas verir ki, qarşıdan gələn günlərdə yoluxma hallarının sayı gündə 5000-6000 nəfərə çatacaq. Gündəlik yoluxma hallarının artması isə sözsüz ki, gündəlik ölüm hallarının yüksəlməsi ilə nəticələnəcək". Bunu SİA-ya Əməkdar jurnalist Elman Babayev deyib.

Onun sözlərinə görə, belə olan halda ölkədəki vəziyyətin nə dərəcədə gərginləşəcəyini göz önünə gətirmək o qədər də çətin deyil. İlk növbədə onu vurğulamaq vacibdir ki, durum milli səhiyyə sisteminin imkanlarını ötəcək: "Xəstələrin çarpayılarla təminatı, onların xəstəxanalara çatdırılması, vaxtında tibbi müdaxilənin edilməsi, təmaslarının izlənilməsi kimi zəruri tədbirlərin görülməsini qeyri-mümkün olacaq.

Bu, heç də o demək deyil ki, Azərbaycan dövlətinin koronavirusla mübarizə tədbirləri axsayır. Əksinə, hamı şahiddir ki, ötən dövr ərzində Azərbaycanda infeksiya ilə mübarizədə bütün zəruri tədbirlər görülüb. Ölkənin səhiyyə sisteminin potensialı əsaslı şəkildə gücləndirilib. Fəqət bütün bunlara rəğmən çarpayı fondunun artırılması, zəruri dərman vasitələrinin tədarükü, yeni xəstəxanaların tikilməsi, həkim və tibbi personalın mobilizasiyası nəticəsində bu gün 40.000 nəfərdən çox xəstənin müalicəsi mümkün deyil.

Vəziyyəti açıq şəkildə görməyi, dəyərləndirməyi bacarmalıyıq! Hamı başa düşməlidir ki, bu imkanların bir həddi var və bu həddi aşmaq ərəfəsindəyik!

Vəziyyətin bu istiqamətdə inkişaf edəcəyi, ölkənin səhiyyə sisteminə real təhlükə yaranacağı, yoluxma və ölüm hallarının arzuolunmaz miqyasda artacağı təqdirdə nə olacaq? Nə etməli? Hər yeri qapamaq kimi sərt tədbirlərin fəsadları nə ola bilər?

Bu suallara cavab axtaran zaman indiyə qədər COVİD-19 pandemiyasının qarşısının alınması istiqamətində ən təsirli tədbirlər kimi sərt məhdudiyyətlərin tətbiqini vurğulamaq mümkündür. Məhz bu sərt tədbirlərin nəticəsində iki dəfə xəstəliyin sayında sürətli artımın qarşısı alınıb və onun minimallaşdırılması danılmaz faktdır.

Yeri gəlmişkən, hazırda COVİD-19 xəstəliyinin sürətlə yayılması, yoluxan və vəfat edən şəxslərin sayında kəskin artım tək Azərbaycanda baş vermir. Bütün dünya üçün bu ən ciddi problemə çevrilib və ayrı-ayrı ölkələrin təcrübəsi göstərir ki, xəstəliyin qarşısını almaq üçün hökumətlər sərt məhdudiyyətlər tətbiq etmək məcburiyyətində qalırlar.

Amma unutmayaq ki, bu məhdudiyyətlərin başqa fəsadları da var. Bunun iqtisadi, insanlara sosial-psxoloji təsirlərini görməzdən gəlmək olmaz! Məhz bu səbəbdən hazırda Azərbaycan dövləti məhdudiyyətlərin tətbiqini hələlik minimal miqyasda həyata keçirir.

Reallıq budur ki, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da insanlar vəziyyətin ciddiliyini yaxına buraxmırlar. Bu xəstəliyin insanların həyatları üçün potensial təhlükə olduğu yaz və yay aylarında olduğu qədər məsuliyyətlə dərk edilmir.

Bir çox hallarda ehtiyatsız davranma varmı? Var! Mövcud qaydaları kifayət qədər pozma halları varmı? Var! Tövsiyələri qulaq ardına vurma varmı? Var!

Bu ilin sentyabrın 27-də hərbi əməliyyatlar başlayan zaman əhaliyə dəfələrlə məsuliyyətli davranmaqla bağlı müraciət edildi. Vurğulandı ki, tövsiyələrə əməl etməmək bizim üçün arzuolunmayan ikinci cəbhə yarada bilər. Açıq etitaf etməliyik ki, qaydalara əməl olunmadı!

Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi ilə nəticələnən tarixi qələbə bir çox vətəndaşlar tərəfindən kütləvi şəkildə qeyd edildi. İnsanlarda yaranmış ruh yüksəkliyi COVİD-19 pandemiyası təhlükəsini ikinci plana keçirtdi. Torpaqların işğaldan azad olunmasının kütləvi qeyd edilməsi, bu məqsədlə yürüşlərin keçirilməsi COVİD-19-un yayılması ilə bağlı vəziyyəti gərginləşdirdi. Bundan sonrakı dövrdə də belə kütləvilik hallarının olacağı gözləniləndir.

Vəziyyətin ciddiliyini anlamalıyıq! Hər bir vətəndaş bilməlidir ki, vəziyyət daha bir neçə gün belə davam edəcəksə iqtisadi, psixoloji təsirlərə rəğmən dövlət yenidən sərt məhdudiyyətlərin tətbiqinə məcbur qalacaq. Tam təcrid, SMS icazə və s. bu kimi sərt tədbirlərə əl atılacaq.

Bütün bunların baş verməməsi, durumun müsbətə doğru dəyişməsi üçün hər bir vətəndaşın vəziyyəti düzgün dəyərləndirməsi vacibdir. Hər gün ətrafımızda infeksiyaya yoluxanların şahidi oluruqsa, yenə də məsuliyyətsiz davranırıqsa bunun fəsadları getdikcə böyüyəcək.

Öz davranışlarımızla vəziyyətin yaxşılaşmasına töhfə vermək üçün, daha məsuliyyətli olmalı, mövcud tələblərə uyğunlaşmalıyıq. COVİD-19 virusu ilə mübarizədə ən vacib amil vətəndaş həmrəyliyi və dövlət-vətəndaş əməkdaşlığıdır. Üzərimizə düşən qayda və tövsiyələrə əməl etmək lazımdır, ondan yayınmaq yollarını axtarmaq yox! Qoyulan qadağalara bir sıra hallarda lağ obyekti kimi baxmağın bədəlini görmək üçün mövcud statistikanı analiz etməyiniz bəs edir.

Tək yol xəstəliklə mübarizədə bir olmaq, tövsiyələrə birmənalı əməl etməkdir! Bunun əksi dövlət olaraq bizə yaxşı heç nə vəd etmir. Bizi qarşıda Azərbaycan olaraq böyük amallar gözləyir. Torpaqların işğaldan xilası hələ son deyil! Bir olmalı, xəstəliyə qalib gəlməli, dövlətin üzərinə əlavə yükün düşməsinə imkan verməməliyik!".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə