Ermənistanın müharibə cinayətlərinin qiymətləndirilməsi üçün hərbi tribunal yaradılmalıdır Hikmət Hacıyev

Azərbaycan dövləti hüquqi müstəvidə Azərbaycan xalqına qarşı törədilən hərbi cinayətlərə görə hüquqi təqib addımlarını davam etdirəcək. Bu cinayətlər beynəlxalq platformalarda zəruri qiymətini almalıdır. SİA-nın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, bütün bunların qiymətləndirilməsi üçün hərbi tribunalın yaradılmasına ehtiyac var.

H.Hacıyev qeyd edib ki, bunlar qisas deyil, ədalətin bərpasıdır.

PA rəsmisi əlavə edib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində çoxsaylı cinayətlər törədilib. Bu cinayətlər Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən həyata keçirilib. Bu gün hərbi əməliyyatların gedişi onu göstərir ki, Ermənistan Azərbaycana təcavüz həyata keçirir, mülki əhalinin öldürülməsi Ermənistanın məsuliyyətini təsbit edir: “Bu günə qədər Ermənistan danışıqlar prosesinin formatını dəyişməyə çalışıb. Ermənistan bu gün təcavüz həyata keçirən tərəf olaraq, birbaşa bütün cinayətlərə görə məsuliyyət daşıyır”.

H.Hacıyev qeyd edib ki, işğal edilmiş ərazilərdə mədəni abidələrin məhv edilməsi, mədəni irsin qəsdən məhv edilməsi də hərbi cinayətlərdir: “İşğal edilmiş ərazilərimizdə bu günə qədər qanunsuz məskunlaşdırma siyasəti həyata keçirilir, amma buna zəruri adekvat reaksiya verilməyib. İşğal edilmiş ərazilərin qazanc məqsədilə istifadəsi də hərbi cinayətlərdir. İşğal edilmiş ərazilərdə qeyri-qanuni iqtisadi əlaqələr də qurulub. Mineral yataqlar qanunsuz şəkildə istismar edilib və ölkədən kənara çıxarılıb. Bu qanunsuz iqtisadi əlaqələr nəticəsində hasil olunan maddi resurslar Ermənistanın bank hesablarına keçirilib".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...