"Bütün dünyanın gözü qarşısında bu qurumların qeyri-effektiv olması açıq-aydın göründü" ÖZƏL-MÜNASİBƏT

"BMT Təhlükəsizlik Şurasının keçirilən son iclasında ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri ABŞ, Fransa və Rusiyanın münaqişənin həlli ilə bağlı tutduğu ədalətsiz mövqe bir daha bu ölkələrin münaqişə ilə bağlı tutduğu qeyri-ədalətli mövqeyi ortaya qoymuş oldu. Bununla BMT öz qəbul etdiyi qərarlara hörmət etmədiyini, həqiqətən dünyada sülhə can atmadığını, ikili standartlardan çıxış etdiyini nümayiş etdirdi. Bununla Azərbaycan beynəlxalq mexanizmlər işləmədiyindən münaqişənin güc yolu ilə həlli yolunda doğru olduğunu isbat etmiş oldu". Bunu SİA-ya Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, əslində bir münaqişənin həlli üçün 30 il az zaman deyil, Ermənistan kimi balaca bir dövlətə BMT, ATƏT həm-sədr ölkələr təzyiq göstərə və təcavüzdən çəkindirə bilmirsə, demək ki, belə bir niyyətləri yoxdur: "Əks halda Ermənistana BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə əsasən çox asanlıqla sanksiyalar tətbiq etmək mümkündür, bunun üçün yetərincə hüququ baza mövcuddur. Lakin təəssüf hissi doğuran hal ondan ibarətdir ki, sözügedən beynəlxalq təşkilatlar və həmsədr ölkələr münaqişənin həll edilməsindən daha çox onun uzanmasında maraqlı görsənirlər. Belə olmasa idi, sadəcə atəşkəsin bərpa edilməsi çağırışları ilə kifayətlənməyərək, qətnamələrin icrası ilə bağlı işğalçı ölkəyə daha təsirli tədbirlər görərdilər. Azərbaycan dövləti və ictimaiyyətinin münaqişənin həllinə həvalə olunmuş bu qurumlara inamının itməsi əslində bu qurumlarının qlobal nüfuzuna çox ciddi bir zərbədir. Bundan sonra bütün dünyanın gözü qarşısında bu qurumların qeyri-effektiv olması açıq-aydın göründü. Ona görə də Azərbaycanın Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda möhkəmlənməsinin doğru bir diplomatik addım olması özünü real həyatda təsdiq etdi. Düşünürəm ki, BMT, ATƏT kimi və həmsədrlik institutuna Azərbaycan xalqında inam bu hadisədən sonra ciddi sarsılmış oldu və bir daha nümayiş etdirildi ki, dünyada ədalətli olan məhz güclü olan tərəfdir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə