"ATƏT-in Minsk qrupu məsələyə tamamilə yeni kontekstə yanaşmalıdır" - ŞƏRH - ÖZƏL

"Azərbaycan 27 sentyabrdan bu günədək döyüş meydanında öz torpaqlarını azad etməklə bərabər, bütün diplomatik əlaqələrə də açıq olduğunu nümayiş etdirib. Dövlətimiz beynəlxalq hüququn tələblərinin yerinə gətirilməsinin diplomatik müstəvidə də davam etdirilməsilə bağlı hər cür siyasi dialoqa hazır olduğunu diqqətə çatdırıb. Çünki söhbət Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından gedir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, əslində hazırda müşahidə etdiyimiz diplomatik trafiki isə Azərbaycan ordusunun döyüş meydanında əldə etdiyi strateji hərbi uğurlar təmin edib: "Ona görə də diplomatik müstəvidə də yeni şərtlər yeni operativ müzakirələri aktuallaşdırıb. Bu isə rəsmi Bakıya bu vaxta qədər heç vaxt müşahidə olunmayan üstünlük yaradıb. Xarici işlər nazirilərinin hazırki mərhələdə həmsədr ölkələrdəki həmkarları ilə görüşmələri də məzh bu kontekstə baş tutur. Ona görə də ATƏT-in Minsk qrupu həmsədrləri mövcud hərbi-siyasi reallığı obyektiv şəkildə qiymətləndirərək məsələyə tamamilə yeni kontekstə yanaşmalıdırlar. Azərbaycanın gözləntiləri ondan ibarətdir ki, həmsədrlər dərhal bəyanat verib ildirməlidirlər ki, işğalçı Ermənistan ordusu qeyd-şərtsiz Azərbaycanın torpaqlarından ən qısa müddətdə çıxmalıdır və bunu konkret vaxt və qrafik çərçivəsində etməlidir".

H.Babaoğlu vurğulayıb ki, dolayısıyla ATƏT-in Minsk qrupunun həmsədrləri özlərinin də 1993-cü ildə səs verdikləri BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməsi tələb etməlidirlər: "Bu üç həmsədr həm də BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü arasındadırlar və 1993-cü ildə məlum qətnamələrə səs veriblər. Biz mövcud hüquqi, hərbi-siyasi reallığa söykənərək ABŞ-dan daha obyektiv, cəsarətli və beynəlxalq hüququn həyata keçirilməsini tələb edən mövqe gözləyirik. Mən ümid edirəm ki, hazırkı mərhələdə diplomatik danışıqların mövzusu da bu istiqamətdə olacaq. Nəhayət biz həmsədr ölkələrin obyektiv mövqelərinin və bəyanatlarının şahidi olacağıq ya da ən azından bunu təmənna edirik".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə