Rus səfir Koçaryanın görüş təklifini rədd edir SƏBƏB

“Politik”: “Koçaryan Rusiyanın regiona təsirini anlayaraq Ermənistandakı daxili siyasətində mövqeyini gücləndirməkdən ötrü bu ölkənin hakimiyyəti ilə yaxşı münasibətlər qurmağa səy göstərir”

“Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik daimi komissiyasının sədri Andranik Koçaryan titanik cəhdlərinə baxmayaraq, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə görüşməyə müyəssər ola bilmir. Belə ki, Koçaryan Rusiyanın regiona təsirini anlayaraq Ermənistandakı daxili siyasətində mövqeyini gücləndirməkdən ötrü bu ölkənin hakimiyyəti ilə yaxşı münasibətlər qurmağa səy göstərir”. SİA xəbər verir ki, bu barədə ermənilərin “politika.am” saytı yazır.

“Koçaryanı özündən çıxaran məsələ isə budur ki, onun görüş təkliflərini rədd edən səfir böyük məmnuniyyətlə parlamentin vitse-spikeri Alen Simonyanla görüşür”

Qeyd olunur ki, Sergey Kopırkin müxtəlif bəhanələr gətirərək, görüş təkliflərini rədd edir. SİTAT: “Koçaryanı özündən çıxaran məsələ isə budur ki, onun görüş təkliflərini rədd edən səfir böyük məmnuniyyətlə parlamentin vitse-spikeri Alen Simonyanla görüşür, onun mövqelərinin möhkəmlənməsinə şərait yaradır. Rusiya səfirinin Andranik Koçaryanla görüşmək istəməməsi isə ciddi əsaslara dayanır. Koçaryan o siyasi xadimlərdəndir ki, uzun illər anti-Rusiya siyasətinin təbliği ilə məşğul olub, bundan əlavə o rus hakimiyyətini 27 oktyabr terror aktının (parlamentə silahlı basqın-red.) törədilməsində ittiham edir”.

Andranik Koçaryan Litvinenkonun 2005-ci ildə “Realıny Azerbaydjan” nəşrinə verdiyi müsahibəsində “QRU”nun terroru təşkil etməsi iddiasına da dəstək göstərib

Erməni nəşri yazır ki, Koçaryan uzun illər Litvinenkonun 27 oktyabr işi ilə bağlı versiyaları barədə danışıb. O, bu məsələ barədə özünün çoxsaylı müsahibələrində də fikirlərini bildirib. Nəşr eyni zamanda xatırladıb ki, Litvinenko 2005-ci ildə Azərbaycanda dərc edilən rusdilli “Realnıy Azerbaydjan”a müsahibə verib. O, (Litvinenko) Ermənistandakı hadisələrlə bağlı qalmaqallı bəyanatı ilə yadda qalıb. Bildirib ki, parlament binasında törədilən 1999-cu ildəki oktyabr terror hadisəsi Rusiyanın xüsusi xidmət orqanları, əsasən də, “QRU” tərəfindən təşkil olunub. Andranik Koçaryan isə Litvinenkonun bu iddialarını dəstəkləyib, müsahibə və açıqlamalar verərək, Rusiyanı günahlandırıb.

Nəticədə onun bu barədəki fikirləri Rusiyanın Ermənistandakı hazırkı səfirinin bəlli addımları ilə nəticəsini tapıb və səfir Koprıkin Koçaryanın görüş təkliflərini birmənalı şəkildə rədd edir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə