Sarsılmaz qardaşlıq bağları: regional güclərimiz fonunda ANALİTK
Qlobal çağırışlarla zəngin olan dünyanın dəyişikliyinin daha bir tərəfi Azərbaycan və Türkiyə qardaşlıq faktoru ilə tamamlanır
Sirr deyil ki, müasir dövrümüzdə bəşəriyyət müxtəlif qlobal təhlükə və çağırışlarla qarşı-qarşıya qalmaqdadır. Məhz bu yanaşmadan çıxış edərsək, dünya dövlətlərinin əməkdaşlığının güclənməsinin günün vacib məsələlərindən biri olduğu qənaətinə gələ bilərik. Belə ki, dünyanın bir parçası olan Azərbaycan da baş verən geosiyasi proseslər fonunda özünün milli-dövlətçilik maraqlarına uyğun, müxtəlif ikitərəfli və çoxtərəfli platformalarda, həmçinin üzvü olduğu beynəlxalq və regional təşkilatlarda mövqeyini daha da gücləndirir. Bu baxımdan, əminliklə deyə bilərik ki, Azərbaycan-Türkiyə qardaşlığı və bu faktorun sarsılmaz təməllərə söykənməsi sözügedən amilləri özündə kifayət qədər ehtiva etməkdədir.
Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə, o cümlədən, hərbi əməkdaşlıq istiqamətində sıx əlaqələr mövcuddur
Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipi əsasında xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və digər bir çox eyni bağlara malik olması, həm sevincli, həm də kədərli günlərdə daim bir-birinə dayaq dayanması amili qardaşlıq təməllərini daha da möhkəmləndirməkdədir. Ümumiyyətlə, Azərbaycan və Türkiyə arasında çoxşaxəli əlaqələrin bu cür yüksək səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələrini bəxş etməkdədir. Lakin daha bir əhəmiyyətli məqam Azərbaycan və Türkiyə münasibətlərinin dövlət başçıları çərçivəsindəki reallığı əsasına dayanır.
Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə, o cümlədən, hərbi əməkdaşlıq istiqamətində sıx əlaqələr mövcuddur. İki qardaş ölkə arasında hərbi əməkdaşlıq dünyada artan qlobal və regional təhlükələr, terrora qarşı mübarizə fonunda daha sürətlə inkişaf edir. Əbəs deyil ki, ölkələrimiz arasında digər bir çox müxtəlif sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığın güclənməsi bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından böyük əhəmiyyət kəsb etməkdədir. Bu mənada, Türkiyə Azərbaycanı təkcə qardaş ölkə kimi deyil, həmçinin regionda, eləcə də dünyanın siyasi arenasında mühüm strateji tərəfdaş olaraq görməkdədir. Biz buna misal olaraq, müxtəlif siyasi məkanlarda Türkiyənin olmadığı yerdə Azərbaycanın, Azərbaycanın olmadığı yerdə isə Türkiyənin birmənalı dəstəklərinin şahidləri olmuşuq.
Bölgəmizi təhdid altında qoymağa göstərilən cəhdlərin qarşısını məhz qarşılıqlı qarant faktoru ala bilər
Beləliklə, daha bir faktor budur ki, son illərdə Azərbaycan–Türkiyə hərbi əməkdaşlığında çox böyük sıçrayış müşahidə olunur və söz yox ki, bizi istəməyən qüvvələr bu uğurlardan təlaş keçirirlər. Halbuki, sözügedən sıx əlaqələrin, strateji əməkdaşlıqların inkişafı bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin qarantı naminə həyata keçirilməkdədir. Bölgəmizi təhdid altında qoymağa göstərilən cəhdlərin qarşısını isə məhz qarşılıqlı qarant faktoru ala bilər.
Yeri gəlmişkən, NATO-nun aparıcı ölkələrindən biri olan Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsində əhəmiyyətli rola malikdir. O da əbəs deyil ki, Türkiyə ilə Azərbaycan arasında imzalanmış strateji müqavilələr, həmçinin təhlükəsizlik üzrə imzalanmış sənədlər qardaş ölkələr arasında hərbi əməkdaşlığın inkişafını zəruri edən danılmaz amillərdəndir. Məsələn, “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” müqavilədə nəzərdə tutulanlar ölkələrimiz arasında hərbi əməkdaşlığın güclənməsinə kifayət qədər əhəmiyyətli təsirlərini göstərib.
Türkiyə–Azərbaycan birgə hərbi əməkdaşlığı qlobal təhlükə ilə birgə terrorla mübarizəni daim diqqətdə saxlamaqdadır
Qeyd edək ki, sözügedən sənədlərdə Türkiyə sərhədlərində hər bir təhdidə ölkənin milli təhlükəsizliyinə təhlükə mənbəyi kimi baxılır. Bu baxımdan da baxarsaq, Ankaranın strateji prioriteti əsasında Cənubi Qafqaz bölgəsi daim diqqət mərkəzində saxlanılmaqdadır. Ona görə də, Cənubi Qafqaz ölkələri, xüsusilə də Azərbaycanla hərbi əməkdaşlığın dərinləşdirilməsi Türkiyənin dövlət və milli maraqlarından irəli gəlir. Nəticə etibarı ilə ölkələrimiz arasında hərbi əməkdaşlıq baxımından nəzərdə tutulan planlar daim inkişaf edir, yeni perspektivləri müəyyənləşdirir. Bu siyasət isə təməllilik, qərarlılıq üzərində öz prinsipiallığını qoruyub-saxlamaqdadır.
Daha bir mühüm amili nəzərdən keçirək. Belə ki, təcavüzkar Ermənistanın işğalı nəticəsində nəzarətdən kənar qalmış Azərbaycan sərhədlərindən qeyri-qanuni məqsədlər üçün istifadənin qarşısının alınması Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı üçün mühüm istiqaməti olaraq dəyərləndirilir. Daha dəqiq desək, həm Türkiyə, həm də Azərbaycan uzun illərdir ki, terror təhdidindən əziyyət çəkdiyi üçün bu istiqamətdəki mübarizə daha çox önə sürülür. Ümumiyyətlə, Ermənistanın işğalçılıq siyasəti və vandalizm, vəhşilik faktları yalnız Azərbaycana deyil, Türkiyəyə də təhlükə mənbəyi saçır. Bu gün işğal altındakı ərazilərimizdə xarici ölkələrdən gətirilmiş muzdlu terror dəstələrinin düşərgələrinin olması, habelə PKK və s. kimi qrupların bu ərazilərdə hərbi təlimlər keçmələri haqqında faktlar da mövcuddur. Belə olan halda sözügedən təhlükənin artaraq regional təhdidə çevrilməsinin qarşısının alınması labüdləşir. Ona görə də, Türkiyə-Azərbaycan birgə hərbi əməkdaşlığı bu qlobal təhlükə ilə birgə terrorla mübarizəni daim diqqətdə saxlamaqdadır.
İki qardaş ölkə arasında hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi kadrların hazırlanması da prioritet əməkdaşlığın tərkibi sırasında yer alır
Ümumilikdə götürdükdə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən Türkiyə dövləti Azərbaycanın haqlı tələblərini daim müdafiə edib, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş tarixi torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması tələbi ilə mütəmadi çıxış edərək, ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində ardıcıl səylər göstərib və göstərir. 1992-ci ildən bu günədək bütün beynəlxalq təşkilatlar tərəfindən Ermənistanın işğalçılıq siyasəti, eləcə də Xocalı soyqırımı ilə bağlı onlarla qətnamələr qəbul edilsə də, təcavüzkar dövlət beynəlxalq hüquqa məhəl qoymur. Təəssüf ki, beynəlxalq təşkilatlar, eləcə də dünyanın böyük dövlətləri, ATƏT-in Minsk qrupunun həmsədrləri, hətta, BMT Təhlükəsizlik Şurası hələ də Ermənistanın işğalçı siyasətinə göz yumur. Azərbaycanın bu haqq işində ancaq qardaş Türkiyə açıq mövqe nümayiş etdirir, bütün platformalarda xalqımızın və dövlətimizin yanında olduğunu bəyan edir.
Bu gün iki qardaş ölkə arasında hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi kadrların hazırlanması da prioritet əməkdaşlığın tərkibi sırasında yer alır. Yeri gəlmişkən, xatırlada bilərik ki, sözügedən əməkdaşlıq Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Bəyannaməsində də öz əksini tapmaqdadır. Eyni zamanda, ölkələrimiz arasında hərbi əməkdaşlıq üçün bu ilin fevral ayında Bakıda imzalanmış və iyulun 2-dən qüvvəyə minən “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” Saziş geniş perspektivlərə yol açıb. Bu sənədin qüvvəyə minməsi ilə saziş çərçivəsində hazırlanmış illik plana uyğun olaraq, ölkələrin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə Azərbaycanın müxtəlif bölgələrində birgə genişmiqyaslı təlimlər keçirilib. Bu təlimlər isə, daha əvvəllər həyata keçirilmiş hərbi təlimlərin davamıdır.
Hətta bizi istəməyən siyasi və s. güclər nə qədər səylər, cəhdlər göstərsələr belə, onların istəkləri baş tutmamış qalacaq
Qeyd edək ki, Prezident İlham Əliyev hərbi təlimlər başa çatdıqdan sonra Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən ölkələrimiz arasında hərbi əməkdaşlığın inkişafını yüksək qiymətləndirib. Hər il həm Azərbaycanda, həm də Türkiyədə hərbi təlimlərin keçirilməsini ənənə kimi dəyərləndirən dövlətimizin başçısı bu təlimləri Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürü kimi qiymətləndirib.
Daha bir vacib məqam qardaş Türkiyənin Ermənistanla sərhədləri bağlaması və diplomatik əlaqələrini tamamilə kəsməsidir. Azərbaycanın iştirak etmədiyi platformada Türkiyə, Türkiyənin iştirak etmədiyi platformada isə Azərbaycan bir millət, iki dövlət missiyasını həyata keçirir. Azərbaycan Prezidentinin bir neçə il bundan əvvəl Türkiyənin iştirak etmədiyi mötəbər beynəlxalq tədbirdə Ermənistanın prezidentinin qardaş ölkə əleyhinə danışarkən onun sözünü kəsərək “Türkiyə burada yoxdur, amma mən varam, biz varıq” – bəyanatı, Türkiyəni müdafiə etməsi möhkəm və etibarlı dostluğumuzun sübutudur.
O cümlədən, Prezident İlham Əliyevin Yunanıstanın Azərbaycana yeni təyin olunmuş səfirinə “Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik” deməsi isə təkcə iki qardaş ölkədə deyil, beynəlxalq ictimaiyyətdə də rezonans doğurub. Azərbaycan Prezidentinin bu fikirləri hər iki dövlətin hər bir vətəndaşı üçün Türkiyə-Azərbaycan dostluğuna və qardaşlığına xidmət etməyin yol xəritəsidir. Bütün dövrlərdə Türkiyə-Azərbaycan münasibətləri həm iki ölkə, həm də region üçün çox önəmli rol oynayıb.
Nəticədə isə bir daha əminliklə qənaətə gələ bilərik ki, son illər ölkələrimiz arasında imzalanan çoxsaylı sənədlər Azərbaycan-Türkiyə münasibətlərinin sarsılmaz köklərə bağlı olduğunu kifayət qədər sübut etməkdədir. Lakin o da sirr deyil ki, böyük geosiyasi və geoiqtisadi potensiala malik hər iki ölkənin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, həmçinin bölgədə iqtisadi inkişafın gücləndirilməsinə təkan verəcək. Hətta bizi istəməyən siyasi və s. güclər nə qədər səylər, cəhdlər göstərsələr belə, onların istəkləri baş tutmamış qalacaq. Çünki müasir və qlobal çağırışlarla zəngin olan dünyanın dəyişikliyinin daha bir tərəfi Azərbaycan və Türkiyə qardaşlıq faktoru ilə tamamlanır.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB