“Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin “Ermənistana guya tikinti materiallarının daşındığı barədə Rusiyanın izahı bizi qane etmir” bəyanatı ölkə ictimaiyyəti və ekspertləri tərəfindən alqışlarla qarşılanır”. Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.
Politoloqun sözlərinə görə, regionda ciddi hadisələr baş verməkdədir: “Şoyqunun Bakıya gələrək Zakir Həsənovla görüşdə Rusiyanın Azərbaycanla yeni hərbi-texniki sazişin (silah alveri) tez bir zamanda imzalanmasının vacibliyini dilə gətirməsi, lakin qarşılığında isə, Ermənistana pulsuz silahlar ötürməsi siyasi şıltaqlığın bariz nümunəsidir. Hətta, bu yaxınlarda Serj Sarkisyan da 2010-2018 ci illər ərzində Ermənistana Rusiya tərəfindən pulsuz hərbi texnikalarının verilməsini etiraf etmişdi.
Azərbaycan Rusiya ilə münasibətlərə həmişə böyük önəm verib, Moskvanın maraqlarına tapdalayacaq heç bir siyasətdə yer almayıb. Bakı bundan sonra da Rusiyanın regiondakı tərəfdaşı olmaqda davam etmək istəyir. Torpaqların qaytarılması müqabilində biz Kremlin başçılığı altında müxtəlif təşkilatlara da daxil olmağa hazır idik. Azərbaycan kimi geoiqtisadi və logistik cəhətdən vacib ölkənin Rusiya ilə müxtəlif sahələrdə daha da sıx inteqrasiyası Moskva üçün indiki zamanda böyük əhəmiyyətə malikdir.
Lakin, Cənubi Qafqazla bağlı kuratorluq Lavrova, Şoyquya həvalə olunub. Onlar isə, xarici siyasətdə realizm yanaşması mövqeyindən çıxış edərək qarşı tərəflərdən maksimum fayda almaq, minimum kompromissə getmək formulu ilə çıxış edirlər. Hər halda, regionda son vaxtlar baş verənlər onu göstərir ki, bir çox vacib dövlətlərlə diplomatik təmasların intensivləşməsinə ehtiyac var. Rusiya ilə də danışıqlar davam etməlidir. Bu olduqca vacib və təcilidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB