Erməni ordusunun real vəziyyəti: könüllü alaylarının yaradılması nəyi sübut edir? ANALİTİK

Erməni ordusunun real vəziyyəti: könüllü alaylarının yaradılması nəyi sübut edir? ANALİTİK

Armenianreport: “Ermənistanın hərbi idarəsinin təklifi silahlı qüvvələrimizlə bağlı ümidverici düşüncələrimizi şübhə altında qoyub”

Azərbaycan Ordusunun Tovuzda erməni təxribatçılarına verdiyi ağır məğlubiyyət faktından sonra, bu dəfə Goranboy ərazisində düşmən diversiya-kəşfiyyat qrupunu aşkar edərək zərərsizləşdirməsi, həmçinin təxribatçı qrupun komandirini əsir götürməsi, əslində həmin məğlubiyyətin davamı olaraq qiymətləndirilə bilər. Əbəs deyil ki, ermənilər də bu amil qarşılığında ciddi təşvişə və qorxuya düşüblər.

Onu da qeyd edək ki, Ermənistanın hazırkı rəhbərliyi sabiq prezident Serj Sarqsyanı 2016-cı ilin aprel müharibəsinə görə istintaqa cəlb etməklə bağlı qərar veribsə, onu məğlubiyyətin əsas baiskarı qismində görürsə, ehtimal etmək mümkündür ki, dayaqları laxlayan Nikol Paşinyan hakimiyyəti də devriləcəyi halda (artıq bu vəziyyət yetişib-R.R.) hakimiyyətə yeni gələcək qüvvələr onu Tovuz və s. məğlubiyyətlərinə görə ittiham edib, istintaqa cəlb edəcəklər. Hətta bu gün ermənilərin siyasi müxalifəti və bu qola bağlı olan siyasi-ictimai adamları artıq sözügedən ittihamlarını irəli sürməkdədirlər. Nikol Paşinyan hökuməti isə düşdükləri ağır vəziyyətdən çıxmaları üçün uğursuz önləyici tədbirlər görməyə başlayıb.

Layihədə hərbi əməliyyatlar zamanı vətəndaşların könüllü qaydada Ermənistanın müdafiəsinə qatılmaları məsələsi mövcuddur

Ötən xəbərlərimizdə xatırlatmışdıq ki, Ermənistanın müdafiə nazirliyinin mətbuat katibi Şuşan Strepanyan özünün Facebook səhifəsində könüllü alaylarının yaradıldığı barədə informasiya paylaşıb. Həmin məlumatda bildirilir ki, artıq bununla bağlı qanun layihəsi hazırlanıb və orada hücum, yaxud hərbi əməliyyatlar zamanı vətəndaşların könüllü qaydada Ermənistanın müdafiəsinə qatılmaları məsələsi mövcuddur.

“Könüllü alayları Ermənistanın müdafiəsində əməkdaşlıq edərək əraziləri, əhalini, infrastrukturları düşmənin diversiya, terror və kəşfiyyat fəaliyyətindən müdafiə edəcəklər, eləcə də yerli özünüidarə orqanlarının həyat və fəaliyyətlərinə köməklik göstərəcəklər”, yazan Şuşanyan əlavə edib ki, könüllü alayları düşmənlə təmas xətlərinin təhlükəli yerlərində, sərhədlərin mühafizəsində xidmət apararaq xüsusi obyektlərin - mülki müdafiə təşkilatlarının və s. da müdafiəsində dayanacaqlar.

“Alaylar administrativ qaydalara uyğun olaraq, əraziçilik əsasında fəaliyyət göstərəcək. Onlar briqadalara və batalyonlara bölünəcək hərbi birləşmələrdən ibarət olacaqlar”, ermənilərin müdafiə nazirliyinin rəsmisi yazıb.

Düşmənin canlı qüvvəsi kifayət qədər çatışmazlıq yaşayır

Bu arada, daha bir maraqlı məqam diqqətdən yayınmır. Belə ki, Ermənistan hakimiyyəti və hərbi-siyasi dairələri zaman-zaman ordularının “güclərindən” bəhs edərək, hətta bir az da irəliyə gedərək, guya ən müasir texniki təchizatlara, habelə zabit-əsgər heyətlərinə malik olduqlarını iddia edirlər. Amma göründüyü kimi, istər Ermənistanın Azərbaycanla olan dövlət sərhədindəki təmas xəttində, istərsə də işğal olunmuş ərazilərimizdəki cəbhəyanı bölgələrdə hətta ən kiçik silahlı münaqişə yarandığı vaxt, düşmən səngərlərdə əsgər tapmaqda çətinlik çəkir. Məhz bu danılmaz fakt da sübut edir ki, düşmənin canlı qüvvəsi kifayət qədər çatışmazlıq yaşayır və nəticədə, Ermənistanın rəhbərliyi könüllü alaylar yaratmaqla həmin çatışmazlıqlarını ört-basdır etməyə çalışırlar.

Tevos Arşakyan: “Əgər döyüşlər qələbəmizlə başa çatıbsa, onda nəyə görə müdafiə nazirliyi yerli əhalidən könüllü alayları yaradır?”

SİA xəbər verir ki, artıq həmin məsələnin erməni dairələrində ən çox danışılan mövzuya çevrilməsi KİV-lərdə də əks olunmaqdadır. Məsələn, armenianreport saytının baş redaktoru Tevos Arşakyan könüllülər alayının yaradılması təklifinə ilginc münasibət sərgiləyib və bir sıra digər məsələlərin təhlilini aparmaqla, əslində, Ermənistan ordusunun nə dərəcədə ağır vəziyyətə düşdüyünü açıqlayıb.

“Ermənistanın hərbi idarəsinin təklifi silahlı qüvvələrimizlə bağlı ümidverici düşüncələrimizi şübhə altında qoyub və fikirləşirik: orada hər şeymi yerindədir, necə ki, bunu bizə sübut etməyə çalışırlar”, deyə yazan erməni jurnalistin qeyd etdiyinə görə, könüllülər alayı yalnız o zaman yaradılır ki, hər hansı kritik vəziyyət yaransın və ordu düşmənin hücumları qarşısında aciz qalaraq geri çəkilsin.

“Bu gün, ya da gələcəkdə ölkəmizlə bağlı belə halı təsəvvür etmək mümkündürmü?”, sualını edən T.Arşakyan əlavə edib ki, Paşinyan iqtidarı guya cəbhədə uğur əldə etdiklərini bəyan edib, üstəlik, avqusutn 14-də 72 nəfər hərbi qulluqçunu mükafatlandırıb. Məhz bu mənadan çıxış edən erməni siyasi icmalçısı yazır: “Mənə elə gəlir ki, nəyi isə başa düşmürəm. Əgər döyüşlər qələbəmizlə başa çatıbsa, onda nəyə görə müdafiə nazirliyi yerli əhalidən könüllü alayları yaradır?”

Erməni baş redaktor: “Bu qərarlar bizdə nəinki silahlı qüvvələrimizə qarşı inamsızlıq hissi yaradır, həm də dövlətin bizi qoruması qabiliyyətinin olmaması təsirini bağışlayır”

Müəllif Azərbaycanda birinci onillik deyil ki, müharibə şəraitində yaşadıqlarını xatırladaraq qeyd edir ki, daha əvvəllər bu cür təşəbbüslər göstərilməyib və heç vaxt yerli əhali könüllü alayları yaratmaqla sərhədlərin müdafiəsinə, ya da təhlükəli məntəqələrə göndərilməyib. SİTAT: “Belə çıxır ki, bu gün silahlı qüvvələr, nizamlı ordu təkbaşına öhdəsinə düşən vəzifələri icra edə bilmir. Demək, bizim orduda hansısa neqativ proseslər baş verir və hərbi rəhbərlik bu barədə susur? Bəlkə bizim hakimiyyət tezliklə növbəti hərbi əməliyyatların başlayacağı barədə xəbərdardır? Bəs onda niyə müdafiə tədbirlərinin görülməsi üçün müvafiq qərarlar verilmir? Necə olursa-olsun, orduya yardım məqsədi ilə xalq könüllülərinin yaradılması növbəti dəfə sübut edir ki, orduda problemlər mövcuddur. O cümlədən, bir tərəfdən tribunalarda məğlubedilməz ordu, onun yüksək hərbi ruhu və hazırlığı barədə bağırmağa, digər tərəfdən isə könüllü alaylarının yaradılması ətrafında var-gəl etməyə də gərək yoxdur. Çünki bir vətəndaş olaraq bizim də haqqımız var ki, hərbi dairələrin pafoslu çıxışları arxasında nələr gizlənib və könüllü alaylarının yaradılmasına ehtiyac haradan qaynaqlanır. Axı bu qərarlar bizdə nəinki silahlı qüvvələrimizə qarşı inamsızlıq hissi yaradır, həm də dövlətin bizi qoruması qabiliyyətinin olmaması təsirini bağışlayır”.
Beləliklə, fakt budur ki, Ermənistan ordusu və hərbi siyasi dairələri nə qədər acınacaqlı, pərişan vəziyyətdə olduqlarını elə öz dilləri, verdikləri qərarları ilə etiraf etmiş olurlar. Əks halda, onlar könüllülər alayları yaradıb, onları müxtəlif hərbi birləşmələrə paylamaq barədə qərar verməzdilər. Əslində, erməni ictimaiyyətinin də ciddi təlaş və narahatlıq keçirmələri də bu reallığı ehtiva etməkdədir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə