Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov “Trud” qəzetinə Tovuz təxribatı barədə danışarkən Ermənistanın Azərbaycanın ixrac boru kəmərlərindən 15 kilometr məsafədə yerləşən köhnə sərhədyanı Nəzarət Keçid Məntəqəsini yenidən bərpa etmək qərarının gözlənilməz nəticələrlə qarşıdurmaya səbəb olduğunu deyib. Digər tərəfdən azərbaycanlı həmkarı Ceyhun Bayramovu Rusiyaya rəsmi səfərə dəvət edib. Tovuz təxribatı zamanı Ermənistana təxminən 400 min ton silah-sursat daşınmasını həyata keçirən ölkənin xarici işlər naziri yeni açıqlaması ilə fərqli mövqe ortaya qoyub. Bəs görəsən, bu zaman kəsiyində nə dəyişib?
Məsələ ilə bağlı SİA-ya açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Elxan Şahinoğlu söyləyib ki, Lavrovun açıqlamasına aldanmaq lazım deyil: “Lavrov yenə də hiyləgər siyasət yeridib, sanki bizim xeyrimizə müsbət fikir söyləyir. 2016-cı ildə Aprel savaşı zamanı bizi aldatmağa çalışdı ki, savaşı dayandıraq, mərhələli plan işə düşəcək. Lavrov planı ortaya atıldı ki, o zaman da mən buna inanmırdım. 4 il ərzində heç nə dəyişmədi, işğal yenə da davam edir. Bizi müsbət fikirlərlə əsas hədəfdən yayındırmağa çalışırlar. Rusiyanın əvvəlki tək işğala son qoymaq fikri yoxdur və mərhələli həll planını Ermənistana qəbul etdirmək istəmir”.
E. Şahinoğlunun sözlərinə görə, Rusiya Azərbaycan-Türkiyə siyasi və hərbi əməkdaşlığının genişlənməsindən narahatdır: “Buna görə də Xarici İşlər naziri Ceyhun Bayramovu Moskvaya dəvət ediblər. Çünki Ceyhun Bayramov ilk olaraq Ankaraya səfər etdi. Azərbaycan və Türkiyə müdafiə nazirlərinin qarşılıqlı səfərləri baş tutmuşdur. İndi Türkiyədən geri qalmamaq üçün Rusiyanın müdafiə naziri Şoyqu Bakıya gəlir. Məsələ burasındadır ki, Rusiya Ermənistanı dəstəkləməkdən vaz keçmir. Tonlarla hərbi yük daşınır. Dövlət başçısı İlham Əliyev də Putinə bunu açıq bildirdi. Rusiya vasitəçi ola-ola işğalçıya dəstək verir".
Politoloq hesab edir ki, belə bir şəraitdə, əlbəttə ki, Azərbaycanın əsas strateji müttəfiqi Türkiyə olmalıdır. Bu məsələlər də Bakıda Şoyqunun diqqətinə çatdırılmalıdır: "Dövlət başçısı qeyd edib ki, Azərbaycan hərbi texnikanı Türkiyədən alacaq. Moskva həm də bundan narahatdır. Biz əsas hərbi texnikanı Rusiyadan alırdıq. Bu il heç nə almamışıq, o prosesi dayandırmışıq. Bizim fikrimiz artıq qətidir. Danışıqlar artıq nəticə vermir. Dövlət başçısı İlham Əliyev də bunu vurğulayıb. Bu məsələni həll edərkən Türkiyə ilə əməkdaşlığa istinad etməliyik”.
Qarabağ münaqişəsində ilin sonunadək hansısa toqquşmanın gözlənilməsi barədə ekspert bunu söyləməyin çətin olduğunu deyib: “2016-cı ilin başlanğıcında kimsə apreldə savaş olacağını ehtimal edə bilməzdi, amma bu, baş verdi. Bu ilin iyul ayında da sərhəddəki toqquşmanın iri miqyas alacağı, hətta müharibəyə çevrilmə ehtimalını proqnozlaşdırmaq çətin idi. İlin sonuna kimi hər şey baş verə bilər. Dünən düşmən təxribata cəhd etdi, kəşfiyyat qrupu ələ keçdi. Kəşfiyyat qrupu ilə bir neçə saatlıq atışma olsaydı, o da ciddi bir toqquşmaya gətirib çıxara bilərdi. Kiçicik qığılcım müharibəni alovlandıra bilər. Əslində, bizə də bu lazımdır ki, imkan yaranan kimi düşmənə ağır zərbələr vuraq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB