Aydın Mirzəzadə şəhid Polad Həşimovun büstünü hazırlayan tələbə ilə görüşüb

Millət vəkili Aydın Mirzəzadə Tovuz döyüşlərində şəhid olmuş general Polad Həşimovun büstünü hazırlayan tələbənin emalatxanasına yollanıb, onun əl işi ilə tanış olub. SİA-nın verdiyi məlumata görə, bu barədə deputat özünün sosial şəbəkədəki hesabı vasitəsilə məlumat paylaşıb.

Millət vəkili görüşünü aşağıdakı formada təsvir edib: “Bu günlərdə saytlarda Rəssamlıq Akademiyasının IV kurs tələbəsi Təbriz Soltanlının Tovuz döyüşlərində şəhid olmuş general Polad Həşimovun büstünü hazırlaması barədə məlumat oxudum. Onun telefon nömrəsini tapdım, zəng edib bu gün emalatxanasına getdim və işi ilə tanış oldum.

Büst çox professional hazırlanıb və generalımızın iradəsi və xarakteri çox gözəl verilib. Büst dörd gün və gecənin gərgin zəhmətinin nəticəsidir. Təbrizə vətənpərvərliyinə və zəhmətinə görə təşəkkür etdim. Gənc heykəltəraşın digər əl işləri ilə də tanış oldum. Yaradıcılığının çox zəngin olduğu nəzərə çarpır. Təbrizin timsalında xalqımız gələcəyin çox istedadlı bir heykəltəraşını qazanır. Ona uğurlar arzu etdim”,-deyə deputat bildirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...