“Bu təşkilatların fəaliyyəti ikili standartdır” ÖZƏL-MÜNASİBƏT

Ümumiyyətlə, Amerikada yerləşən insan haqları təşkilatarı, hüquq təşkilatları nə deyirlər desinlər, biz öz yolumuzla getməliyik, öz islahatlarımızı aparmalıyıq, səhvlərimiz varsa, özümüz bu səhvləri görüb düzəltməliyik. Bu sözləri SİA-ya verdiyi açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Mərkəzin rəhbəri qeyd edib ki, bu təşkilatlar etalon deyil və etalon olsaydılar birinci elə yerləşdiyi Amerikadakı hadisələrə reaksiya verərdilər ki, irqi ayrıseçkilik baş alıb gedir, qaradərililərə ikinci sort vətəndaş kimi baxırlar, hətta onları öldürürlər, amma bu təşkilatların reaksiyası yoxdur.
“O da ən yaxşı bir örnəkdir ki, İsrailin zəbt etdiyi torpaqlarda bu təşkilat yəhudilərin yerləşdirilməsini tənqid edir, amma bizim timsalımızda isə, Şuşada, Kəlbəcərdə, Laçında ki, məskunlaşma siyasəti həyat keçirir, bununla bağlı heç bir reaksiya yoxdur. Bu da ikili standartların bariz nümunəsidir. Əgər eyni məsələyə iki fərqli münasibət varsa onun başqa hesabatları niyə hesaba alınmalıdır? Bəziləri bu hesabatları etalon hesab edə bilər, amma mən şəxsən bu təşkilatların hesabatlarını ciddiyə almıram. Əgər qüsurlarımız olsa belə bunu özümüz tənqid etməliyik, özümüz yazmalıyıq, özümüz də bu qüsurları ortadan qaldırmalıyıq. Kiminsə, üçüncü bir tərəfin bizə yol göstərməsinə, öyrətməsinə ehtiyac yoxdur. Ağıl vermək istəyirlərsə, birinci növbədə yerləşdikləri ölkənin rəhbərlərinə, rəsmilərinə, polis və mühafizə strukturlarına ağıl öyrətsinlər ki, irqi ayrıseçkiliyə yol verilir. Bu adıçəkilən təşkilatlar bəzi dövlətlərə göz yumur, bəzilərini isə hədəf seçirlər. 2008-ci ildə Ermənistanda prezident seçkisi zamanı faktiki olaraq insanlar güllələndi, öldürüldü, Serj Sarkisyan insanların qanı üzərindən gəldi hakimiyyətə, prezident seçildi və buna da o zaman biz reaksiya görmədik həmin təşkilatlardan. Bu da ikili standartdır və həmin təşkilatın ermənilərə olan təəssübkeşliyindən irəli gəlir”, deyə Elxan Şahinoğlu bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə