“Rəsmi Yerevanın ümidi Rusiyayadır” Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan

Yerevan ümid edir ki, öz nüfuzundan və imkanlarından istifadə edərək Ermənistan-Azərbaycan sərhəddində eskalasiyanı yalnız Rusiya azalda bilər. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan deyib.

O xatırladıb ki, 1993-cü ildən bəri rəsmi Yerevan bölgədəki münaqişənin həllində vasitəçi rol oynaması barədə Rusiya ilə razılığa gəlib.

“Rusiya ATƏT-in Minsk Qrupunun həmsədridir, vasitəçilik missiyasına rəhbərlik edir. Rusiya həlledici vasitəçilik rolunu oynayıb və oynamaqda davam edir. Moskvanın səyləri sayəsində, 1994-cü ildə qanlı müharibə dayandırılıb. Rusiyanın səyləri sayəsində 2016-cı ildə dördgünlük müharibənin qarşısı alınıb. Buna görə də çox ümid edirik ki, Rusiya öz nüfuzundan yararlanacaq, fürsətlərdən istifadə edəcək və Ermənistan üçün hazırki ağırlaşmanı azaldacaq”, deyə səfir bildirib.

O qeyd edib ki, Rusiya ilə "intensiv danışıqlar gedir, xarici işlər nazirləri telefonla danışıqlar aparırlar"
“Rusiyanın bölgədəki sabitliyin pozulmasının qarşısını almaq üçün əlindən gələni etdiyini görürük. Əslində, biz indi yeni geosiyasi reallıqla üz-üzəyik", deyə Toqanyan vurğulayıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə