"Baş verənlərin cəmiyyətimizin vətənsevər xisləti ilə heç bir bağlılığı yoxdur" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan Ordusunun erməni təcavüzünə qarşı sonuncu uğurlu addımları ölkədə həm də Qarabağ probleminin həlli uğrunda hakimiyyətin apardığı siyasətə cəmiyyətimizin möhkəm birlik və həmrəylik mövqeyindən dəstək verdiyini bir daha nümayiş etdirdi". Bunu SİA-ya "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Baş redaktorun sözlərinə görə, gənclərin vətənpərvərlik ruhunun yüksəlişini könüllü şəkildə orduya yazılmaq istəklərinin ən emosional formada ifadələrini gördük ki, bu da ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə ordunun və cəmiyyətimizin bütöv bir vəhdət halında olduğunu bir daha göstərməyə imkan verdi: "Amma təəssüf ki, yaranmış bu şəraitdən özünün çirkin məqsədləri və milli birliyin pozulması məqsədindən istifadə edən başıpozuq qüvvələr də meydanlarda görsəndilər. Xüsusilə də belə vəziyyətdə ictimai asayişin mühafizəçisi olan polisə qarşı zorakı addımların atılması, polis maşınının aşırdılması, Milli Məclisin binasına qarşı yolverilməz hərəkətlərə rast gəlinməsi və s. bütün bunlar cəmiyyətimizdə baş qaldıran vətənsevərlik çağırışlarından narahat olan qüvvələrin hələ də mövcud olduğunu və şərait düşən kimi aktivləşməyə çalışdıqlarını göstərdi. Heç şübhəsiz ki, bu günlərdə həmin o qeyri-siyasi və qeyri-qanuni yollara, hərəkətlərə yol verənlərin Azərbaycan cəmiyyətinin vətənsevər xisləti ilə heç bir bağlılığı yoxdur. Onlar müəyyən kənar qüvvələrin və daxildə gizli ambisioz, eləcə də düşmən qüvvələrin göstərişi, sifarişi ilə hərəkət edənlərdir. Təbii ki, məqsədləri odur ki, Azərbaycanı 90-cı illərin əvvəlləri üçün xas olan o xaos vəziyyətinə qaytarsınlar. Azərbaycan cəmiyyətinin belə qüvvələrə heç bir dəstək verməsi də özünü qabarıq şəkildə göstərdi”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə