Rasim Quliyev: "Azərbaycan münaqişənin həllində uyğun zamanı və məqamı gözləyir" ŞƏRH-ÖZƏL

"Dağlıq Qarabağ münaqişəsinin yaranması geosiyasi vəziyyətin ortaya çıxardığı nəticə idi. Həmin dövrdə dünyada gedən geosiyasi vəziyyət bir sıra problemlər meydana çıxardı ki, bura SSRİ-nin dağılması, müstəqil ölkələrin yaranması nəticəsində Avropada bufer zonaların əldən çıxması, milli münaqişələrin yaranması daxildir. Artıq tarixi faktlar da sübut edir ki, Dağlıq Qarabağ münaqişəsi də məhz bu proseslərin nəticəsi idi". Bu fikirləri SİA-ya açıqlamasında "Resurs" Analitik İnformasiya Mərkəzinin rəhbəri, siyasi ekspert Rasim Quliyev deyib.

O bildirib ki, əslində proseslər əsrin əvvəllərində yenicə müstəqillik qazanan Azərbaycanın məcbur atmalı olduğu addımlar kimi davam etməli idi: "Lakin həmin dövrdən fərqli olaraq Ulu Öndər Heydər Əliyev Azərbaycana gələrək xalqı birləşdirdi, ölkəmizin müstəqilliyini təmin etdi. Bu, çox vacib idi. Çünki Dağlıq Qarabağ probleminin həlli üçün ilk növbədə müstəqil siyasətimizi müəyyən etməli, ikincisi isə ordu quruculuğunu başa çatdırmalı idik".

Ulu Öndər ideyalarının hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən ekspert söyləyib ki, ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən müstəqil xarici siyasət nəticəsində Azərbaycan dünya çapında böyük nüfuz sahibinə çevrilib.

R.Quliyev qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi Qafqaz regionunda geosiyasi maraqların toqquşduğu həll olunmaz problem kimi qalmaqdadır: "Beynəlxalq hüquq normaları Azərbaycanın tarixi torpaqlarını azad etməsinin xeyrinədir. Dünyanın ən nüfuzlu təşkilatlarının sənədlərində, eləcə də dünya ölkələri tərəfindən də Dağlıq Qarabağın Azərbaycana məxsusluğu tanınıb. Lakin Prezident İlham Əliyevin son çıxışında da qeyd etdiyi kimi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vaxt və geosiyasi vəziyyət düzgün qiymətləndirilməlidir. Həqiqətən də problemin həlli ilə bağlı vaxt açıqlamaq çox çətindir. Çünki hər şey geosiyasi proseslərdə asılıdır. İstər böyük, istər qonşu dövlətlər, hətta ermənilər də çox yaxşı bilir ki, Azərbaycan uyğun zamanı və məqamı gözləyir. Biz atdığımız atəşin boşa və ya hədəfdən öncə digər maneəyə dəyməsini istəmirik. Ölkə başçısının dövlətçilik, siyasi təcrübəsi, dünya çapında gedən siyasi oyunları bilməsi Azərbaycanın zamanı düzgün qiymətləndirməsi üçün kifayət edir".

Ümumilikdə münaqişənin həlli istiqamətində gedən bütün proseslərin Azərbaycanın xeyrinə olduğunu xüsusi vurğulayan ekspert əlavə edib ki, buna səbəb ölkəmizin iqtisadi gücü, müstəqil siyasəti, beynəlxalq əməkdaşlığıdır: "Pandemiya ilə bağlı baş verən proseslər bir daha sübut etdi ki, Azərbaycan dünyada böyük nüfuza malik bir ölkədir. Ölkəmiz budəfəki ekstrimal vəziyyətdə də aktiv beynəlxalq iştirakçı olduğunu bütün dünyaya göstərmiş oldu. Hesab edirəm ki, Azərbaycan post pandemiya dövrünün yeni iqtisadi, siyasi, beynəlxalq münasibətlər sistemində daha uğurlu imkanlar əldə edəcək. Müəyyən dövlətlərin post pandemiya dövrünə zəif çıxacağı proqnozlaşdırılır. Bu baxımdan düşünürəm ki, yeni geosiyasi vəziyyətin yaranmasına bunu da daxil etmək olar".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə