“DOST mərkəzləri müasir Azərbaycanın dünyadakı simasını əks etdirir” MÜNASİBƏT
“Sirr deyil ki, bu gün Azərbaycanın beynəlxalq aləmə təqdim etdiyi bir sıra nəhəng layihələr, xüsusilə sosial yönümlü siyasət reallığı ən yüksək şəkildə dəyərləndirilir”. Bu sözləri SİA-ya Milli Məclisin deputatı Məşhur Məmmədov Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın növbəti DOST Mərkəzinin açılışında iştiraklarını, eyni zamanda irəli sürülən fikirlərini şərh edərkən deyib.
Onun sözlərinə görə, aparılan islahatlar innovativ xarakter daşıyır, eyni zamanda 100-dən artıq xidmətləri özündə cəmləşdirən DOST mərkəzlərinin fəaliyyətinə dövlət başçısının verdiyi qiymət də bunu bariz şəkildə göstərir. “O da əbəs deyil ki, Prezident İlham Əliyev cənabları aparılan uğurlu siyasətin demək olar ki, DOST mərkəzlərində öz əksini tapdığını vurğulayır”, deyən millət vəkili həmçinin bildirib ki, islahat, innovasiya, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə, yeni texnologiyalar, gənclərin bu işlərə cəlb olunması, könüllülərin fəaliyyəti və s. kimi faktorlar da bu gerçəkliyi kifayət qədər əks etdirməkdədir: “Fakt budur ki, DOST mərkəzləri müasir Azərbaycanın dünyadakı simasını əks etdirir və ölkəmiz məhz bu yolla inkişaf edir. Müasirlik, yenilik, islahatlar, gənclərin bu işlərə böyük dərəcədə qoşulması əlbəttə ki, ölkəmizin inkişafına xidmət göstərəcək”.
“Xüsusilə pandemiya dövründə Azərbaycan dövlətinin vətəndaşlarının sosial təminatlarının, qayğı və problemlərinin həlli ilə yanaşı, xarici ölkələrə də humanitar yardımlar göstərməsi də belə deməyə zəmin yaradır ki, ölkəmiz bütyün məqamlarda öz qüdrətini, inkişafını, tərəqqisini davam etdirməkdədir”, deyən Məşhur Məmmədov qeyd edib ki, cari ildə də sosial problemlərinin həlli, həyata keçirilən abadlıq-quruculuq işləri, ölkəmizin qazandığı nailiyyətlər və uğurlarla əlaqədar, eyni zamanda pandemiya ilə mübarizə məsələsində dövlətimizin başçısına çoxsaylı minnətdarlıq məktubları göndərməkdədirlər: “Onlar öz problemlərinin həlli ilə yanaşı, respublikada aparılan əzəmətli quruculuq işlərindən duyduqları böyük sevinc hissini ifadə etməyi özlərinə borc hesab edirlər. Belə məktublar, demək olar ki, Azərbaycanın bütün bölgələrini əhatə edir. Eyni zamanda, xarici ölkə vətəndaşlarından, habelə xarici ölkələrdə yaşayan soydaşlarımızdan daxil olan minnətdarlıq məktubları da az deyildir. Bu, bir reallıqdır və hər birimizdə fərəh hissi, qürur duyğusu yaradır”.
“Daha bir məqama da toxunmaq istərdim ki, ölkəmizin saysız-hesabsız nailiyyətlərini gözü götürməyən, öz şəxsi mənafeyi və ambisiyaları naminə Azərbaycana qarşı qarayaxma kampaniyaları aparan bəzi yerli və xarici qüvvələrin hərəkətləri vətəndaş məktublarının bir çoxunda qətiyyətlə pislənir, bununla bağlı təəssüf hissi ifadə olunur”, deyə bildirən Məşhur Məmmədov sonda qeyd edib: “Vətəndaşlar əmindirlər ki, belə hallar xalq-iqtidar münasibətlərinə, Azərbaycanın sürətli inkişafına təsir edə bilməz. Ölkəmiz növbəti illərdə də öz strateji xətti və inkişaf yolu ilə uğurla addımlayacaqdır. Bizləri qarşıda yeni-yeni böyük sosial layihələrin həyata keçirilməsi və ardıcıl tərəqqilər gösləyir”.
Rəfiqə KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB