Ermənilərə qarşı diplomatik sahədə hücumlarımızı daha da artırmalıyıq - ŞƏRH ÖZƏL

Ermənilərə qarşı diplomatik sahədə hücumlarımızı daha da artırmalıyıq - ŞƏRH ÖZƏL

“Qondarma soyqırım məsələsi artıq gedən xarici siyasətin müəyyən bir priotetinə çevrilib və ermənilər bu vasitə ilə dünya ölkələrini, xüsusilə aparıcı dövlətləri özlərinə cəlb etmək istəyirlər. Bu yeni bir istək, yeni siyasi oyun deyil. Onlar uzun illər Sovet dövründən başlayaraq bu məsələdə mütəmadi şəkildə uydurma soyqırımı dünyaya bəyan edirlər və aydın məsələdir ki, burada heç bir əsası olmayan bir hadisəyə sadəcə olaraq soyqırım donu geyindirirlər”. Bunu SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

Onun sözlərinə görə, beləliklə müsəlman aləmini, Türkiyəni, Azərbaycanı alçaltmaq, müəyyən zərbələr vurmaq və onları guya dünyada ifşa etmək əsas məqsəddir: “Lakin eyni zamanda biz son illərdə hücum taktikasına keçmişik. Düzdür Sovet işğalı zamanı biz susurduq, çünki biz müstəqil dövlət deyildik. Bunu ancaq Türkiyə özü edirdi. Lakin müstəqillik dövründə biz də Türkiyəyə qoşulduq və onların bütün əməllərini ifşa etdik. Xocalının özünü yada salmaq kifayətdir. Xocalı faciəsi 100 il bundan əvvəl baş verən hadisə deyil. Xocalıda ermənilər tərəfindən azərbaycanlılara qarşı vəhşilik və amansızlıqla soyqırımın törədilməsindən yalnız 28 il ötür. Bizim üstünlüyümüz ondan ibarətdir ki, biz bu faciəni bir çox dövlətlər tərəfindən tanıtdıq. Yəni onların parlamentləri, hətta Amerikanın bir sıra ştatları artıq Xocalı hadisələrini soyqırım kimi tanıyıb”.

F.Sadıqov bildirib ki, əlbəttə bu o demək deyil ki, məsələ bununla bitir: “Bundan sonra da bu cür hücum xarakterli addımlarımızı atmalıyıq. Ermənilər heç bir sənədə əsaslanmayaraq, sadəcə olaraq boş-boğazlıqla məşğul olurlar. Türkiyə uzun zamandır onlara təklif edir ki, alimlər birlikdə arxivləri açıb baxaraq təhlil etsinlər və bir nəticəyə gəlsinlər. Ermənilər isə bundan yayınırlar. Çünki bu onların maraqlarına zidd bir addım ola bilər”.

Sonda isə politoloq vurğulayıb ki, biz bilirik ki, bir çox türk diplomatları ermənilər tərəfindən terrora məruz qalıb: “Azərbaycana qarşı saysız terror aktları törədilib. Avtobuslarda, metroda bir sıra yerlərdə həyata keçirilən erməni terroru nəticəsində minlərlər azərbaycanlı qətlə yetirilib. Bütün bunlar reallıqdır. Diplomatik sahədə hücum addımlarımızı daha da artırmalıyıq ki, onların yalanlarını tam ifşa edək. Artıq dünyada sağlam düşüncəli qüvvələr hər şeyi başa düşür. Uydurma soyqırımı məsələsi ermənilərin əlində bir alətə çevrilib. Mən əminəm ki, biz erməni yalanlarının ifşası istiqamətində lazımı bütün addımları atacağıq”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə