"Dünyada ən ağır cinayətləri Ermənistan törədib" ÖZƏL-MÜNASİBƏT

"Dünyada ən ağır cinayətləri Ermənistan törədib" ÖZƏL-MÜNASİBƏT

"Ümumiyyətlə Ermənistan reallıq hissini itirib. Ermənistan terrorçu dövlətdir". Bunu SİA-ya Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi ekspert Emin Həsənli deyib.

Hərbi ekspertin sözlərinə görə, işğalçı dövlət heç bir zaman müstəqil olmayıb, erməni diasporundan və Rusiyadan asılı bir dövlət olub: "Təəssüf doğuran odur ki, Ermənistanın bu cür qənaətə gəlməsinin iki səbəbi var. Birincisi, dünyada mövcud olan ikili standartlardır. Beynəlxalq hüquqa zidd olaraq dünyada ən ağır cinayətləri bəşəriyyət, insanlar əleyhinə məhz Ermənistan törədib. Bu dövlət həm soyqırım edib, həm də işğal siyasəti, separatçı siyasət həyata keçirib. Ermənistan qanunsuz olaraq narkotik maddələr əkib-becərəndə, dövriyyəyə buraxanda, qanunsuz silahlar, silahlı dəstələr saxlayanda, soyqırımı törədən şəxslər (Koçaryan, Sarkisyan, Ohanyan) gəlib dövlət başçısı olanda burada hesab edirəm ki, dünya birliyinin, ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin, Rusiyanın, Amerikanın, Fransanın, Avropa Birliyinin də böyük günahı var.

Soyqırımı törədən şəxs AŞPA-ya gedib qalustuk taxıb danışanda Ermənistanın indiki XİN rəhbəri də belə qənaətə gəlib və Yerevanda keçirdiyi mətbuat konfransında Qarabağ məsələsinin Azərbaycana ərazi güzəştləri ilə həllinin yolverilməzliyinə dair bəyanat yayıb. Bunları çox ərköyün öyrədiblər. Barselonada, İspaniyada siyasi separatizm var idi, müstəqilliklərini istəyirdilər amma onları cəzalandırdılar. Lakin Dağlıq Qarabağ münaqişəsində dünya birliyinin bu cür mövqe tutması təəssüf doğurur. İkinci əsas məsələ onların xislətindən irəli gəlir. Onlar “Böyük Ermənistan” xəstəliyinə tutulublar. Bunlar iki əsrdir ki, həmin xəstəliyi davam etdirirlər. Bu gün Ermənistanın bir yolu var. Azərbaycan nə kiçik, nə də kiminsə işğalı altında olan dövlət deyil ki, torpaqlarımızı işğal edəsən və öz əlində saxlayasan. 2016-cı ilin Aprel hadisələri də onu sübut etdi ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək. Bütün dünya və Ermənistan gördü ki, onların yaratdığı “Ohanyan” xəttini 40 dəqiqəyə Azərbaycan əsgəri darmadağın etdi. Biz bu torpaqlara mütləq geri qayıdacayıq və torpaqlarımızı işğaldan azad edəcəyik. Bu prosesin uzanması Ermənistanın ziyanınadır".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə