“Vətəni tanı” Ümumrespublika kampaniyasına start verilib

“Vətəni tanı” Ümumrespublika kampaniyasına start verilib

"Vətəni tanı" Ümumrespublika kampaniyasına rəsmi start verilib. SİA-nın məlumatına görə, 132-134 nömrəli tədris kompleksində baş tutan tədbirdə ilk olaraq çıxış edən Gənclər Təşkilatları Milli Şurasının Baş Katibi və eyni zamanda kampaniyanın rəhbəri və müəllifi Orxan Ərəbov bildirib ki, "Vətəni tanı" Ümumrespublika Kampaniyası 14-18 yaşlı gənclər arası bütün respublika üzrə rayon və şəhərlərdə 85 (Qeyd: 74 inzibati ərazi vahidinə əlavə olaraq Bakının 11 rayonu) auditoriyanı ( hər bir auditoriyada minimum 150 nəfər iştirakçı olmaqla) əhatə edəcəkdir. Bakının rayonlarındakı seçim turlarının hər birində isə 300 nəfər gənc olacaqdır. Kampaniya üçün xüsusi ekspertlər tərəfindən hazırlanmış Azərbaycan Respublikasının xəritəsinin (inzibati ərazi vahidlərinə bölünməklə) xüsusi elektron proqram və material keçməcə variantları istehsal edilib. 74 regional turlarında keçiriləcək hər bir rayondan 2 nəfər təmsilçi seçiləcəkdir. Həmçinin paytaxt Bakının 11 rayonu arasından 2 nəfər Bakı təmsilçisi seçiləcəkdir. Təmsilçilərin biri elektron digəri isə material keçməcə variantları üzrə Bakıda keçiriləcək Final mərhələsində iştirak edəcəkdir.


Kampaniyanın məqsədi ölkə başçısı cənab İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyü haqqındakı aydın və qəti qərarına cəmiyyətin aktiv təbəqəsi olan gənclər tərəfindən mövcud güclü dəstəyin aydın şəkildə nümayişinin təşkili, bir daha dünya ictimaiyyətinə Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunun , çatdırılması, Azərbaycanın suverenliyinə qarşı müxtəlif daxili etnik amillərdən istifadə olunmasının mümkünsüzlüyünün bəyanı, ölkəmizi təşkil edən inzibati-ərazi vahidlərinin gənclərə dərindən öyrədilməsinə yardımçı olmaqdır.


Gənclər və İdman naziri Azad Rəhimov, Təhsil nazirinin müavini Elmar Qasımov, Rabitə və İnformasiya nazirinin müavini Elmir Vəlizadə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov çıxış edərək kampaniyanın əhəmiyyətindən bəhs ediblər. Bildirib ki, Milli Şuranın təşəbbüsü ilə həyata keçirilən bu tədbir ölkəmizin ərazi bütövlüyünün qorunması, vətənimizin bütövlüyü və gənclərimizin milli ruhda böyüməsinə çox güclü təkan verəcəkdir.


Milli Şuranın sədri, millət vəkili Fuad Muradov isə kampaniyaya dəstək verən bütün təşkilatlara öz təşəkkürünü bildirib. Qeyd edib ki, burada əsas məqsədlərdən biri də Azərbaycanın ərazi bütövlüyü məsələsidir.


Qeyd edək ki, kampaniyada interraktivlik , innovativlik, gənclər və cəmiyyət üçün yararlılıq əmsalı kimi göstəricilər önə çəkilib. Kampaniya çərçivəsində əhatə olunacaq aktiv iştirakçılarının sayı ölkə üzrə 12.000 (on iki min) gəncdən çox olacaqdır.


"Vətəni tanı" ümumrespublika kampaniyası çərçivəsində Kütləvi İnformasiya vasitəli üçün də bir sıra layihələr nəzərdə tutulub. Məqsəd kampaniya haqqında məlumatların KİV –də geniş işıqlandırılmasına nail olmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə