Yaxud ölkə haraya sürüklənir?
Nikol Paşinyanın referendum oyunu vasitəsi ilə hakimiyyətdə qalmaq arzusunu in etməsi onu və ölkəni daha ağır vəziyyətə doğru sürükləyir. Əbəs deyil ki, referenduma “YOX” deyən bir sıra siyasi-ictimai fəallar artıq hakimiyyət tərəfindən ya təqib olunur, ya da təhdidlərlə qarşı-qarşıya qalırlar. Artıq düşmən ölkədə belə bir təəssüratlar da yaranmağa başlayıb ki, Nikol Paşinyan hökuməti bu oyunu saxta yollarla udsa belə, Ermçənistan heç bir uğur əldə etməyəcək, əksinə orta əsrlər çağına geri dönəcək. O da əbəs deyil ki, bir sıra erməni politoloqları və siyasi ekspertləri öz iddialarında Ermənistanın orta əsr diktaturasına doğru sürükləndiyini iddia edirlər.
Yervand Bozoyan, politoloq: “Əgər Paşinyançı referendum qəbul olunsa, Ermənistan orta əsrlər diktaturası caynaqlarına düşəcək”
“Beləliklə, Ermənistan prezidenti referendum keçirmək barədə öz fərmanını imzalayaraq faktiki olaraq konstitusiya sistemini pozanların sırasına düşdü”. SİA erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni siyasi şərhçisi Yervand Bozoyan deyib. O qeyd edib ki, Paşinyanın məqsədi Konstitusiya Məhkəməsini öz nəzarəti altına götürmək və ölkədə mütləq birhakimiyyətlilik qurmaqdır. SİTAT: “Onun bu addımının 2018-ci ilin “inqilab” idealları ilə heç bir əlaqəsi yoxdur, ictimaiyyətin şüurlu hissəsinin böyük əksəriyyəti bunu başa düşür. Bəs bütün bunlar nəyə gətirib çıxara bilər? Paşinyan əslində Ermənistanda öz mütləq birhakimiyyətliliyini qurmaq istəyir. Əgər Paşinyançı referendum qəbul olunsa, Ermənistan orta əsrlər diktaturası caynaqlarına düşəcək”.
“İrvanuk” qəzeti: “Paşinyan 650 min “HƏ”ni qanuni yolla təmin edə bilməyəcəyini bilir və çox narahatdır, buna görə də, son iki ildə olduğu kimi, misli görünməmiş ifratçılıqlara gedəcək”
Ölkənin “İravnuk” nəşri isə yazır ki, baş nazir Nikol Paşinyan konstitusiya referendumunun kampaniyası zamanı növbəti ifrat addımlara hazırlaşır. Belə ki, o yenidən “Rembo” obrazı ilə xalqın gözünə kül üfürməyə, lazım gəldiyi təqdirdə isə ifratçılıqlara əl atmağa hazırlaşır. “Paşinyan 650 min “HƏ”ni qanuni yolla təmin edə bilməyəcəyini bilir və çox narahatdır, buna görə də, son iki ildə olduğu kimi, misli görünməmiş ifratçılıqlara gedəcək. Bu ifratçılıq yeni mitinqlər təçkil etmək, siyasi rəqibləri nümayişkaranə şəkildə həbsə atmaq və bu qəbildən olan digər hallardır. Amma əsas məqsəd konstitusiya referendumundan sonra baş nazirin bütün rəqiblərini sıradan çıxarmaq niyyətidir”, adıçəkilən nəşr yazır.
“168 jam” qəzeti: “Ermənistanda real hər hansı inqilabi dəyişiklik baş vermədi”
Ermənistanın “168 Jam” nəşri isə yazır ki, ölkədə 5 aprel tarixinə təyin edilən konstitusiya referendumu, artıq başlayan hakimiyyət kampaniyası bir daha və daha parlaq şəkildə bir həqiqəti ortaya qoydu: “Paşinyan “inqilab”ı, həmin inqilabı həyata keçirən cəmiyyəti satır”.
Erməni nəşrinə görə, Paşinyan “inqilab” adı ilə inqilabın həqiqi məqsədlərini aşmaq məsuliyyətindən növbəti dəfə yaxa qurtarmaq üçün onu satır: “Hakimiyyət dəyişikliyindən təxminən iki il keçib, amma Ermənistanda real hər hansı inqilabi dəyişiklik baş vermədi. Ölkədə keçmişdə mövcud olan eyni qurumlar və idarəetmə sistemi fəaliyyətdədir. Paşinyan vaxtilə özü tərəfindən dəfələrlə tənqid edilən super baş nazirlik sistemində mövqeyini bərkidib. Ölkə keçmişdəki təkanla yaşamağa davam edir. Belə bir vəziyyətdə, hətta hakimiyyətin iqtisadi inqilabı barədə danışmaq belə qeyri-ciddidir. Ona görə ki, xüsusilə iqtisadi həyatda hər hansı köklü dəyişiklik baş verməyib. Qeydə alınan dəyişiklik yalnız keçmiş oliqarxların indi “böyük sahibkarlar” adlandırılmasıdır. Yəni 2 il ərzində Ermənistanda baş verənlərin inqilabın nəticəsi olduğunu deməyə əsas verən hər hansı görünən, hiss edilən dəyişiklik baş verməyib. Nəticədə geridə qalan iki il ərzində inqilabdan yeganə miras qalan, Paşinyanın dünyaya sırımaq üçün ugursuz cəhdlərindən sonra, indi də öz vətəndaşlarına satmağa çalışdığı ritorika və ya bu ad altında olan “brend”dir”.
Edmon Marukyan “Kommersant” nəşrinə: “Biz şeytanların axtarışında iştirak etməmək qərarına gəldik”
Referendum ideyasını hədəfə alan daha bir erməni siyasətçisi – müxalifətçi “Maariflənmiş Ermənistan” partiyasının parlamentdəki fraksiya rəhbəri Edmon Marukyan isə Rusiyanın “Kommersant” nəşrinə açıqlamasında deyib ki, hakimiyyət kampaniyasının bütün məntiqi “YOX” təşəbbüsünün formalaşmasından sonra onu “qaranlıq qüvvələr”lə, köhnə hökumətlə, korrupsioner məmurların müdafiəsi ilə bağlamaqdan ibarətdir. “Sonra insanları referenduma gəlməyə inandırmaq üçün bu qrupa qarşı təbliğat aparılıb”, deyən Manukyan bildirib ki, onlar bu aksiyada iştirak etməyəcəklər. SİTAT: “Biz şeytanların axtarışında iştirak etməmək qərarına gəldik. Bu birincisi. İkincisi, prosesin konstitusiyaya zidd olduğunu söylədik. Yəni “Bəli” qərargahında iştirak və “Xeyr” qərargahında iştirak da konstitusiyaya ziddir”. Konstitusiya dəyişikliklərini avtoritarizmə doğru addım hesab edə biləcək Qərb qurumlarının tənqidini də istisna etmək olmaz. Belə vəziyyətdə ölkə daxilində ziddiyyətlərin dərinləşməsi də qaçılmaz olacaq”.
Göründüyü kimi, referendum arzusu Paşinyanın hakimiyyətdə qalmaq şanslarını itirə də bilər. Çünki hadisələr heç də onun istədiyi kimi getmir. Bütün bunların arxasında isə dayanan əsas faktorlardan biri onun hakimiyyətə gəlməmişdən öncə verdiyi vədlərinin heç birini yerinə yetirməməsi və əlbəttə ki, nəticə etibarı ilə reytinqini sürətli şəkildə itirməsi reallığıdır.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB