"Bizim matəm günümüzdə belə halların yaşanması yolverilməzdir" ÖZƏL - MÖVQE

"Qondarma Dağlıq Qarabağ Respublikasında martın 31-də keçiriləcək “prezident seçkiləri” dünya ictimai rəyində böyük bir təxribat kimi qəbul olunmalıdır. Bu sözün həqiqi mənasında siyasi təxribatdır. Çünki həmin bu tarixdə erməni daşnakları Azərbaycanda 31 Mart soyqırımını törədiblər". Bunu SİA-ya politoloq İlqar Vəlizadə deyib.

Politoloqun sözlərinə görə, Azərbaycanda bu tarix matəm günü kimi qeyd olunur: "Həmin bu tarixə qondarma seçkilərin salınması özü-özlüyündə bir təxribatdır və Azərbaycana bir çağırışdır. Çünki həmin bu tədbirin təşkilatçılarının bu barədə xəbərləri olmaya bilməzdi. Bəlkə də onlar qəsdən bunu edirlər. Əslində bu onu göstərir ki, Ermənistan tərəfi təxribatçı siyasətdən əl çəkmir və həmin siyasət davam etdirilir. Həmin bu təxribatlar siyasi, hərbi səhnədə və s. mütləq cavab reaksiyasına gətirib çıxaracaq. Bunların elə əsas məqsədi odur ki, Azərbaycan tərəfi müəyyən cavab reaksiyası versin. Düşünürəm ki, bu cavab reaksiyası təkcə Azərbaycandan gəlməməlidir. Bu cavab reaksiyası eyni zamanda beynəlxalq ictimaiyyətdən, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən gəlməlidir. Onlar məsələyə öz münasibətini bildirməlidirlər ki, bu cür addımların atılması, tədbirlərin keçirilməsi, xüsusilə bizim matəm günümüzdə belə halların yaşanması yolverilməzdir. Burada əsas daxili oyunlardan söhbət gedir. Onlar bu daxili oyunlarını hər dəfəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi səviyyəsinə gətirib çıxaracaqlar. Bu addımlar regionda hərbi ssenarilərin reallaşmasına əlavə imkanlar yaradır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə