"ABŞ Türkiyənin son illərdəki davranışlarından narazı idi" ÖZƏL-MÜNASİBƏT

“ABŞ senatında qondarma "erməni soyqırımı" ilə bağlı qətnamənin qəbul edilməsi haqqında xəbəri eşidəndə ilk olaraq Türkiyə Prezidenti olmuş Kənan Evrenin 80-ci illərin əvvəllərində bu məsələ ilə bağlı suala verdiyi cavab yadıma düşdü. O dövrdə də bu məsələlər gündəliyə gəlmişdi. O zaman soruşdular ki, ABŞ Nümayəndələr Palatasında bu sənəd qəbul oluna bilərmi? Bunun çox qısa bir cavabı var idi”. Bunu SİA-ya millət vəkili Musa Qasımlı deyib.

“Əgər bu, ABŞ-ın dövlət maraqları, milli maraqları ilə üst-üstə düşərsə, qəbul ediləcək. Amma düşünmürəm ki, ABŞ-ın maraqları ilə erməni lobbisinin maraqları üst-üstə düşsün. Məncə, sualın bütün mahiyyəti bundadır. ABŞ-ın maraqlarından Amerikadakı lobbi maraqları heç bir zaman üstün deyil. ABŞ-da nə qədər lobbi varsa, onlar həm Konqresə-Senata, həm də Nümayəndələr Palatasına bu və ya başqa səviyyədə təsir etmək qabiliyyətindədirlər. Ancaq ABŞ-ın milli dövlət maraqları lazım gələndə onu özü üçün istifadə edir. Burada da o maraqlar üstün gəldi. ABŞ Türkiyənin son illərdəki davranışlarından narazı idi. Nədən narazı idi? Müstəqil xarici siyasət yetirməsindən, Rusiya ilə bəlli anlaşmalardan, Suriyadakı hərəkətlərindən. Ən başlıcası ondan ibarətdir ki, Türkiyə yaxın və orta şərq layihəsini pozdu. 50-ci illədən bəri hazırlanan, məxfi saxlanılan, cizgiləri olan, sonradan isə xəritələr halına gətirilən bir planı pozdu. ABŞ hesab etdi ki, artıq Türkiyəni küncə sıxışdırmaq zamanı gəlib çatıb. Təbiidir ki, bunun daha geniş səbəbləri də var”, - deyə, deputat fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...