“Təbii ki, yeni gələnlər də professional olmalıdır" ÖZƏL-MÖVQE

“Təbii ki, yeni gələnlər də professional olmalıdır" ÖZƏL-MÖVQE

“Azərbaycan dövlətçiliyi yeni eraya qədəm qoyur”. Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.

Politoloq hesab edir ki, Azərbaycanda bu gün baş verən struktur islahatlarında təəccübləndirici məqam olmamalı idi: “Çünki struktur islahatları istənilən ölkədə baş verə bilər. Sadəcə olaraq, Azərbaycanda uzun müddət nazir vəzifələrində qalmış şəxslərin hakimiyyətdən getmələri fərqli qarşılana bilər. Modernləşən və qloballaşan dünyada siyasi proseslərin, dövlət idarəçiliyinin dəyişdiyi bir vaxtda struktur islahatlarına ehtiyac var idi. Bu islahatlar əslində bir müddət əvvəl başlamalı idi. Biz artıq 2019-cu ilin yanvarından ölkədə sosial, iqtisadi siyasətdə dəyişiklik və struktur islahatlarının şahidi olduq. Dövlət idarəçiliyində təcrübəsi olan və müasir idarəçilik standartlarına cavab verməyən şəxslərin yeniləri ilə əvəzlənməsi prosesi baş verdi”.

Z.Məmmədov yeni gələnlərin idarəetməni bacarıb-bacarmayacaqları ilə bağlı suala da aydınlıq gətirib: “Təbii ki, yeni gələnlər də professional olmalıdır. Yalnız bu halda onlar idarəetmədə uğurlara imza ata bilərlər. Bu istiqamətdə biz uğurlu və o qədər də uğurlu olmayan misallar da çəkə bilərik. Xüsusilə qeyd etməliyik ki, kimin gəlməsindən asılı olmayaraq, istər millət vəkillərində, istərsə də nazirlərdə əsas vətən və dövlətçilik təəssübkeşliyi olmalıdır. Əks halda, biz vəziyyətin irəliləməsini görə bilmərik”.

Politoloq parlamentin buraxılmasına da münasibət bildirib: “Parlament seçkilərinin bu qədər vaxta buraxılması indiki şəraitdə ən optimal variantdır. Buna bir neçə səbəb var. Ən önəmlisi struktur islahatları tezləşdirilib və onun sürətləndirilməsi üçün mütləq şəkildə parlamentdə də artıq yeni simaların və siyasətçilərin olması vacib idi. Nazirlər Kabinetinin və Prezident Adminstrasiyasının yenilənməsi avtomatik olaraq, parlamentin də yenilənməsinə gətirib çıxartmalıdır. Biz yaxın vaxt ərzində bunun da şahidi olacağıq. Yenilənmə eyni zamanda hakim partiya olan Yeni Azərbaycan Partiyasından olan millət vəkillərinin simasında da olacaq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə