İqtisadçı ekspert: “Sosial ipotekaya edilən dəyişiklik iynə ilə gor qazmaq kimi bir şeydir”

İqtisadçı ekspert: “Sosial ipotekaya edilən dəyişiklik iynə ilə gor qazmaq kimi bir şeydir”

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti toyuq yumurtasının qiymətinin artmasının səbəblərinin araşdırılması və süni qiymət artımının qarşısının alınması üçün Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb, araşdırmalar aparır. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti təsərrüfat subyektlərinə süni qiymət artımına yol vermiş şəxslərə qarşı qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edib. Lakin nəzərə almaq lazımdır ki, süni qiymət artımı digər məhsullarda da var. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert İlham Şaban deyib. O, son zamanlar ərzaq məhsullarında müşahidə olunan bahalaşmanın ölkə daxilində antimonopol qanunların işləməməsi ilə əlaqələndirib.

 

İqtisaçı ekspertin fikrincə bu qanunlar tətbiq olunursa belə çox effektli olmur və nəticə zəif formada özünü biruzə verir: "Söhbət ondan gedir ki, antimonopoliyaya qarşı tədbirləri canlandırmaq lazımdır. Qanunda yazılanları tətbiq etmək lazımdır. Əgər bir şirkət müəyyən məhsulu yanvar ayında bir qiymətə, fevral ayında digər qiymətə satırsa, Vergilər Nazirliyi həmin şirkətin gəliri artdığından mənfəət vergisinin nə qədər ödəməsi ilə bağlı məlumatı açıqlamır. Belə bir şey açıqlansaydı, onda vəziyyətin nə yerdə olduğu məlum olardı. Qapalı bazarda istənilən əməliyyatı etmək olur və bunun qarşısının alınmasının bircə yolu var: daha çox şəffaflıq, daha çox nəzarət və ictimai nəzarəti gücləndirmək. Bütün bunlar bir yerdə olmasa bir müddət keçdikdən sonra həmin mənzərəni biz yenidən müşahidə edəcik".

 

Mərkəzi Bank tərəfindən sosial ipotekaya edilən dəyişiklərə gəlincə iqtisadçi ekspert bu halın daşınmaz əmlak bazarında canlanmaya səbəb olmayacağını bildirib: "Bu gün bir çox vətəndaşların ipoteka almaq imkanı çox məhduddur. Çünki bizdə evlərin qiyməti həddindən artıq bahadır. Əgər şəhərin mərkəzində ev almaq istəyirsənsə, evin minimal qiyməti 100 min manatdır. Sən bunun 20 faizini yəni 20 min manatını götürdün verdin. Sən alırsan təxmini 1200-1500 manat əmək haqqı və imkanın var ki, ayda 500 manat verəsən. İlinə 6 min edir. O, 80 mini 14 illiyinə verməlidir. İkinci bir tərəfdən o evlərin 99.9 faizi təmirsizdir. Təmirə də 20-30 min manat gərəkdir. 2010-cu ildə 2500 şəxs ipoteka krediti alıb. Azərbaycanda 2.5 milyon ailə var və bu ailələrin cəmi 25 faizinin öz evi var. Bu iynə ilə gor qazmaq kimi bir şeydir. Buna görə də, yeni tikilən evlər 4-5 ildir, sahibsiz qalır".

Bütün xəbərlər Facebook səhifəmizdə