ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupunun yeni həmsədri fəaliyyətə başlayıb
ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupunun yeni həmsədri fəaliyyətə başlayıb. Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindən SİA-ya verilən məlumata görə, Demokratlar Partiyasının üzvü, Konqresmen Dənyel Boren (Daniel Boren) ABŞ Konqresinin Nümayəndələr Palatasında fəaliyyət göstərən Azərbaycan üzrə İşçi Qrupunun həmsədri qismində vəzifəsinin icrasına başlayıb.
Məlum olduğu kimi, Qrupun Demokratlar Partiyasından olan öncəki həmsədri Solomon Ortisin Konqresdə üzvlüyü 2010-cu ildə başa çatıb. 1973-cü ildə anadan olan, Texas və Oklahoma universitetlərindən məzun olan və 2005-ci ildən ABŞ Konqresində Oklahoma ştatını təmsil edən D.Boren Nümayəndələr Palatasının Təbii Ehtiyatlar üzrə Daimi Komitəsinin və Kəşfiyyat üzrə Xüsusi Komitəsinin üzvüdür. Konqresmenin siyasi karyerası ailə ənənəsinin davamıdır. O, vaxtilə Oklahoma ştatının qubernatoru və ABŞ Senatoru olub, hazırda Oklahoma Universitetinin rektoru və ABŞ Prezidentinin Kəşfiyyat üzrə Məşvərət Şurasının həmsədri Deyvid Borenin oğlu, sabiq Konqresmen Layl Borenin nəvəsidir.
ABŞ Konqresinin Nümayəndələr Palatasında 2004-cü ildə yaradılıb Azərbaycan üzrə İşçi Qrupuna hazırda 38 konqresmen daxildir. Onlardan 23-ü Demokratlar, 15-i isə Respublikaçılar partiyalarını təmsil edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB