Lənkəran Müalicə Diaqonistika Mərkəzində hemodializ aparatların sayı 15-ə çatdırılıb

Bölgələr üzrə ilk dəfə Lənkəranda fəaliyyətə başlayan Müalicə-Diaqnostika Mərkəzi artıq 5 ildir ki, bölgə əhalisinə pulsuz tibbi xidmət göstərir. Mərkəzin baş həkimi Malik Məmmədovun SİA-nın cənub bürosuna verdiyi məlumata görə, ARDNŞ-nın maliyyə vəsaiti ilə inşa olunan Lənkəran Müalicə Diaqnostika Mərkəzində şüa diaqnostikası, hemodializ, konsultativ diaqnostik poliklinika, cərrahiyyə, anesteziologiya və reanimasiya kimi vacib əhəmiyyətli şöbələr fəaliyyət göstərir.

Baş həkim əlavə edib ki, burada quraşdırılan ən müasir tibbi avadanlıq mürəkkəb cərrahiyyə əməliyyatlarının həyata keçirilməsinə imkan verir. Həmçinin, burada bölgədə ilk dəfə olaraq açıq ürək əmliyyatı həyata keçirilib.

Mərkəzdə əhaliyə yüksək tibbi xidmət göstərən şöbələrədən biri də Hemodializ şöbəsidir. Əgər ilk illərdə Hemodializ şöbəsində xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələr üçün nəzərdə tutulan tibbi avadanlığın sayı 10 idisə, hazırda belə tibbi avadanlıqların sayı 15-ə çatdırılıb.

Hemodializ şöbəsinin müdiri Maarif Musayev bildirib ki, Diaqnostika Mərkəzinin 15 yerlik Hemodializ şöbəsində ötən dövr ərzində 89 xəsətəyə orta hesabla 12397 dializ seansı aparılıb.

Qeyd edək ki, burada xəstənin vəziyyətindən asılı olaraq həftə ərzində 1 və ya 3 dəfə hemodializ seansi keçirilir. Bu da xroniki böyrək xəstəliyindən əziyyət çəkən insanların ömrünün uzanmasına səbəb olur.

Ötən il ərzində Lənkəran Müalicə Diaqnostika Mərkəzinə müraciət edən xəstələrin ümumi sayı 29 min 213 nəfər olub.

Bütün xəbərlər Facebook səhifəmizdə