"Sərhəd xəttinin irəli çəkilməsi Azərbaycanın döyüş əzmini bir daha nümayiş etdirdi" AÇIQLAMA-ÖZƏL

“Sərhəd xətlərinin irəli çəkilməsi və yeni sərhəd məntəqələrinin yaradılması Azərbaycanın döyüş əzmini bir daha nümayiş etdirdi. Buna həm də düşmən tərəfin son zamanlardakı təxribatları təhrik etdi”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.

Bu ilin iyulun 31-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları nəticəsində Sərhəd Xidmətinin 1 hərbi qulluqçusunun yaralandığını deyən politoloq söyləyib ki, bununla yanaşı, Paşinyanın Xankəndidəki məlum təxribarçı bəyanatından sonra iki ölkə arasında müharibə ehtimalını gücləndiyindən Azərbaycanın müvafiq dövlət orqanları işğalçı qoşunlarla təmas xəttində və Ermənistanla dövlət sərhədində fəaliyyətlərini genişləndirdilər.

Onun sözlərinə görə, Dövlət Sərhəd Xidmətinin Qazax rayonunda yeni məntəqələr yaratması və düşmənin strateji obyektlərini nəzarət altına alması bunu sübut edir: “ Azərbaycan təkcə işğal olunmuş ərazilərdə qoşunların təmas xəttində deyil, həmçinin Azərbaycan-Ermənistan dövlət sərhəddində təxribatlara qarşı hazırlığını artırmış oldu. DSX-nin son tədbirləri bu baxımdan Azərbaycanın Ermənistana uğurlu demarşı sayıla bilər”.

N. Məmmədova vurğulayıb ki, sərhədçilərimizin irəliləməsi, müdafiə naziri general-polkovnik Zakir Həsənovun cəbhəboyu zonada tikilən hərbi hospitalın açılışını etməsi, daha sonra isə onun Rusiyaya səfər etməsi, Paşinyanın təxribatlarına vaxtında verilmiş kəsərli, doğru cavab oldu: “Təbii ki, bütün bunların əsasında Azərbaycan Prezidentinin üstün iradəsi, dünyada bir lider kimi şəxsi nüfuzu, ölkəmizin qüdrəti dayanır. Azərbaycana diplomatik demarş nümayiş etdirməyə cəhd edən Paşinyan bununla onsuz da zəif ölkəsini sonunun məğlubiyyət olacağını bildiyi mənasız avantüraya sürüklədiyinin fərqindədir. Öz dövlətinin rifahını, tərəqqisini yalnız müdrik, xalqını sevən, sülhpərvər dövlət başçısı düşünə bilər”.

Politoloq qeyd edib ki, Paşinyanın nə şəxsi, nə işgüzar keyfiyyətləri, nə də keçdiyi həyat yolunun qısamüddətli təcrübəsi ona bu imkanları verməyib: “Bu şəxs Qərbin təsir agentidir. Onun məqsədi Ermənistanı inkişaf etdirib, işğalçı damğasından xilas etmək yox, Rusiyanın forpostundan Qərbin forpostuna transfer etməkdir. Onun bütün fəaliyyəti bunu sübut edir. Ölkəsinin indiki şəraitdə məğlub olacağını bildiyi halda Azərbaycanla müharibəyə təhrik etməsi ilk növbədə onun öz dövlətinə xəyanətdir. Lakin bir qayda olaraq başqa qüvvələrin köməyilə hakimiyyətə gələn siyasətçilər xarici qüvvələrin iradəsini həyata keçirir, onlara verilmiş təlimat üzrə hərəkət edir, qalan məsələlər, o cümlədən öz ölkəsinin məğlubiyyəti onları narahat etmir. Odur ki, ali baş komandanın nəzarət edə bilmədiyi ordunun hər hansı ərazi tutması cəfəng iddiadır. Status-kvonu ən son olaraq 2016-cı il Aprel döyüşlərində, daha sonra Naxçıvanda Günnüt ərazisində torpaq tutmaqla, ən son günlərdə isə Qazaxda sərhəd xətlərini irəli çəkməklə Azərbaycan dəyişib!”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə