Azərbaycan idmanının növbəti qələbəsi

Azərbaycan idmanının növbəti qələbəsi

İkinci Avropa Oyunlarında Azərbaycan millisinin 10-cu yerdə qərarlaşması idmanımızın uğurudur

Ölkəmizin sosial-iqtisadi inkişafı sahəsində müəyyən olunmuş siyasət, respublikamıza uğurlar gətirməklə yanaşı, onun dünya miqayasında imicini də yüksəldib. Ümummilli Lider Heydər Əliyevin siyasi və iqtisadi kursunu uğurla davam etdirən, ideyalarını gerçəkləşdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasətinin məntiqi nəticəsi olaraq, ölkənin davamlı iqtisadi inkişafı təmin edilib ki, bu da, bütün sahələrdə, eləcə də idman sahəsində böyük nailiyyətlərin əldə olunmasına səbəb olub. Azərbaycan dünyanın idman arenasında, artıq özünə layiqli yer tutub. İstər beynəlxalq yarışlarda iştirakı, istərsə də beynəlxalq yarışlara ev sahibliyi etməsi ilə. Dünya idmanının tarixində ilk dəfə keçirilən Avropa Oyunlarına ev sahibliyi etmək missiyasının Bakıya həvalə edilməsi kimi böyük etimad, Azərbaycana olan inamın nəticəsi idi. Azərbaycan bu oyunların standartlarını və səviyyəsini təmin etməklə yanaşı, dünyanın 50 ölkəsinin 6 min idmançısının iştirak etdiyi I Avropa Oyunlarında Azərbaycan təmsilçiləri 21 qızıl medalı qazanaraq, 21 dəfə Azərbaycan bayrağının yüksəltdilər, Dövlət Himnini səsləndirildi. Bu, Azərbaycan idmanına olan dövlət qayğısının növbəti təntənəsi idi. Dünyanın 17 gün ərizində izlədiyi bu elit Oyunlarda xalqımızın tolerantlığı, sülhsevərliyi və qonaqpərvərliyi dünyaya nümayiş etdirildi. "Bakı-2015" ilk Avropa Oyunları təkcə qitədə deyil, dünya miqyasında mötəbər idman tədbiri kimi tarixiləşdi. Bu gün isə Minskdə keçirilən İkinci Avropa Oyunlarında 82 idmançı ilə təmsil olunan Azərbaycan millisi 28 medal qazanaraq, komanda hesabında 50 ölkə arasında 10-cu yerdə qərarlaşıb. Komandamız Oyunları 5 qızıl, 10 gümüş, 13 bürünc medalla başa vurub. Ümumilikdə, 200 dəst medala 43 ölkə təmsilçisi yiyələnib. Onlardan cəmi 34-ü qızıl medal sevinci yaşayıb. Bakıda keçirilmiş ilk Avropa Oyunlarında olduğu kimi, İkinci Avropa Oyunlarında da Rusiya komandası medal siyahısında birinci yeri tutub. İkinci yerdə ev sahibləri Belarus, üçüncü pillədə Ukrayna yığmaları qərarlaşıblar. İlk onluqda İtaliya, Hollandiya, Almaniya, Gürcüstan, Fransa, Böyük Britaniya və Azərbaycan komandaları yer alıblar. 10 gün ərzində keçirilən yarışlarda Azərbaycan növbəti qələbəsini qazanıb.
Qeyd edək ki, iyunun 21-də start götürən İkinci Avropa Oyunlarında qitənin 50 ölkəsindən 4 mindən çox atlet idmanın 15 növü üzrə mübarizə aparıb. Üçüncü Avropa Oyunların 2023-cü ildə Polşanın Krakov şəhərində keçiriləcək.
Xatırladaq ki, tarixdə İlk Avropa Oyunları 2015-ci il iyunun 12-28-də Bakıda keçirilib. İdmançılarımız Oyunlarda 56, o cümlədən, 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazanıblar. 2015-ci ildə Avropa Oyunlarında ikinci, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarında isə birinci yerə Azərbaycan komandası layiq görüldü. Mötəbər beynəlxalq idman yarışlarına müvəffəqiyyətlə ev sahibliyi edən Azərbaycan, bütün sahələrdə olduğu kimi, bu sahədə də əsl yüksəliş dövrünü yaşayır. Azərbaycan Prezidenti İlham Əliyevin davamlı və məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, Azərbaycan dünyada aparıcı idman ölkələrindən biri kimi tanınır. Azərbaycan Prezidenti İlham Əliyevin hələ 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbəri seçilməsindən sonra ölkəmizdə idmana və bədən tərbiyəsinə diqqət daha da artdı. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı isə, tezliklə öz müsbət nəticəsini verdi. 2008-ci ilin avqustunda Pekində keçirilən Olimpiya Oyunlarında Azərbaycan idmançılarının qazandıqları qələbələri, xüsusilə, qeyd etmək lazımdır. Pekin Oimpiya Oyunlarında Azərbaycan 7 medal qazandı və dünyanın iki yüzdən çox ölkəsi arasında 38-ci yeri tutdu. Olimpiya Oyunlarında qazanılan bu qələbə də, heç şübhəsiz, dövlətin idmana münasibətinin nəticəsi idi. Azərbaycan idmançılarının müxtəlif səviyyəli beynəlxalq yarışlarda beş mindən artıq medala layiq görülmələri, Olimpiya Oyunlarında qazanılan qızıl, gümüş və bürünc medal böyük tarixi nailiyyətdir.
MDB ölkələri zəhmətkeşlərinin beynəlxalq V İdman Oyunlarında Azərbaycan idmançıları 37 medal - 9 qızıl,12 gümüş və 16 bürünc medal qazandılar.
Son illərdə, dünyada ən sürətli templərlə inkişaf edən ölkəyə çevrilən Azərbaycanda, 300-dən çox beynəlxalq yarış keçirilib. Dünyanın idman ictimaiyyətinin diqqətini çəkən Azərbaycanda ən irimiqyaslı yarışlar yüksək səviyyədə təşkil olunur. Belə ki, ölkəmizdə yeniyetmə cüdoçuların Avropa çempionatı, bədii gimnastika üzrə 27-ci dünya çempionatı, sərbəst güləş və yunan-Roma güləşi üzrə 24-cü dünya çempionatı, görmə qüsurlu paralimpiyaçı cüdoçular arasında Avropa çempionatı, bədii gimnastika üzrə 25-ci Avropa çempionatı, qılıncoynatma üzrə gənclər və kadetlər arasında dünya çempionatı, gənclər arasında boks üzrə dünya çempionatı, boks üzrə dünya çempionatı və s. keçirilib. Bu yarışların Azərbaycanda keçirilməsi bir daha inkişaf etmiş bir dövlət olaraq, hər bir sahədə olduğu kimi, idmanda da ölkəmizə böyük imic qazandırıb. Dünyaya əminliklə bəyan etdiyi gücünü, qüdrətini və təhlükəsizlik tədbirlərinə cavabdehliyini göstərib. "Güclü iqtisadi imkanlarımız, beynəlxalq mövqelərimizin gücləndirilməsi, beynəlxalq aləmdə Azərbaycanın çox hörmətli ölkə kimi qəbul edilməsi, əlbəttə ki, bizim ümumi uğurlarımıza şərait yaradır" deyən Prezident İlham Əliyev idmanın cəmiyyətimizin ayrılmaz hissəsi olduğunu bildirib: "İdmançılar cəmiyyətdə böyük hörmətə malikdirlər. Onu da, qeyd etmək istəyirəm ki, idmançılarımızın mütləq əksəriyyəti, xüsusilə, bizim tanınmış idmançılarımız məişətdə də gənclər üçün nümunədir. İdmançılarımızın qələbələri, dövlət tərəfindən onların mükafatlandırılması uşaq, yeniyetmə və gənc idmançılarda da ruh yüksəkliyi yaradır. Onlar da, görkəmli çempionlar kimi olmaq, böyük uğurlar qazanmaq, öz bayrağını qaldırmaq istəyirlər və istəyirlər ki, xalq onları da tanısın və onlara da hörmət etsin".

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə