Milli Qurtuluş Günü Ümummilli Lider Heydər əliyevin adı ilə bağlıdır və Azərbaycan xalqı bu günü Ulu Öndərə dərin ehtiram hissi ilə qeyd edir. Çünki, ölkəni düşdüyü böhranlı vəziyyətdən çıxaran, müstəqilliyinin itirilməsi təhlükəsindən qurtaran dahi şəxsiyyətin məhz Heydər Əliyev olduğunu xalq çox yaxşı bilir və hər zaman olduğu kimi çox yüksək qiymətləndirir. Bir az daha dəqiq ifadə etsək, Azərbaycanı çətin duruma, parçalanmalara, xaosa, hərcmərcliyə, idarəsizliyə, anarxiyaya, ümumiyyətlə, fəlakətlərə sürükləyənlərdən də qurtaran elə məhz Ulu Öndərdir və bu tarixi reallığı təkzib etmək olmaz.
Xalqı təkcə böhrandan deyil, həm də fəlakətlərə səbəb olan o zamankı uyğunsuz hakimiyyətin əlindən qurtarmaq da çox vacib şərt hesab olunurdu
Uzun müddət Sovet imperiyasının əsarəti altında olan, repressiyalara məruz qalan, istiqlaliyyəti əlindən alınan Azərbaycanın qurbanlar hesabına, şəhid qanları bahasına əldə etdiyi müstəqilliyini ikinci dəfə itirməsi, daha döqrusu, qan bahasına əldə olunan müstəqilliyi itirmək təhlükəsi altında qoyanlar bağışlanılmazdır. Söhbətin kimlərdən getdiyi hamıya, ələlxüsus ötən əsrin sonlarında cərəyan edən hadisələrin canlı şahidi olanlara daha yaxşı bəllidir. AXC-Müsavat hakimiyyətinin istər səriştəsizliyi, bacarıqsızlığı, istər məsuliyyətsizliyi, saymazlığı, istərsə də vəzifə bölgüsü uğrunda didişmələrinə görə yol verdikləri səhvlər, qanunsuz əməllər, özbaşınalıqlar səbəbindən Azərbaycanın əldə etdiyi müstəqilliyi itirmək təhlükəsi ilə ölkəni üz-üzə qoyduğu tarixi reallıqdır. Belə bir reallıqda ölkəni, xalqı təkcə böhrandan deyil, həm də səriştəsiz, məsuliyyətsiz, fəlakətlərə səbəb olan o zamankı uyğunsuz hakimiyyətin əlindən qurtarmaq da çox vacib şərt hesab olunurdu ki, bunun da öhdəsindən məhz Ulu Öndər cəsarətlə gəldi.
Bəzən həmin o fəlakətlərə, müstəqilliyimizin itirilməsi təhlükəsinə yol açan AXC-Müsavat nümayəndələri, yaxud hansısa müxalif qüvvələr Milli Qurtuluş Günündə paylarının olduğunu iddia etməyə çalışırlar. Doğrudur, nəyə əsasən bunu iddia etdikləri heç kimə, hətta özlərinə də bəlli deyil. Amma, ola bilsin o zamanki hakimiyyəti təmsil edənlər çətin durumda öhdəsindən gələ bilmədikləri üçün vəzifələrini qoyub qaçdıqlarını əsas tutaraq bunu iddia etməyə cəhd edirlər. Yaxud, demək istəyirlər ki, Azərbaycan dövləti, onun müstəqilliyi və bu xalq onlardan yaxa qurtardığı üçün bu qurtuluş günündə onların da payı var. Çünki, özləri də bilirlər ki, bir az da artıq hakimiyyətdə qalacaqları təqdirdə onların daha böyük faciələr törədəcəyinə zərrə qədər şübhə yoxdur və bunu bütün xalq da bilir və bu reallığı etirraflar da təsdiq edir.
AXC-Müsavat hakimiyyəti prezidentindən tutmuş ən kiçik məmuruna qədər xalqın onlardan canını qurtarmaq arzusunda olduğunu çox yaxşı bilirdi
Həmin dövrdə, yəni 1993-cü ilin may ayının 25-də Prezidentin İcra Aparatında keçirdiyi hüquq-mühafizə orqanları işçilərinin müşavirəsində söylədikləri deyilənləri tam şəkildə təsdiq edir. Əbülfəz Elçibəy həmin müşavirədə şəxsən bildirmişdi ki, xarici iqtisadi əlaqələr pozulur, benzin, neft, taxıl respublikadan dağıdılır və Azərbaycanın rayonlarında benzin tapılmır. O, həmin müşavirədə xüsusilə vurğulamışdı ki, Ermənistan Azərbaycan neftini aparır, özü də tonla aparır və bunu da adi vətəndaş belə yaxşı bilir. Prezident Elçibəyin sözügedən müşavirədə, xalq deyir ki, kaş canımız qurtaraydı bu Xalq Cəbhəsinin əlindən, deməsi də təsdiq edir ki, o zamankı hakimiyyət prezidentindən tutmuş ən kiçik məmuruna qədər xalqın onlardan canını qurtarmaq arzusunda, niyyətində olduğunu çox yaxşı bilirdi.
Həmin hakimiyyətin səriştəsiz, bacarıqsız, uğursuz və getməli olduğunu, sonunun çatdığını onun prezidenti belə gözəl başa düşürdü. Xalqın onlardan qurtulmaq istəklərini dərk edirdi. Əbülfəz Elçibəy indi özlərini süddən çıxan ağ qaşıq kimi göstərənlərdən fərqli olaraq bunu etiraf da edirdi və deyirdi ki, heç kim, heç birimiz bu yolla axıra qədər gedə bilməyəcəyik. Bu isə o zamankı hakimiyyətin bir məmurunun da deyil, prezidentinin dedikləri, yekunda etirafları idi.
Elçibəy həmçinin bu müşavirədə xatırlatmışdı və nəzərə çatdırmışdı ki, Azərbaycan xalqı əgər azadlıq və demokratiya uğrunda mübarizə aparıbsa, bu xalq əgər böyük imperiyadan canını qurtara bilibsə, deməli, gələcəkdə aranızda olan bu adamların canı xalqın əlindən qurtarmayacaq. Əslində, çanı xalqın əlindən qurtarmayacaq kəslər dedikdə qanunsuz əməllərə imza atan, hərcmərcliyə, xaosa, problemlərə, bohranlı vəziyyətə, hətta müstəqilliyin itirilməsi kimi təhlükələrə rəvac verən, yol açan o zamankı hakimiyyətin səriştəsiz nümayəndələrini nəzərdə tuturdu prezident.
Əbülfəz Əliyevin bu qədər sərt şəkildə, özü də müşavirədə dedikləri heç də təsadüfi ola bilməzdi və bu həmin hakimiyyətin iç üzünün, əsl simasının şəxsən onun rəhbəri, prezidenti tərəfindən “qiymətləndirilməsi” idi. İndi özlərini hansısa hakimiyyətin varisi kimi təqdim etməyə çalışan, dövlətçilik tarixində rolu olanlar kimi qələmə verməyə cəhd edənlər, “camaat ata-anamızın qəbrinə söyür” sözlərini də unudublarmı? Yaxud, indi ən adi məişət problemlərinə köklənən, bundan hay-küy yaratmağa, bunu şişirtməyə çalışanlar ölkədə özəlləşdirilmə prosesi getmədiyi halda 3 mindən çox xidməti maşının şəxsi istifadə üçün mənimsənilməsini, AXC hakimiyyətinin ilk aylarında mənzil fondunun satılıb mənimsənilməsini bu xalqın unutduğunu, ya da xəbərsiz olduğunumu zənn edirlər? Doğru oldu-olmadı məhkəmə qanunsuzluğundan danışmağa alışmış həmin adamlar öz hakimiyyətləri dövründə daxili işlər naziri tərəfindən insanların qanunsuz həbs edilməsini, məhkəməsiz 700 nəfər məhbusun azadlığa buraxılıb, silahlandırılmasını bəlkə xatırlamırlar? İndi hakimiyyətdə təmsil olunan məmurlara ağız büzənlər, əvvəllər kiçik mövsümi ticarətlə məşğul olmuş birinin baş nazir, 11 il müddətində kiçik bir dissertasiyanı müdafiə edə bilməyən bir kiçik elmi işçinin parlamentin sədri, adi fizika müəlliminin müdafiə naziri, kriminal düşüncəlilərin dövlət vəzifəliləri təyin etmələrindən heçmi utanmırlar?
Əslində, Milli Qurtuluş Gününün fəlsəfəsini açanda bəlli olur ki, xalq böhranlar, vətəndaş qarşıdurmaları, müstəqilliyin, dövlətçiliyin itirilməsi kimi fəlakətlərlə yanaşı bu müxalif ünsürlərdən də qurtulub. Görünür, indi yuyulmamış qaşıq kimi özlərini ortaya atan və bu Milli Qurtuluş Günündən özləri, öz adları üçün pay umanlar ya törətdiklərinin unudulduğunu zənn edirlər, ya da qeyd etdiyimiz kimi, elə onlardan bu xalqın qurtulmasını dərk edərək bu qənaətdədirlər. Fikrimizi bir az daha dəqiqləşdirsək, bununla onlar bu dövlətin, bu xalqın fəlakətə gedən yoldan qurtuluşunu etiraf edirlər.
Sadalananlar təsdiq edir ki, Milli Qurtuluş Günü Azərbaycan xalqının Heydər Əliyevin tarixi missiyasına verdiyi düzgün, ədalətli, obyektiv qiyməti əks etdirir. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətinin rəhbərliyinə qayıtması, onu məhv olmaqdan və dövlətçiliyin, müstəqilliyin itirilməsindən xilas etməsi, güclü, dinamik inkişaf edən və milli varlığımızı yaşadan ölkəyə çevirməsi, təkcə bugünkü deyil, ümumən gələcək nəsillər, Azərbaycan amalını qəlbində yaşadan bütün insanlar üçün epoxal əhəmiyyət kəsb edən dövlətçilik təcrübəsinə çevrilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB