Nəticələr hara doğru istiqamət alıb?
Ermənistanın siyasi dairələri ilə Qarabağ klanı arasında baş verən münaqişə get-gedə qızışmaqda və artıq açıq savaşlara çağırış fonuna keçid almaqdadır. Belə ki, son zamanlar, xüsusilə, Ermənistanın ikinci prezidenti Robert Koçaryanın azadlığa buraxılması prosesindən sonra başlayan siyasi qarşıdurmalar sözügedən münaqişənin dərinləşməsinə təkan verməkdədir. Artıq, erməni KİV-lərində də bir-birindən ilginc iddia və faktlar ictimailəşdirilməkdədir ki, onlardan biri də qarşıdurmaların yaşanmasında Qərb fondlarının, xüsusilə Sorosun, o cümlədən də, qərbpərəst Nikol Paşinyan hakimiyyətinin əli olduğu bildirilir.
“Sasna srer”: ““Artsax” prezidentə, parlament spikerinə sahib olmalı deyil”
Bu arada, baş verən daha bir hadisə özündə bir sıra maraqdoğurucu məqamları üzə çıxarıb. ““Sasna srer” partiyası mayın 25-dən start götürərək, Ermənistandan işğal olunmuş Dağlıq Qarabağ ərazisinə avtoyürüşə başlayıb. Partiyanın məqsədi “Dağlıq Qarabağ”ın administrativ rayon mərkəzlərində görüşlər keçirməkdir. Avtoyürüşün uzunluğu 1100 km. təşkil edir”. SİA xəbər verir ki, bu barədə Ermənistanın “verelq.am” saytının rusdilli bölməsi yazır. Belə ki, “Sasna srer” partiyasının üzvü Areq Kyureqyan bəyan edib ki, avtoyürüşün əsas məqsədi “Artsaxın” Ermənistana vilayət kimi birləşdirilməsidir. “Artsax” prezidentə, parlament spikerinə sahib olmalı deyil, onun Ermənistanın bütün vilayətlərində olduğu kimi, qubernatoru olmalıdır”, deyə Kyuerqyan bildirib.
Adıçəkilən erməni nəşri sözügedən avtoyürüşü təxribatçılıq adlandırır və yazır ki, partiyanın təxribatçı avtoyürüşü Nikol Paşinyan tərəfdarlarının İrəvanda “Artsax” rəhbərliyinə qarşı etiraz aksiyası ilə üst-üstə düşüb. Daha dəqiq desək, müəllif burada “Sasna srer” partiyasının heç də özbaşına hərəkət etmədiyini və Paşinyan tərəfindən gizli idarə edildiyini dolayısı ilə iddia edib. Əbəs deyil ki, erməni agentliyi bunun ardınca yazır: “Belə ki, “DQR”- in “prezidenti” Bako Saakyan Robert Koçaryanın yaşadığı ərazini tərk etməməsi ilə bağlı qərarın dəyişdirilməsi üçün zəmanət çıxışı edib. Bununla bağlı “Artsax”ın “qəhrəmanı”, general-leytenant Arşavir Qaramyan özünün Facebook səhifəsində “DQR”in “prokuroru” Artur Mosiyana müraciət edərək, mitinq iştirakçılarından biri olan Civan Abramyanın Bako Saakyana qarşı açıq hədələr səsləndirməsinin araşdırılmasını tələb edib. Civan Abramyan Eçmiədzində qurultayın işinə müdaxilə edərək, azadlığa buraxılmış Manvel Qriqoryanın şəhərə çıxışına mane olub. O, həmçinin Robert Koçaryana qarşı da aksiyalarda iştirak edib”.
“Velerq.am”: “Onlarla Milli Təhlükəsizlik Xidməti məşğul olmalıdır ki, bu xidmət sözügedən fonda şübhəli fəaliyyətsizlik göstərir”
“Verelq.am” yazır və onu da iddia edir ki, ki, Ermənistanda başlamış anti-Qarabağ kampaniyası müxtəlif sorosçu təşkilatların Bako Saakyana və “artsaxlılara” qarşı düşmənçilik mövqeyidir və bu kampaniyada iştirak edənlər Ermənistanın və “DQR”in milli təhlükəsizliyinə zərbə vururlar: “Onlarla Milli Təhlükəsizlik Xidməti məşğul olmalıdır ki, bu xidmət sözügedən fonda şübhəli fəaliyyətsizlik göstərir”.
Beləliklə, erməni KİV-i iddia edir ki, bu məsələdə xüsusilə, Nikol Paşinyanın marağı var. SİTAT: ““Yerevanda “Artsax” hakimiyyətinə qarşı təhdid çağırışları səsləndirilir. “Sasna srer” partiyası təxribatçı avtoyürüş təşkil edir və “Artsaxın” girişində “Atrsax-Ermənistan respbublikasının vilayətidir” şüarı asır. Ermənistan rəhbərliyi isə buna heç bir reaksiya göstərmir, ya da mövcud təbliğata susqun davranır. Bu, onu göstərir ki, həmin qüvvələr Corc Sorosa və Qərbə aid fondların pulları ilə, həmçinin Ermənistan respublikasının razılığı ilə fəaliyyət göstərirlər”.
Paşinyandan mesaj: “Ermənistandan “Artsaxa” inqilabın eksportu isə, hər han baş verə bilər, özü də ağır nəticələrlə”
Daha bir reallıq, bu məsələdə təlaşla Azərbaycanın gücünün nəzərə alınmasıdır. Əbəs deyil ki, qarşıdurmalar fonunda Azərbaycanın hərbi qüvvələri barədə məlumat verilib və digər amillərə toxunulub. SİTAT: “Bu vasitə ilə Nikol Paşinyan “Arsaxa” mesaj göndərir ki, Robert Koçaryanı müdafiə etməyə dəyməz, Ermənistandan “Artsaxa” inqilabın eksportu isə, hər han baş verə bilər, özü də ağır nəticələrlə. İlk növbədə, bu, Bakının planları ilə üst-üstə düşə bilər və dərhal hərbi əməliyyatlar başlayar. Azərbaycan ön cəbhəyə zərbə güclərini toplayıb və bu il 10-dan çox hərbi təlim keçirib”.
“Ermənistanın arxa cəbhəsindən “Artsaxı” “minalamaqla” “Stepanakerti” Azərbaycanla gələcək müharibədə tək qoyacaqlar”
İlginc nüanslardan biri də Qarabağ ermənilərinin daxillərindəki problemlərlə əlaqəlidir. Daha doğrusu, bu gün Bako Saakyana qarşı da müəyyən güclər formalaşıb ki, onlar “DQR”də “hakimiyyəti” öz əllərinə keçirməyə çalışırlar. Bunun üçün isə, Ermənistandan dəstəklənirlər: ““Artsaxda” da güclər var ki, onlar “respublika hakimiyyətini” dəyişmək marağındadırlar və yerevanlı desant onlara arxalana bilər.
Bu vasitə ilə sorosçular Ermənistan respublikasının susqun razılığı ilə “DQR”dəki situasiyanı destabilizə etməyə cəhd göstərəcəklər. Yəni Ermənistanın arxa cəbhəsindən “Artsaxı” “minalamaqla” “Stepanakerti” Azərbaycanla gələcək müharibədə tək qoyacaqlar”.
“Hədəflərdən biri də Ermənistanı qərbyönümlü, rusofobiya ölkəsinə çevirməkdir ki, bu da ABŞ-ın geosiyasi proqramlarında anti İran platsdarmına xidmət edəcək”
Sonda isə əsas məqam budur ki, erməni nəşri burada sorosçu qüvvələr deyərkən, elə Nikol Paşinyanı da nəzərdə tuturlar. SİTAT: “Sorosçu qüvvələrin əsas hədəfi Ermənistanla “Artsax” arasındaı münasibəti gərginləşdirmək, Ermənistandakı Qarabağ klanını, yaxud rusiyapərəst siyasi platformaları izolə etmək, Rusiya ilə Ermənistan arasındakı münasibətləri pisləşdirməkdir ki, son vaxtlar biz bu prosesi müşahidə edirik. Hədəflərdən biri də Ermənistanı qərbyönümlü, rusofobiya ölkəsinə çevirməkdir ki, bu da ABŞ-ın geosiyasi proqramlarında anti İran platsdarmına xidmət edəcək”.
Beləliklə, erməni agentliyinin sözügedən təhlilində müəyyən həqiqətlərin olduğuna şübhə etmək olmaz. Xüsusilə, Ermənistanla Qarabağ klanı arasındakı savaşın şiddətlənməsi bütövlükdə həm İrəvanın, həm də “Stepanakertin” siyasi xəritədən silinməsi təhlükəsini reallaşdıra bilər. İstisna etmək olmaz ki, hazırda davam edən bu qarşıdurmalar ən qısa zamanda vətəndaş Müharibəsinə çevriləcək və ermənilər bundan heç bir çıxış yolu tapa bilməyəcəklər. Xüsusilə, Qarabağ torpaqlarımız Azərbaycanın ərazisi olaraq geri qayıdarkən, düşmən qüvvələr ən ağır zərbələrini almış olacaqlar.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB