Samuxda əhalinin gəlirləri artıb

Samuxda əhalinin gəlirləri artıb

Samux rayonunda 2010-cu ilin yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin rəsmiləri ilə yanaşı, Milli Məclis sədrinin müavini Valeh Ələsgərov da iştirak edib.

Hesabat məruzəsi ilə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev 2010-cu ildə qeydə alınan nəticələrə nəzər salıb. İcra başçısı bildirib ki, ötən il rayonda ümumi məhsul istehsalının həcmi 66.3 milyon manat olub. Həmçinin, ötən il əhaliyə göstərilən pullu xidmət 9.6, əhalinin gəlirləri isə 22.3 faiz artıb.

Yola saldığımız son bir ildə Samuxda yol təsərrüfatına da diqqət artırılıb. Belə ki, Gəncə -Samux yolu əsaslı şəkildə bərpa olunub. Eyni zamanda digər kənd yollarına yeni asflat örtüyü çəkilib. Ötən bir ildə Samuxda yeni istehsal sahələri də fəaliyyətə başlayıb. 10 yeni müəssisə istifadəyə verilib. Ümumiyyətlə, il ərzində rayonda 1139 yeni iş yeri açılıb. Onlardan 367-si daimi, 470-i isə mövsümi iş yerləridir.

Hesabat məruzəsində o da diqqətə çatdırılb ki, 2010-cu ildə 9527 ha sahədə taxıl becərilib. Cari ildə sahələrdən 22.2 min ton taxıl, 14.3 min ton buğda, 7.9 min ton arpa yığılıb.

Vilyam Hacıyev 2011-ci ildə görüləcək işlər, planlar barədə də ətraflı məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə