"Ulu öndərin ruhu daim bizimlədir" RƏY-ÖZƏL

"Ulu öndərin ruhu daim bizimlədir" RƏY-ÖZƏL

“1993-cü ilin iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayan Heydər Əliyev 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaratdı, Azərbaycanın elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, dövlət müstəqilliyi qorunub saxlandı, silahlı yolla hakimiyyətə gəlmək cəhdlərinə son qoyuldu”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

1990-cı illərin əvvəllərində Azərbaycanın yer üzündən silinmək kimi təhlükələrə məruz qaldığını dilə gətirən deputat bildirib ki, AXC-Müsavat cütlüyünün səriştəsiz, bacarıqsız idarəçiliyin, yarıtmaz daxili və xarici siyasəti nəticəsində Azərbaycan elə bir vəziyyətə, elə bir xaotik hala gətirilmişdi ki, onu parçalanmaqdan , dağılmaqdan, vətəndaş müharibəsindən ancaq Heydər Əliyev kimi Şəxsiyyət, Lider qurtara bilərdi və qurtardı da”.

Ümummilli lider Heydər Əliyevin əsası qoyduğu siyasət nəticəsində Azərbaycan iqtisadiyyatının gündən-günə daha da inkişaf etdiyini xüsusi vurğulayan deputat qeyd edib ki, böyük təzyiqlərə, daxili və xarici anti-Azərbaycan dairələrinin bütün fitnə-fəsadlarına baxmayaraq, Heydər Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində 1994-cü il sentyabrın 20-də Bakıda “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi” haqqında dünyanın 11 ən iri neft şirkəti ilə Əsrin Müqaviləsi imzalanıb: “Həmçinin, Heydər Əliyevin prezidentliyi zamanında milli ordu quruculuğunda ciddi dəyişikliklər, təcavüzkar silahlı qüvvələrinin Azərbaycan ərazisindəki azğınlıqlarının qarşısı alındı, qəddar düşmənə əks-zərbələr endirildi və 1994-cü ilin mayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi cəbhə xəttində atəşkəs elan edilməsinə nail olundu”.

E. Səlimov vurğulayıb ki, Böyük və Tarixi Şəxsiyyətin cismən aramızda olmamasından 16 il ötsə də O, hər zaman ruhən bizlərlə, Azərbaycanladır: “Onun ruhu daim bizimlədir. Neçə ki, müstəqil Azərbaycan adlı məmləkət və Uca Azərbaycan xalqı var, Heydər Əliyev də daim var olacaq, o da bizimlə, Azərbaycanla birgə yaşayacaq. Çünki Azərbaycanı Heydər Əliyevsiz, Heydər Əliyevi Azərbaycansız təsəvvür etmək mümkün deyil”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə