"Zəlzələ bölgəsinə səfər vətəndaşa verilən yüksək dəyərin təsdiqidir" AÇIQLAMA-ÖZƏL

"Zəlzələ bölgəsinə səfər vətəndaşa verilən yüksək dəyərin təsdiqidir" AÇIQLAMA-ÖZƏL

“Prezident İlham Əliyev mütəmadi olaraq bölgələrə səfər edir və bu səfərlər zamanı görülən işlərə yerindəcə nəzarət etməklə yanaşı, perspektivdə ola bilən işlərin, problemlərin həlli istiqamətində atılacaq addımları müəyyənləşdirir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən “mən hər bir azərbaycanlının prezidentiyəm” fikrini fəaliyyəti ilə sübut etdi: “Ölkə başçısı hər zaman bildirir ki, “bizim fəaliyyətimizin, siyasətimizin əsasında Azərbaycan vətəndaşı dayanır”. Cənab Prezidentin bir ay müddətində ikinci dəfə zəlzələ bölgəsinə səfər etməsi, zəlzələ nəticəsində zərərçəkənlərlə görüşməsi, görülən işlərlə yaxından tanış olması, məsələnin həlli ilə bağlı tapşırıqları həm insani baxımdan, həm də ölkə başçısının fəaliyyətini xarakterizə edən ən böyük göstəricilərdən biridir”.

İ. Məmmədov söyləyib ki, Azərbaycan Prezidenti insanları, xalqını çox sevir: “Zəlzələ zonasında baş verən fəsadların aradan qaldırılması istiqamətində dövlət büdcəsindən maliyyə ayrılıb, göstərişlər verilib, zərərçəkənlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı işlər görülür, onlara dəyən ziyan ödənilir. Lakin Azərbaycan prezidentinin ən çətin məqamda onların yanında olması, problemləri dinləməsi ölkə vətəndaşlarına verdiyi yüksək dəyərin təsdiqidir. Səfər zamanı insanların ölkə başçısına məktubla müraciət etməsini hər kəs gördü. Bu, vətəndaşlarımızın prezidentinə olan inamının əsas göstəricisidir. Prezident İlham Əliyevin iş qrafikinə nəzər salsaq görərik ki, ölkə başçısı ilin demək olar ki, yarısını bölgələrə səfər edir, orada müxtəlif açılışlarda iştirak edir, regionların sosial iqtisadi inkişafına şəxsən diqqət göstərir”.

Bu gün Azərbaycan xalqının ölkə başçısına minnətdar olduğunu deyən deputat bölgələrə etdiyi son səfəri zamanı buna əyani şahid olduğunu dilə gətirib: “İstər gənclər, istər pensiyaçılar, istər digər fəaliyyətlə məşğul olanlar bizə yaxınlaşaraq cənab prezidentin qayğısını hiss etdiklərini bildirir, təşəkkür edirlər. Ölkəmizdə vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, hər gün yeni islahatların aparılması, əldə olunan nəticələrin məhz insan amilinə yönəldilməsi istiqamətində işlər göz qabağındadır. Biz ölkə başçısının bu sevgisinə qarşı adekvat cavab verməliyik ki, Cənab Prezident daha da ruhlansın və daha böyük işlərə imza atsın”.

İ. Məmmədov qeyd edib ki, regionların inkişafı istiqamətində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da fəaliyyəti danılmazdır: “Heydər Əliyev Fondunun vasitəsilə bölgə sakinlərinin sosial, səhiyyə problemlərinin həlli istiqamətində həyata keçirdiyi layihələr dünyaya örnəkdir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə