Araz Əlizadə: “Azərbaycan Xalq Cəbhəsi liderlərinin şüuru, ağlı və savadı olsaydı, 20 Yanvar faciəsi baş verməzdi” - MÜNASİBƏT
"Azərbaycan Kommunist Partiyasının rəhbərləri xalqla bir olmaq əvəzinə, xalqın başında durmaq əvəzinə gözləyirdilər ki, Moskvadan nə göstəriş gələcək". SİA-ya açıqlamasında bu sözləri Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə 20 Yanvar faciəsinin baş vermə səbəblərinə münasibət bildirərkən deyib.
20 Yanvar faciəsinin baş verməsinin bir neçə səbəbinin olduğunu deyən A.Əlizadə bildirib ki, hadisə baş verməyə də bilərdi: "Birincisi, Azərbaycan Xalq Cəbhəsi liderlərinin şüuru, ağlı və savadı olsaydı, ikincisi, Azərbaycan Kommunist Partiyasının rəhbərliyi binamus və bişərəf olmasaydı, üçüncü Qorbaçov başqa olmaqla SSRİ rəhbərliyi cinayətkar olmasaydı faciə baş verməzdi".
1989-cu ilin sentyabrında Xalq Cəbhəsinin daxilində demokratlarla radikallar arasında mübarizənin başlandığını deyən ASDP-nin həmsədri bildirib ki, özlərini mərkəzçi adlandıranlar həlledici məqamlarda radikallara dəstək verirdilər: "Bu zaman radikallar gücləndilər. Radikallar bilərəkdən xalqı uçuruma aparırdılar. Mən o zaman insanlara çatdırırdım ki, Tbilisidə olan hadisələr bizdə də olacaq. İnsanlar buna inanmırdılar və o zamankı Xalq Cəbhəsinin nadan rəhbərləri deyirdilər ki, Tbilisidə olan hadisələr Bakıda təkrarlana bilməz. Onlar başa düşmürdülər ki, adətən, yaralanmış ayı daha çox vəhşiliklər törədir, nəinki sağlam ayı. Sonrakı hadisələr göstərdi ki, Tbilisidə baş verənlər Bakıda da təkrarlandı. Bu onların nadanlığını göstərdi. Bunun qarşısını almaq olardı. Bir faktı yadınızda saxlayın ki, respublikanın kommunist rəhbərləri Moskvanın buyruğu ilə hərəkət edənlər idi. Onlar özləri müstəqil qərar qəbul edə bilmirdilər. Azərbaycan Kommunist Partiyasının rəhbərləri isə xalqla bir olmaq əvəzinə, xalqın başında durmaq əvəzinə gözləyirdilər ki, Moskvadan nə göstəriş gələcək. 20 Yanvar faciəsi törədiləndə bu insanların birinin də burnu qanamadı. Çünki hamısı qaçıb aradan çıxmışdı".
Faciəyə indiyədək hüquqi qiymət verilmədiyini də vurğulayan A.Əlizadə bildirib ki, Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin qarşısında günahkardır: "21 il ərzində 20 Yanvar faciəsinin əsas günahkarlarını nə tapmışıq, nə də cəzalandırmışıq. Azərbaycanda Qorbaçova qarşı heç cinayət işi açılmayıb, onun cəzalandırılması haqqında heç bir tədbir görülməyib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB