"İran iqtisadiyyatının əsas dayağını enerji daşıyıcıları təşkil edir" ÖZƏL-ŞƏRH
"Ümumi şəkildə Ermənistan-İran münasibətlərinin hazırkı vəziyyətini imitasiya xarakterli inkişafa meyl kimi qiymətləndirmək olar. Belə ki, dövlətlərarası münasibətlər sisteminin əsas elementini həyat fəaliyyətinin müxtəlif sahələri üzrə qarşılıqlı səmərəli əməkdaşlıq təşkil edir. Həm İranın, həm də Ermənistanın uzun illərdən bəri bütün cəhdlərinə baxmayaraq, hər hansı bir istiqamətdə İranla Ermənistan arasında özündə müəyyən keyfiyyət və kəmiyyət göstəricilərini ifadə edən effektiv əməkdaşlıq münasibətləri qurmaq mümkün olmamışdır. Buna dəlalət edən əsas məqam ondan ibarətdir ki, Ermənistanla İran arasında ticari-iqtisadi əməkdaşlığın səviyyəsi demək olar ki, nəzərə çarpmayacaq dərəcədədir". Bunu SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.
Politoloqun sözlərinə görə, Ermənistanla İran arasında münasibətlərin inkişaf etdirilməsinin başlıca hərəkətverici qüvvəsi rolunda hər iki dövlətin ətrafında yaranmış geosiyasi və geoiqtisadi vəziyyət çıxış edir: "Ermənistan regionda işğalçılıq siyasətini həyata keçirməklə, separatizmi birbaşa dəstəkləməklə Azərbaycan və Türkiyə kimi bütün mənalarda potensiallı ölkələrlə əməkdaşlıq imkanlarından özünü məhrum edib. Regionda həyata keçirilmiş strateji enerji və nəqliyyat layihələrindən kənarda qalmış və əsas tərəfdaşı olan Rusiya ilə birbaşa quru əlaqələrinə malik olmayan Ermənistanın İranla əməkdaşlığını inkişaf etdirməkdən başqa çıxış yolu yoxdur. Ermənistan rəsmilərinin özlərinin də etiraf etdikləri kimi hazırkı reallıqlar şəraitində Ermənistan üçün İranla münasibətləri inkişaf etməyin alternativi yoxdur. İranla Qərb arasında münasibətlərdəki gərginliyin tam aradan qalxmadığı bir vaxtda ABŞ prezidenti Donald Tramp ötən ilin mayında İranla bağlanmış nüvə razılaşmasından çıxdığını bəyan edib və bunun ardınca İrana qarşı sanksiyalarını yenidən işə salıb. Təbii ki, uzun illərin sanksiyalarından sonra reabilitasiya dövrünü keçə bilməyən İran iqtisadiyyatı üçün bu kifayət qədər təsirli zərbə idi. Bu baxımdan, İranın zəif Ermənistanla əməkdaşlığı və siyasi münasibətləri inkişaf etdirmək istəkləri düşmüş olduğu vəziyyətin vəziyyətin diqtəsi altında yaranır.
İran ümid edir ki, ABŞ və Avropada fəaliyyət göstərən erməni diaspor təşkilatlarının və lobbisinin rəğbətini qazanmaqla, Qərbin münasibətində müəyyən loyallığa nail ola bilər. İran hətta bəzi kriptosiyasi addımlar da atır. Məsələn, ötən il milliyyətcə erməni qadın Talin Mansuryan İran neft şirkətinin maliyyə departameninin rəhbəri təyin olunub. Hesab edirəm ki, bu, sırf siyasi bir gediş idi. Çünki, İran iqtisadiyyatının əsas dayağını məhz enerji daşıyıcıları təşkil edir. Yəni, İran Ermənistanla təmaslarını sıxlaşdırmaqla xristian dünyasının mövqeyinin bu və ya digər dərəcədə yumşalmasına nail olmağa da ümid edə bilər. Lakin nəzərə almaq lazımdır ki, səmərəli əməkdaşlıq üçün nə İranın, nə də Ermənistanın yetərincə potensialı yoxdur. Daha sıx əməkdaşlıq etdikləri enerji sektorunda birgə layihələrin həyata keçirilməsi olduqca ləng gedir. Bildiyimiz kimi, bir neçə il öncə İran qazının Ermənistan üzərindən Avropaya və Gürcüstana nəql olunması məsələsi müzakirə olunub. Lakin hər hansı real addımın atılması müşahidə olunmadı. Bunun bir sıra ciddi səbəbləri vardır.
Birincisi, İranın malik olduğu hazırkı texnologiyalar iri həcmdə qaz hasilatına imkan vermir. Ermənistanın isə, İran qazını üçüncü bir ölkəyə ötürmək üçün infrastrukturu və belə bir infrastrukturun yaradılması üçün maliyyə imkanları mövcud deyil. Bundan başqa, nəzərə almaq lazımdır ki, Gürcüstan ABŞ-la münasibətlərini qorumaq xatirinə İranla enerji sahəsində əməkdaşlığa getməyəcək. Bildiyimiz kimi, N. Paşinyanın İrana səfəri zamanı İran tərəfi Ermənistana ixrac etdiyi qazın həcmini artırmağa hazır olduğunu bildirdi. Lakin Ermənistanın bunun qarşılığını nə ilə verəcəyi sual doğurur. Təxmini oxşar vəziyyət İranla Ermənistan arasında nəqliyyat sahəsində əməkdaşlıqda özünü büruzə verir. Belə ki, Fars körfəsi-Qara dəniz nəqliyyat dəhlizinin yaradılması istiqamətində müzakirələrin uzun illərdən bəri davam etməsinə baxmayaraq, layihənin gerçəkləşdirilməsi istiqamətində nəzərəçarpacaq addım atılmayıb. Təbii ki, Ermənistan iqtisadiyyatı belə layihəni həyata keçirməyə imkan vermir. Layihənin həyata keçirilməsi üçün Asiya bankından alınmış krediti isə qaytarmaq Ermənistana heç də rahat olmayacaq. Nəzərdən keçirdiyimiz bu məqamlar ümumilikdə Ermənistan-İran münasibətlərinin xarakterini açmağa imkan verir. Yəni, siyasi konyukturaya hesablanmış münasibətlər qarşılıqlı faydalı əməkdaşlığı şərtləndirə bilmir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB