Ölkəmizdə kino, teatr, musiqi, tətbiqi sənət, tarixi abidələrin qorunması və bərpası ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə həyata keçirilən layihələr bu sahəyə dövlətimiz tərəfindən böyük dəstək verildiyini bir daha təsdiqləyir. Mədəniyyətin tərəqqisinə dövlətimizin himayəsi son illər həyata keçirilən genişmiqyaslı layihələrdə öz əksini tapmışdır. Dünyanın heç bir ölkəsində mədəniyyət və incəsənət xadimlərinə Azərbaycandakı qədər diqqət və qayğı göstərilmir. Azərbaycan Prezidenti İlham Əliyevin və Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü bu sahəyə ayrılan diqqətin daha bir təəzahürüdür. Cənab Prezident iş qrafikininin gərgin olmasına baxmayaraq, mədəniyyət xadimləri ilə görüşərək, onların qaldırdıqları məsələləri, irəli sürdükləri təklifləri dinləyib. Görüşdə iştirak edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə ilə əlaqə saxlayaraq, onun fikirlərini öyrəndik. O, bu görüşdən böyük təəssüratlarla ayrıldığını bildirərək, görüşün böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırdı: "Əlbəttə, təəssüratlarım çox zəngindir. Təbii ki, dövlət başçısı ilə üz-üz olan bu görüş məndə böyük məmnunluq hissi yaratmış oldu. Son zamanlar dövlətimizin başçısının cəmiyyətin ən müxtəlif təbəqələri ilə səmimi görüşləri hər kəsdə məmnunluq yaradır. Bu xalq-iqtidar birliyinin təcəssümüdür. Bizi təmkinlə dinləyən Cənab Prezidentin sonda xronolji ardıcıllıqla vacib məsələlərin həlli ilə bağlı tapşırıqlar verməsi, bu diqqət və qayğının daha bir əyani göstəricisi idi. Mən deyərdim ki, bəzi məmurlarımız bundan ibrət götürməlidirlər. Heç kəsin sözünü kəsmədən, iş qrafikinin sıx olmasına baxmayaraq, təmkinlə bizi dinlədi. Cənab Prezident bildirdi ki, belə səmimi və açıq söhbət bir çox məsələlərin həlli üçün gözəl imkanlar yaradır: "Mən təklif edirəm, belə görüşlər bu və ya digər formatda, müntəzəm olaraq, keçirilsin ki, bizim bu sahədə görəcəyimiz işlər daha düzgün aparılsın, daha sistemli xarakter alsın, bu gün bizim yaradıcı ictimaiyyətimizi narahat edən problemlərin hamısı həll olunsun". Təbii ki, Prezidentimiz tərəfindən söylənilən bu fikirlər bizi daha da ruhladırmış oldu".
Prezident İlham Əliyev mədəniyyət və incəsənət xadimlərinin qayğılarını, problemlərini hər zaman diqqətdə saxlayır. Dövlətimizin başçısı onlara mükafatların verilməsi, yubileylərinin keçirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində, mütəmadi olaraq, sərəncamlar imzalayır. Prezident İlham Əliyevin və Birinci Xanım Mehriban Əliyevanın mədəniyyət xadimləri ilə bu görüşündə, bütövlükdə, incəsənətimizin və ədəbiyyatımızın ayrı-ayrı problemləri, eləcə də, müəyyən sənətkarlar və tarixi şəxsiyyətlərlə bağlı məsələlər diqqətə çəkilib. "Bu görüşdə önəmli məsələlər qaldırıldı, təkliflər irəli sürüldü", - deyən Firəngiz xanım dövlət başçısının təklifləri dinləyərək, vacib məsələlərin həlli ilə bağlı tapşırıqlar verdiyini vurğuladı: "Demək olar ki, Prezident İlham Əliyev mövcud olan problemləri yerindəcə həll etdi. Biz sevinirik ki, bizim belə Prezidentimiz var. Cənab Prezident bu görüşün daha geniş formatda olduğunu bildirərək, buna ehtiyac olduğunu da diqqətə çatdırdı: "Çünki ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyur, bütün sahələrdə çox ciddi islahatlar aparılır. İslahatların yeni mərhələsinin anonsu keçən il prezident seçkilərindən sonra verilmişdir. Ciddi islahatların hazırlanması üçün keçən ilin ikinci yarısında çox fəal iş aparılırdı və bu ilin əvvəlindən genişmiqyaslı islahatlara start verildi. Bu islahatlar bütün sahələri əhatə edəcək. Buna ehtiyac var".
Bildiyiniz kimi, Azərbaycan Bəstəkarlar İttifaqının 2009-cu ildə unudulmaz açılışı oldu. Cənab Prezidentin və Onun ailəsinin çox böyük diqqəti, dəstəyi ilə bu mərasim həyata keçirildi. Uzun illərdən sonra Bəstəkarlar İttifaqı, nəhayət, öz evinə qayıtdı. Artıq 10 ildir ki, bəstəkarlarımız və musiqişünaslarımız təqaüd alırlar. Bu da 85 illik tariximizdə ilk dəfə olan bir hadisədir, az məbləğ də deyil. 30 nəfər yaşlı, 10 nəfər isə gənc Prezident Təqaüdü alırlar".
F.Əlizadə Cənab Prezidentə bəstəkarlarımıza verilən fəxri adlara, evlərə görə minnətdarlığını da bildirib. Mövcud olan problemlər ətrafında Prezidentə məlumat verib. "Demək olar ki, qeyd olunan məsələlər yerindəcə həllini tapdı", - deyən Bəstəkarlar İttifaqının sədri artıq nəticələri gördüklərini də söylədi. Qaldırılan vacib məsələlərin həlli ilə bağlı tapşırıqlarını verən dövlət başçısı görüşün yekununda çıxışda bildirdi ki, bugünkü görüş, bir daha onu göstərir ki, bunun çox böyük faydası var: "Çünki burada qaldırılan məsələlər, doğrudan da, vacibdir və hesab edirəm ki, bu məsələlərin həlli bir çox mətləblərə aydınlıq gətirə bilər. Mən artıq mədəniyyət nazirinə göstəriş vermişəm, eyni zamanda, Prezident Administrasiyasına da göstəriş verirəm ki, burada səslənən bütün təkliflər təhlil olunsun, bir proqram halına salınsın və biz bu məsələləri, ardıcıl olaraq, həll edə bilək".
Bəstəkarlar İttifaqı tərəfindən qaldırılmış təkliflər də Prezident tərəfindən diqqətdə olub. Mənim irəli sürdüyüm bəstəkar Yaşar İmanovun mənzil probleminin həlli ilə bağlı məsələni də Cənab Prezident həmin gün Bakı Şəhər İcra Hakimiyyətinə göstəriş veriləcəyini vurğulayıb. "Əgər mən bunu əvvəldən bilsəydim, çoxdan bu məsələ həll olunardı" – deyən Prezident son illər ərzində yüzlərlə görkəmli mədəniyyət xadiminin dövlət tərəfindən mənzillərlə təmin olunduğunu diqqətə çatdırdıb. Əlbəttə ki, bu münasibət bizi daha da ruhlandırdı. Mən də bəstəkarlarımızın və musiqişünaslarımızın dərin minnətdarlığını Cənab Prezidentə bir daha bildirmək istərdim".
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB