Dövlət başçısı Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında Sərəncam imzalayıb

Ermənistanın Azərbaycana qarşı işğalçılıq və soyqırımı siyasətinin tərkib hissəsi olan, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə, kobudcasına pozulması ilə nəticələnən Xocalı soyqırımından artıq 27 il ötür. Azərbaycan Prezidenti İlham Əliyev "Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Xocalı soyqırımının iyirmi yeddinci ildönümü ilə bağlı tədbirlər planını hazırlayıb, onun həyata keçirilməsini təmin edəcək.
Xocalı soyqırımı erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun müddət davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir. Beynəlxalq hüquqa əsasən, genosid ən ağır cinayətlərdəndir. Genosidin hüquqi əsası bir sıra sənədlərdə öz əksini tapmışdır. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli qətnaməsində qeyd olunur ki, genosid insan qruplarının yaşamaq hüququnu pozmaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dəyərlərdən məhrum edir. Xocalıda törədilən əməllər BMT-nin məqsəd və vəzifələrinə, ümumbəşəri dəyərlərə tamamilə ziddir. BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, Avropa Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının və eləcə də, digər beynəlxalq qurumların qərarlarına baxmayaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normalarına uyğun, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini bu günədək tapmayıb.
Azərbaycanlılara qarşı yürüdülən soyqırımı siyasətinin tarixi əsrləri əhatə edir. Artıq dərk edirik ki, ermənilər tarixən təkcə bizlərə qarşı deyil, bütün türk dünyasına qarşı torpaq iddiaları ilə çıxış edib və indi də etməkdədirlər. Belə ki, tarixi reallıqlar, bizə deməyə əsas verir ki, 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə Cənubi Qafqazdakı tarixi ərazilərində etnik təmizlənmə və soyqırımı siyasətinə məruz qalan yüz minlərlə Azərbaycan türkləri, erməni daşnakları tərəfindən kütləvi surətdə qətlə yetirilmiş, ata-baba yurdlarından deportasiya edilmişlər.
"XX ƏSRİN SONUNDA BÜTÜN DÜNYANIN GÖZÜ QARŞISINDA TÖRƏDİLMİŞ, QƏDDARLIĞI VƏ AMANSIZLIĞI İLƏ FƏRQLƏNƏN XOCALI SOYQIRIMI ERMƏNİ MİLLƏTÇİLƏRİNİN TƏCAVÜZKAR SİYASƏTİNİN ƏN QANLI SƏHİFƏSİ OLMUŞDUR"

Ötən əsrin ən böyük faciələrindən biri kimi tariximizdə iz salan Xocalı soyqırımı XX yüzillikdə insanlığa qarşı törədilən ən amansız faciələrdən sayılır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən Xocalı soyqırımı xalqımızın növbəti faciəsini yaşadığı bir tarixdir. Soydaşlarımızın xüsusi amansızlıqla qətlə yetirildiyi o qış gecəsinin dəhşətli anları hər bir azərbaycanlının qan yaddaşına elə çökmüşdür ki, bu hadisələri kiminsə unutmağına inanmaq qeyri-mümkündür. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, XX əsrin sonunda bütün dünyanın gözü qarşısında törədilmiş, qəddarlığı və amansızlığı ilə fərqlənən Xocalı soyqırımı erməni millətçilərinin təcavüzkar siyasətinin ən qanlı səhifəsi olmuşdur.
Xocalı soyqırımı təkcə bizlərin deyil, bütün bəşəriyyətin faciəsidir. Xocalı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyət Ümummilli Lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra başlanmışdır. Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilmiş, fevralın 26-sı "Xocalı soyqırımı günü" elan edilmişdir. Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmış "Xocalıya ədalət" beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da fəallaşdırmışdır. Faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində aparılan işlər sayəsində geniş beynəlxalq ictimaiyyətə çatdırılmış, planetin bütün guşələrində milyonlarla insan erməni millətçilərinin əsl simasına bələd olmuşdur.
XOCALIDA TERROR ƏMƏLİYYATININ PLANI ƏVVƏLCƏDƏN HAZIRLANMIŞDI

Xatırladıq ki, 7 min əhalisi olan Xocalı erməni terrorçu qrupları keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasının tərkibində olan 366-cı alıyının köməyi ilə müxtəlif növ silahlardan atəşə tutularaq, yerlə yeksan edilmişdir. Qəddarcasına həyata keçirilmiş terror əməliyyatı nəticəsində, 613 nəfər şəhid olmuş, onlardan 56-cı xüsusi qəddarlıqla qətlə yetirilmiş, 487 nəfər ağır yaralanmış 1430 nəfər əsir götürülərək amansız işgəncələrə məruz qalmış, onların 135 nəfərinin taleyi hələ də məlum deyildir. Şəhid olanların 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri isə qocalar olmuşdur. 8 ailə tamamilə məhv edilmiş, 27 ailənin hərəsindən yalnız bir nəfər sağ qalmışdır. Soyqırımı aktı zamanı öz torpaqlarını tərk etməyə məcbur olan Xocalı sakinləri hazırda ölkəmizin 40 rayonunda məskunlaşmışlar.
Xocalıda terror əməliyyatının planı əvvəlcədən hazırlanmışdı. Xocalıda erməni terrorizminin amansızlığını təsdiq edən faktlardan biri də odur ki, terror əməliyyatı zamanı istifadəsi qadağan olun xüsusi təhlükəli kütləvi qırğın silahlarından geniş istifadə olunmasıdır. Belə ki, vaxtilə Novosibirsk şəhərində "Suxoy" Hərbi-Sənaye Kompleksində baş konstruktor işləyən Mixail Poqosyan keçmiş SSRİ MN-in baş qərargahında ixtira etdiyi yeni mərmilərin radiusunu, hədəfdəymə məqamlarını sınaqdan çıxarmaq üçün ən gözəl coğrafi cəhətdən dəyərli yer-məkan Azərbaycanın qərb zonasını təklif etmiş və Xocalı seçilmişdir.
Xocalı soyqırımını törətməklə Ermənistan Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirib. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hüdudlarından kənara çıxaraq Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını işğal edib. Bunun nəticəsində, 20 min soydaşımızın həyatına son qoyulmuş, 50 mindən çox insan yaralanmış və əlil olmuş, torpaqlarımızın 20 faizi işğala məruz qalmışdır.
FACİƏNİ QƏTLİAM KİMİ TANIYAN ABŞ-IN BİR ÇOX ŞTATLARI QƏTNAMƏ QƏBUL EDİBLƏR
Bu gün dünya ictimaiyyətinə Azərbaycan həqiqətləri geniş şəkildə çatdırılır. Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də, bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində, davamlı olaraq, addımlar atılır. Aparılan bu uğurlu siyasətin nəticəsidir ki, dünya ölkələrinin bir qismi tərəfindən Xocalı soyqırımının rəsmən tanınması barədə qərar qəbul edilib. Faciəni qətliam kimi tanıyan ABŞ ştatları - Texas ştatı, Nyu-Cersi ştatı, Corciya ştatı, Men ştatı, Nyu-Meksiko ştatı, Arkanzas ştatı, Missisipi ştatı, Oklahoma ştatı və başqa ştatları qətnamə qəbul ediblər.
Xocalı soyqırımı təkcə Azərbaycanın deyil, bütün dünyanın və bəşərin faciəsidir. Ermənistan münaqişə ilə bağlı qəbul edilmiş beynəlxalq sənədlərin müddəalarını yerinə yetirməli, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Dinc insanları məhv edən cinayətkarlar tezliklə ədalət məhkəməsi qarşısında cavab verməli və layiqli cəzalarını almalıdırlar. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, Xocalı soyqırımını həyata keçirənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək, layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmayacaqdır.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB